RU

"Ferensvaroş"un baş məşqçisi: "Bizi son dərəcə vacib oyun gözləyir"

"İstifadə edə bilmədiyimiz imkanlar bizə baha başa gəldi. İlk 15 dəqiqədə 3:0 öndə ola bilərdik, fürsətləri dəyərləndirmədik. Sonra rəqib hesabı açdı, amma oyuna qayıtmağı bacardıq. Hücumda da, müdafiədə də daha yaxşı oynamalıyıq”. 

Operativ Media xəbər verir ki, bu sözləri “Ferensvaroş”un baş məşqçisi Robbi Kin (Robbie Keane) deyib. Budapeşt təmsilçisi dünən Macarıstan çempionatının 4-cü turunda evdə “Akademiya Puşkaş” komandasına 1:2 hesabı ilə uduzub və liderliyi əldən verib.

Avqustun 19-da “Ferensvaroş” Budapeştdə “Qarabağ”la UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matça çıxacaq.

Robbi Kin dünənki qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında komandasının ikinci hissədə niyə zəiflədiyini başa düşmədiyini söyləyib.

Macarıstan mediasının yazdığına görə, baş məşqçi Robbi Kin bu matçda heyətdə köklü dəyişiklik edib. O, bu həftə "Ludoqorets"lə Çempionlar Liqasının cavab matçında əsas heyətə daxil etdiyi 10 oyunçuya istirahət verib və onları ilk 11-liyə salmayıb. Buna səbəb "Qarabağ"la qarşıdakı oyundur.

“Niyə ikinci hissədə gerilədiyimizi bilmirəm. İlk 45 dəqiqədə yaxşı oynadıq, imkanlar yaratdıq. Oyuna görə məğlubiyyətə layiq deyildik, amma uduzduq” - deyə irlandiyalı mütəxəssis deyib.

Robbi Kin “Qarabağ”la qarşıdan gələn matça da toxunub: “İndi başımızı aşağı salıb yolumuza davam etməliyik. Sabahdan etibarən çərşənbə axşamkı oyuna (“Qarabağ”la görüş - red.) hazır olmalıyıq. Azarkeşlər yenə çox yaxşı idilər, həmişəki kimi. Yeni oyunçulara şans verdik, bir çoxları isə çərşənbə axşamı üçün dincəldi, hamı həmin oyuna hazır olacaq. Çərşənbə axşamı bizi son dərəcə vacib oyun gözləyir”.

Избранный
51
18
operativmedia.az

10Источники