Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Böyük şair, istiqlal yolunun mənəvi bayraqdarı Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə oxuculara dəyərli bir kitab təqdim olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi, tanınmış tədqiqatçı ziyalı Həbibulla Şirin oğlu Manaflı “İstiqlal idealına tapınan böyük şair” adlı əsəri ilə müəllifin böyük sənətkara səmimi ehtiramını ifadə etməklə yanaşı istiqlal məfkurəsinə bağlı insanlara və ədibin irsinə dəyərli töhfə olub.
Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında çap olunan bu kitabın layihə rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyev, redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru Vüsal Baxışov, rəyçiləri isə Vaqif Aslan, Fikrət Əsgərov və Lətifə Məmmədovadır. Əsər “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görüb.
Həbibulla Manaflı – pedaqoq, ziyalı, Vətən sevdalısı
Uzun illərdir gənclərə ədəbiyyatı sevdirən, tələbələrinin yaradıcılıq potensialını üzə çıxarmağa çalışan Həbibulla Manaflı həm də milli-mənəvi dəyərlərin yorulmaz təbliğatçısıdır. Onun səmimiyyəti, tələbkarlığı və elmi araşdırmalara sevgisi həm tələbələrinin, həm də həmkarlarının böyük rəğbətini qazanıb.
Həbibulla Manaflı Bəxtiyar Vahabzadəni yaxından tanıyan, ədibin istiqlal məfkurəsinə bağlı olan, Vətənə və millətə sarsılmaz sevgisi ilə yaşayan bir ziyalıdır. Onun qələmindən çıxan hər sətirdə böyük şairin azadlıq ruhu və müəllifin şəxsi ehtiramı duyulur.
Müəllif yazır ki, fəlsəfənin əsas vəzifəsi həqiqəti üzə çıxarmaqdır. Bu baxımdan Bəxtiyar Vahabzadənin yaradıcılığı bütövlükdə həqiqət axtarışına həsr olunmuş bir ömür kimi görünür:
“Fəlsəfənin əsas funksiyası həqiqəti arayıb aşkara çıxarmaqdan ibarətdir. Böyük şairimiz Bəxtiyar Vahabzadə fəlsəfi təfəkkürə, fəlsəfi dünyagörüşə malik olduğundan tarixi hadisələrə və ictimai fikrin müxtəlif təzahür hallarına daim həqiqət prizmasından yanaşıb.”
Vahabzadə yalnız şair deyildi — o, sözün və düşüncənin gücü ilə insanları ayıldan, onlara dirəniş və azadlıq ruhu verən bir mütəfəkkir idi:
“Bəxtiyar Vahabzadə həyata bu dünyanın dərdlərini daşımağa, bu dünyada olmayanları yaratmağa gələn bənzərsiz bir insan olub. Məhz qələmə aldığı əsərlərlə gözlərə bəsirət, ürəklərə təpər verməyə qabil olan belə söz ustalarının apardığı zəka mücadiləsi sayəsində insan toplumu kütlə halından xalq səviyyəsinə yüksəlir.”
Müəllifin fikrincə, Vahabzadənin əsərlərində istiqlal ideyası yalnız poetik bir mövzu deyil, milli varlığın qorunması üçün yaşamsal bir çağırışdır:
“İstiqlaldan məhrum olan xalq maddi və mənəvi sərvətləri üzərində sərəncam vermək hüququnu itirir... Beləliklə, xalqın əriyərək yox olması prosesi başlayır. Hansı qiyafəyə girməsindən asılı olmayaraq müstəmləkə üsul idarəsi istənilən xalqın əriyib getməsində assimilyator funksiyasını yerinə yetirir.”
“Bu kitab mənim üçün yalnız elmi araşdırma deyil, həm də istiqlal məfkurəsinin bayraqdarlarının ruhu qarşısında vəfa borcumdur.”, -deyən Həbibulla müəllimin özünün də vurğuladığı kimi bu kitab müəllif üçün yalnız elmi araşdırma deyil, həm də mənəvi bir öhdəlikdir.
“İstiqlal idealına tapınan böyük şair” müəllimlər, tələbələr, ədəbiyyatsevərlər üçün həm dəyərli bir mənbə, həm istiqlal ruhuna bir çağırış, azadlıq eşqi ilə yazılmış bir monoqrafiyadır.
Kitabın təqdimatı yaxın günlərdə keçiriləcək.
Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru