RU

Bu dövlətlərin ərazisi azalacaq: bəziləri yox olacaq – Dünya xəritəsi dəyişir

  Dünyada su böhranı getdikcə dərinləşir. Belə ki, İngiltərədə su anbarlarının sürətlə boşalması səbəbindən artıq həyəcan təbili çalınır. Bir qədər əvvəl Xəzər dənizinin də müəyyən hissələrdə 2 kilometr geri çəkilməsi xəbəri regionumuzda da vəziyyətin riskli həddə olduğunu göstərir.

Proses bizi hara aparır? Susuz dünyada hansı rejimdə yaşayacağıq?

Referans xəbər verir ki,  Globalinfo.az-a danışan coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov bildirib ki, iqlim dəyişiklikləri fonunda dünya ölkələrində su ehtiyatlarının azalması, su ilə bağlı təbii fəlakətlərin artması və ekstremal vəziyyətlərin yaranması artıq gözlənilən haldır.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə təhlükəli hadisələr daha çox müşahidə olunur:

“Məsələn, Hind okeanında yerləşən ada dövlətləri üçün okean səviyyəsinin qalxması ciddi təhdid yaradır. Gələcək onilliklərdə okean səviyyəsinin yüksəlməsi bu ölkələrin ərazilərinin azalmasına və bəzi ölkələrin tamamilə su altında qalaraq yox olmasına səbəb ola bilər. Bu isə böyük miqrasiya dalğaları, su ilə bağlı digər ekstremal hadisələr və daxili su hövzələrinin qurumasına gətirib çıxaracaq”.

Mütəxəssis əlavə edib ki, dünyanın müxtəlif regionlarında daxili göllər sürətlə quruyur:

 
“Afrikada Çad gölü, Avstraliyada Erqönü gölü buna nümunədir. Eyni zamanda, Aral və Urmiya gölləri tamamilə quruyub. İndi isə oxşar ssenari Xəzər dənizində müşahidə olunur. Çünki onun səviyyəsi iki metrə qədər azalıb. Xəzərin sahəsi böyük olsa da, səviyyənin daha da aşağı düşməsi mümkündür”.

Rövşən Abbasov su ilə bağlı ən çox rast gəlinən ekstremal hadisələrin quraqlıq və daşqınlar olduğunu vurğulayıb:

“Quraqlıq fermerləri susuz qoyur, əhalinin içməli suya çıxışını məhdudlaşdırır. Bu isə dünyada ərzaq böhranına səbəb olur və təsirləri xüsusilə kiçik fermerlərdə daha qabarıq görünür. Azərbaycanda da bu problemlərin təsiri hiss olunur”.

Ekspertin sözlərinə görə, belə bir vəziyyətdə çıxış yolu iqlim dəyişikliklərinə uyğunlaşmanı artırır:

“Azərbaycanın Milli Adaptasiya Proqramında bu istiqamətdə geniş planlar və tədbirlər mövcuddur. Proqram su ehtiyatlarının qorunması, sudan qənaətlə istifadə, ekstremal hadisələrə qarşı sığortalanma, fermerlərin maarifləndirilməsi və quraqlığa davamlı bitkilərin əkilməsi kimi məsələləri əhatə edir”  

Избранный
46
9
referans.az

10Источники