RU

Astara təndiri dünya rekordlar kitabında

Dünyanın ən böyük təndiri Azərbaycanın cənub qapısı sayılan Astara şəhərindədir.  Xəzər dənizinin sahilində, park-bulvar kompleksinin ərazisində qərar tutan bu bərəkət təknəsi  2015-ci ildə inşa edilib. 

Hündürlüyü 6,5, eni 12 metr olan təndirin tikintisində kərpic və daş əvəzinə əsasən yüngül metal konstruksiyalardan istifadə edilib. Dünyanın rekordlar kitabına düşən, içəri hissəsi üç bölmədən ibarət olan təndirdə indinin özündə yerli mətbəxin yeməkləri hazırlanır və çörək bişirilir.

Astarada təndir düzəltmək işi geniş yayılıb. Pensər kəndində bu peşə nəsildən-nəslə  ötürülür. Kənd sakinlərinin əksəriyyəti demək olar ki, təndir düzəltməyin ustasıdır və çox ailənin dolanışığı məhz bundan keçir. Həm də burada hazırlanan təndirlər nazik və yüngül olur, keyfiyyətinə görə seçilir, ən əsası az odunla tez qızır.

Pensər təndirləri artıq dünyanın çox yerində tanınır. Kənddə düzəldilən təndirlər  Rusiya, Türkiyə,  Gürcüstan, eləcə də Almaniya kimi ölkələrə göndərilir. Deyilənlərə görə, Rusiyanın müxtəlif şəhərlərinə bəzən bir ayda 10-15 təndir aparılır. Hətta Kamçatkada təndirlərə xüsusi maraq göstərilir. Çünki çörəkbişirmə sahəsində nə qədər yeniliklər olsa da, təndiri hələlik heç nə əvəz edə bilmir.

 Pensər kəndində ilboyu təndir kəsmək olur. Yayda 2, qışda bəzən 7 günə hazır olur. 2-3 saata yığılsa da, qurumağı bir qədər çəkir. Təndirin hazırlanmasına gəldikdə isə bundan ötrü  sarı gil və narın çay qumu qarışdırılıb yoğrulur.  Həmin qarışıqdan təndir düzəldilir. İlk olaraq təndir üçün 15-20 sm hündürlükdə, 90 sm enində özək  yaradılır.  3-4 saat müddətində, o, bir qədər  bərkiyir. Sonra təndirin  hazırlanma prosesi başlanır. Suyu tam çəkilsin deyə hazır təndir hava dəyməyən yerdə qoyulur. Tədricən quruyandan sonra  yandırılır. Təndirlərin çoxunun uzunluğu 85 sm, eni isə 1,2 metrə çatır və onlarda  birdəfəyə təxminən 30 çörək bişirilir. 

Təndirdə hazırlanan çörək, eləcə də balıq, toyuq ekoloji cəhətdən təmiz sayılır, yeyiləndə uzun müddət ləzzəti damaqda qalır. 

Zəfər ORUCOÜLU

Избранный
70
azerbaijan-news.az

1Источники