Dünyamızın özü kimi rəngləri də bənzərsizdir. Bu rənglərə nə qədər diqqətlə baxsan da, bir-birlərinə oxşamırlar. Biri o birindən gözəl, o biri bu birindən gözəldir. Bir-ikisi də var ki, onlar daha çox göz oxşayır. Yəqin elə buna görə də görənlər tərəfindən elə ilk andaca sevilirlər, onlardan gözlərini çəkməyib duyğulanırlar.
Heç bilmirsən ki, gözəlliyi, bənzərsizliyi ilə diqqət çəkən rənglərin içindən hansını seçəsən, hansına üstünlük verəsən, hansına könül bağlayasan. Ruhuna dinclik ələyən rənglərdən hansının qoluna girib yola çıxasan. Rənglər dünyasına daxil olub bütün rəngləri sevdikcə sevəsən.
Rənglərin də öz söz dünyası, göz dünyası var. Ətrafında dayanıb maraqla rənglərə baxırsan, sanki bu şirin baxışınla onları həzin-həzin oxşayırsan. Elə bil baxdıqca onların səsini də eşidirsən, nəfəsini də duyursan. Deyəsən rənglər hərdən gah bizimlə, gah da öz aralarında danışırlar. Danışdıqca da yavaş-yavaş bir-birlərinə alışırlar. Sanki həvəsə gəlib bir-biri ilə yarışırlar. Bəzən də doğmalaşıb, mehribanlaşıb bir-birlərinə sarılırlar.
Gəlin baxaq görək rənglər öz dünyalarında nəyə oxşayırlar, nəyə bənzəyirlər. Başlayaq çoxumuzun sevdiyi, xoşbəxtlik rəmzi sayılan ağ rəngdən. Ağ rəng gözəl bir ahəng, qara rəng hamıyla həmahəng, qırmızı rəng gözəl bir çələng, yaşıl rəng hamısından qəşəng, göy rəng xoş bir dilək, sarı rəng yumşaq bir ipək, çəhrayı rəng dil açıb deyir: gəl şəklimi çək, boz rəng bir ruzigar, bənövşəyi rəng sevimli, təravətli gözəl bir çiçək...
Əgər dünyamızdakı rənglərin hamısı eyni olsaydı, yəqin ki, bu qədər gözəl, bənzərsiz görünməzdi. İnsanlar onlara baxıb bu qədər sevinməzdi, əhvali-ruhiyyəsi yüksəlməzdi. Nə yaxşı ki dünyamızın rəngləri fərqlidir, bənzərsizdir, sərhədsizdir, ümmansızdır.
Dünyamızın rənglərini çox sevdiyimizə görə bəzən gecələr gördüyümüz yuxular da rəngli olur. Sanki dünyamızın bütün rəngləri axşamlar bulaq suyu kimi axıb yuxumuza süzülür. Onda yuxularımız da rənglərə bürünür. Belə anlarda sanki yuxularımız daha rəngarəng görünür.
Dünyamız rənglərini fəsillərə uyğunlaşdırır, seçir, seçilir. Qışda ağappaq olur, yazda yaşıl, yayda çəhrayı, payızda isə sarı. Fəsillər dəyişdikcə rənglərini dəyişən dünyamız da yenilənir, güclənir.
Rənglər bir yerə yığılanda bənzərsiz bir çələng yaranır. Sanki bu anlarda dünyamızın gözəl rəngə bürünmüş saçı asta-asta daranır. Bir-birinə bənzəməyən rəngləri gördükcə qəlbimizdə də elə rənglər kimi bənzərsiz fikirlər oyanır. Dünyamız bütün gözəlliyi ilə gəlib qarşımızda dayanır. Bu anlarda arzularımız, duyğularımız özünü sanki bəxtəvər sanır. Gözlərimiz, sözlərimiz sevinə-sevinə rəngdən- rəngə boyanır, fərəhlə, ürəklə Günəşə, Aya, ulduzlara boylanır.
Ruhumuza qida verən, duyğularımıza sığal çəkən, fikir və düşüncələrimizə işıq saçan, üzümüzə nur çiləyən rənglər rəssamların fırçasında birləşəndə möcüzələr yaradır, baxanlarda heyranlıq doğurur. Rəssamlar anamız təbiətin bir-birinə bənzəməyən mənzərələrini kətan üzərinə köçürür. Çəkdiyi gözəl mənzərələri muzeylərə qoyub gələcək nəsillərə ötürür.
Zövqümüzü oxşayan rənglər dünyasında hər kəsin özünün sevdiyi, seçdiyi, bəyəndiyi rəng var. Bu rənglər daim onun ruhunu oxşayır, qəlbini duyğulandırır. Bəzən ürəyindəki kədəri, qəmi çıxarıb sevincə, fərəhə, xoşbəxtliyə qovuşdurur.
Qoy dünyamızın rəngləri həmişə təravətli, yaraşıqlı olsın, hələ bir az da çoxalsın. Nə solsun, nə də saralsın, yaşadıqca yaşasın. Yeni rənglər, bu rənglərə uyğun ahənglər dünyamızı daha da yaraşıqlı etsin, ovqatımıza ovqat qatsın. Rəssamlar da ilhama gəlib bu rənglərdən möcüzələrlə dolu mənzərələr yaratsın.
Yaradıcı düşüncələrimiz dünyamızın bənzərsiz rənglərindən güc alıb həmişə uğurlara, zəfərlərə yol açsın.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"