RU

Putin-Tramp görüşündə "Ukrayna uğursuzluğunun" böyük səbəbi...


Əli Orucov: "Uğurlu yol Moskvanı sıxışdırmaq və onu nəticəli sülhə məcbur etməkdir"

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ və Rusiya prezidentləri arasında ilk görüş avqustun 15-də Alyaskada baş tutub. Donald Tramp və Vladimir Putin Ankoricdəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında danışıqlar aparıblar.

Prezidentlər eyni vaxtda təyyarələrindən enib, əl sıxışdıqdan sonra eyni maşında hava limanını tərk ediblər.

Donald Tramp və Vladimir Putin arasında görüş “üçə üç” formatında baş tutub: danışıqlarda Amerika tərəfdən prezidentlə yanaşı, dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff, Rusiya tərəfdən isə xarici işlər naziri Sergey Lavrov və Putinin köməkçisi Yuri Uşakov iştirak ediblər.

ABŞ prezidenti Ukraynada müharibənin dayandırılması ilə bağlı “sazişin” hələ əldə olunmadığına deyib.

Tramp və Putin birgə mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırmayıb.

Qısa desək, prezidentlərin Alyaska görüşü nəticəsiz başa çatıb. Trampla Putin nəyə görə razılaşa bilmədi, ümumiyyətlə, belə bir razılaşma gözlənilirdimi?

Baki-xeber.com saytına açıqlamasında politoloq Əli Orucov bildirdi ki, Trampla Putin arasında Alyaska ştatında keçirilən görüşdən müsbət nəticə onsuz da gözlənilmirdi: "ABŞ prezidenti özü də görüşdən qabaq bunu etiraf etmişdi. Ancaq bu görüş formal da olsa hər iki liderə lazım idi. Tramp imicini bərpa etməli və sülh uğrunda çalışdığını, Rusiya ilə dil tapa biləcəyini beynəlxalq ictimaiyyətə göstərdi. Putin isə danışıqlara meylli olduğunun gösərişini etdi".

Ekspert onu da qeyd etdi ki, Rusiya prezidentinin məqsədlərindən biri də ABŞ-la Qərb arasında fikir ayrılıqlarını dərinləşdirmək, həmçinin Zelenskiyə Ağ Ev rəhbərinin təzyiqlərinə nail olmaq idi: "Doğrudur, bu görüşdə daha çox qazanan Putin oldu. İlkin olaraq Birləşmiş Ştatlar növbəti sanksiyalarını təxirə saldı. Növbəti mərhələdə isə Ukraynaya Trampın basqılarını görəcəyik. Qərblə Vaşinqton arasında ziddiyyətlər bir qədər də artacaq. Kiyevin mövqeyi aydındır, ərazilərini güzəştə getməyəcək. Putin görüşdən sonra qısa da olsa fikrini konkret ifadə etdi, müharibənin başlanmasına səbəb olan hallar olmamalıdır. Bu hallar da Ukraynanın 20 faiz ərazisindən, o cümlədən Krimdan imtina etməli, silahsızlaşdırılmalı, rus dili və rus kilsəsi üstün mövqedə olsun... Bütün bu şərtlər Ukraynanın Rusiyanın vassalı olması deməkdir. Tramp üçün elə də fərqi yoxdur, Ukraynanın gələcək taleyi necə bitəcək. O istədiyini alıb, ticari anlaşmaya imza atdırıb. Onun üçün indi başlıca məqsəd Rusiya ilə əlverişli sövdələşməyə getməkdir ki, bunu edə bilmir. Hesab edirəm Trampın Rusiya ilə bağlı yürütdüyü siyasət Qərbin təhlükəsizlik arxitekturasına, eyni zamanda postsovet ölkələrinin müstəqilliklərinə və suverenliklərinə ciddi təhdidlər üçün əlverişli imkanlar yaradır. Göründüyü kimi onsuz da Ukraynada sülhü Kiyevsiz və Bürüsselsiz əldə etmək mümkün deyil. Tramplin bütün cəhdləri bu baxımdan çətin ki, yaxın perspektivdə uğur qazansın. Uğurlu yol Moskvanı sıxışdırmaq və onu nəticəli sülhə məcbur etməkdir.

Əslində, nəticə tamamilə sıfır deyil. Görüşün özü diplomatiyanın yenidən işə düşməsi və Vaşinqton-Moskva kanalının açıq qalması baxımından vacibdir. Amma Ukrayna üzrə saziş və ya atəşkəs gözləmək hələ tezdir.

Tramp və Putin Ukrayna məsələsində zidd mövqelərdən çıxış etdikləri üçün ortaq razılaşmaya gələ bilmədilər. Görüş daha çox tərəflərin dialoq imkanlarını yoxlaması və dünyaya mesaj verməsi xarakteri daşıyırdı".

Akif NƏSİRLİ

Избранный
90
50
baki-xeber.com

10Источники