RU

Bir insan ömründə yüz insan ömrü yaşamağın sirri

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq, ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev fevralın 21-də "Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamda bildirilib: "Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir".

Dağda şəlalə kimi çağlamaq istəyi...

Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə dünyaya gəlib. Doqquz yaşı olanda - 1934-cü ildə ailəsi ilə Bakıya köçüb. Təhsilini burada davam etdirib. 1942-ci ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Univeristetinin (indiki Bakı Dövlət Univeristeti) filologiya fakültəsinə qəbul edilib. Universitetdə təhsil aldığı illərdə yazıçı, pedaqoq Mir Cəlal Paşayevin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən biri olub. 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeiri qəzetdə dərc edilib. Poeziya qəlbinə hakim kəsilən, yaradıcılıq eşqi çağlayan gənc şair 1945-ci ildə Azərbaycan Yazıçılar İttifaqına (indiki Azərbaycan Yazıçılar Birliyi) ittifaqın sədri Səməd Vurğunun zəmanəti ilə üzv olub. O vaxtlar hələ tələbə idi. 1947-ci ildə universiteti bitirib, aspiranturaya daxil olub. 

Böyük həvəslə əsərlər yazan gənc şairin ilk kitabı - "Mənim dostlarım" 1948-ci ildə çapdan çıxıb. 1950-ci ildə "Bahar", 1953-cü ildə "Dostluq nəğməsi", 1954-cü ildə "Əbədi həyat", "Çinar" və "Sadə adamlar", 1958-ci ildə "Aylı gecələr" kitabları işıq üzü görüb. 1962-ci ildə şairin "Etiraf" və "Şəbi-hicran", 1964-cü ildə "İnsan və zaman" adlı kitabları oxuculara təqdim olunub.

O illərdə arzuları ümman idi. Həyat ona yalnız sevinci ilə deyil, kədəri ilə də gözəl görünürdü. Bir cıdır düzü, bir döyüş meydanı hesab etdiyi bu həyatda hər kəsi öz cürəti, öz qüdrəti ilə tanıtdığına əmin idi. Bu meydanda daim eniş axtaranlardan, "az aşım, ağrımaz başım" - deyənlərdən, gündən qaçıb kölgə axtaranlardan olmayacaqdı. Dizin-dizin sürünüb yaşamaq deyil, ən uca zirvələrə qonmaq idi diləyi. Səyyah olub həyata seyirçi nəzərlə baxmaq yox, dağda şəlalə kimi çağlamaq, çöllərə lalə kimi səpilmək, dərya olub, nəhr olub, çalxanmaq, göylərdə ulduz kimi parlamaq istəyirdi. 

Bir rəngi yox, göylərin min rəngini sevirəm.

Bir gülü yox, güllərin çələngini sevirəm.

Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,

Həyatı həyat kimi yaşamaq istəyirəm,

- deyirdi şair Bəxtiyar Vahabzadə. O, yalnız qələmə aldığı şeirləri ilə yox, həm də azad ruhu, çərçivələrə sığmayan duyğuları ilə birlikdə şair idi.

Bəxtiyar Vahabzadə poeziyasında Vətən dərdi...

Onun üçün şairlik bu idi:

Şair - fikirlərin çırpınan seli,

Şair - həqiqətin müğənnisidir.

Şair - təbiətin danışan dili,

Şair - cəmiyyətin üsyan səsidir.

Şair - zəmanənin, əsrin vicdanı,

Şair - tarixlərin şərəfi, şanı.

Şair - bu dünyada zamanın sözü,

Şair - həqiqətin, haqqın güzgüsü!

Odur ki, Azərbaycan xaqını öz milli kimliyindən, soy-kökündən ayırmağa, keçmişini ya tamamilə unutdurmağa, ya da yanlış tanıtmağa çalışan sovet hökumətinin qadağalarına baxmayaraq, Vətəninin, xalqının dərdlərini dilə gətirirdi.

Bəxtiyar Vahabzadə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini, soydaşlarının azadlıq uğrunda mübarizəsini 1959-cu ildə "Gülüstan" poemasında qələmə aldı. Şair poemanı  Azərbaycanın birliyi və istiqlalı uğrunda çarpışan Səttarxan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin əziz xatirəsinə ithaf etdi. Əsərdə 1813-cü ildə Gülüstan kəndində Rusiya və İran arasında bağlanmış tarixin ən ədalətsiz müqaviləsindən bəhs edilir. "Gülüstan" adı ilə tarixə düşən həmin müqavilə Azərbaycan torpaqlarının ikiyə bölünməsi, qardaşın qardaşdan ayrı salınmasıyla nəticələndi. "Gülüstan" poemasında müəllif bu haqsızlığa, qanunsuzluğa, ədalətsizliyə qəzəbini, nifrətini  və kədərini ifadə etmişdi:

İpək yaylığıyla o, asta-asta

Silib eynəyini gözünə taxdi.

Əyilib yavaşca masanın üstə

Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,

Dodağı altından gülümsəyərək.

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı,

Ancaq dəmbədəm

Kəsdilər səsini Azərbaycanın. 

Həmin dövrdə "Gülüstan" poeması kimi bir əsərin yazılması böyük cəsarət, əsl hünər idi. Bilirdilər ki, Bəxtiyar Vahabzadə nə siyasi fəaliyyət göstərir, nə hansısa gizli təşkilatın üzvüdür. Şair xalqının faciəli tarixindən, ən böyük kədərindən söz açmışdı. Əsərin ruhu, təsir gücü sovet hökumətini xoflandırırdı. "Gülüstan" poeması qadağan edildi. Ancaq əsəri gizli şəkildə oxuyurdular. Müəllif isə hər an həbs olunacağını gözləyirdi. Sonralar özü də etiraf edib ki, hər axşam evinin qabağında maşın dayananda elə bilirmiş ki, onu aparmağa gəliblər.

Bəxtiyar Vahabzadə 1962-ci ildə də "Gülüstan" poemasına görə "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən uzaqlaşdırıldı. O, yalnız iki ildən sonra işinə bərpa olundu. Qarşılaşdığı çətinliklər, üzləşdiyi haqsızlıqlar onu amalından uzaqlaşdıra bilmədi.

"Nə güman eyləmisən ondakı tilsimləri sən?"

Hələ gənclik illərindən öz xalqının, vətəninin təəssübkeşi kimi çıxış edirdi. O, öz əsərlərində müstəqilliyi əlindən alınmış, sovet ittifaqına daxil edilmiş Azərbaycanın taleyindən, xalqımızın milli-mənəvi dəyələrinin qorunub saxlanmasının vacibliyindən söz açırdı. Həmin dövrdə çoxlarının doğma ana dilinə xor baxması, rus dilində danışmaları ilə fəxr etmələri, öyünmələri, övladlarını da həmin dildə  orta və ali məktəblərin rus bölmələrində oxutdurmaları, evlərində belə yalnız rus dilində danışmaları şairi hiddətləndirirdi. Ana dilinin saflığını qoruyanların, yaşadanların ön sırasında gedən Bəxtiyar Vahabzadə məşhur şeirlərindən birində - 1954-cü ildə qələmə aldığı "Ana dili" adlı şeirində yazırdı:

Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır, 

Bu dil - bir-birimizlə əhdi-peymanımızdır. 

Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi. 

Bu dil - əcdadımızın bizə qoyub getdiyi 

Ən qiymətli mirasdır, onu gözlərimiz tək 

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Şair Azərbaycan xaqlının ən qiymətli milli-mənəvi xəzinələrindən sayılan muğamları da özünəməxsus üslubda tərənnüm edir, qoruyub yaşatmağa səsləyirdi. O, əsrarəngizliyi ilə dinləyənləri heyrətləndirən muğamlarımıza olan heyranlığını "Muğam" poemasında belə ifadə edirdi:

Nə güman eyləmisən ondakı tilsimləri sən?

Kürü ahilə qurutdu, salı yandırdı muğam.

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,

Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

Tərcüməçi, dramaturq, alim, pedaqoq, ictimai xadim…

Bəxtiyar Vahabzadə həm də tərcüməçi və dramaturq idi. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Gənc yaşlarından şair kimi tanınan və məşhurlaşan Bəxtiyar Vahabzadə, eyni zamanda dəyərli alim idi. Şifahi, klassik və müasir Azərbaycan ədəbiyyatını araşdırır, elmi məqalələr yazırdı. O, 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq işini müdafiə etdi. Filologiya elmləri doktoru alimlik dərəcəsini aldı. "Sənətkar və zaman", "Sadəlikdə böyüklük", "Vətən ocağının istisi", "Dərin qatlara işıq", "Gəlin açıq danışaq" və "Şənbə gecəsinə gedən yol" kitablarında tənqidi və publisistik məqalələrinə yer verildi.

Tariximizin yaxşı öyrənilməməsi onun publisistik yazılarının əsas mövzularından idi.

Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə  məqalənin, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Onun şeir kitabları, dramları, publisist yazıları ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və keçmiş sovet birliyinin tərkibində olan bir çox xalqların dillərinə tərcümə edilib.

O, uzun illər pedaqoji fəaliyyət göstərdi. Qırx il - 1950-1990-cı illərdə Azərbaycan Dövlət Universitetində çalışdı, həmin universitetin professoru oldu. 1990-cı ildə təqaüdə çıxdı. Bəxtiyar Vahabzadə həm də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi.

1974-cü ildə Əməkdar incəsənət xadimi, 1975-ci ildə respublika, 1984-cü ildə SSRİ Dövlət mükafatı laureatı adlarına layiq görüldü. 1985-ci ildə ona Xalq şairi adı verildi. 1995-ci ildə müstəqil Azərbaycanın "İstiqlal" ordenini ilk alan sənətkarlardan biri oldu.

Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyəti də zəngin oldu. O, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisinin deputatı seçildi. 1980-ci illərin axırlarında respublikamızda başlayan xalq hərəkatının fəallarından oldu. O günlərdə SSRİ rəhbərliyinin ikili siyasəti şairi bu misraları yazmağa vadar etdi: 

Mərkəz dəyişdirir gündə rəngini 

Mərkəz məni görür, heç onu görmür. 

Bizdən yığışdırıb quş tüfəngini 

Amma erməninin topunu görmür.

1990-cı ilin yanvarında xalqımızın azadlıq, müstəqillik istəyini boğmaq üçün sovet hökuməti qoşun hissələrini Azərbaycana yeritdi. Dinc, silahsız azərbaycanlılar atəşə tutuldu. 20 Yanvar faciəsində şəhid olan millət övladlarına şair Bəxtiyar Vahabzadə "Şəhidlər" poeması ilə sözdən abidə ucaltdı:

Qatil gülləsinə qurban gedirkən

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən göylərinə çəkdi şəhidlər.

Qanlı şənbə gecəsinin səhəri 

Bəxtiyar Vahabzadə Qanlı şənbə gecəsinin ertəsi, yəni yanvarın 20-də Qorbaçovun adına teleqram göndərib "Cənab Qorbaçov, Azərbaycan xalqı o qədər geri qalmış xalq deyil ki, indiki vaxtda islam respublikası yaratmaq fikrinə düşsün. Bu, tökdüyün qana haqq qazandırmaq üçün sənin uydurduğun böhtandır. Sən özün bunu çox yaxşı bilirsən, sənin əllərin və vicdanın mənim xalqımın qanına bulaşıb. Sən Stalinin törətmədiyi cinayəti törətdin, tarix bunu sənə bağışlamayacaq. Xalqımın qanını töküb sonra ona başsağlığı göndərmək dəhşətli ikiüzlülükdür. Sənin rəhbər olduğun partiyadan çıxmağı özümə şərəf sayıram".

O, həmin gün Mərkəzi Komitənin ətrafına toplanan mitinqə gəlib partiyadan çıxdığını elan edib: "Mən dünənki qanlı terrordan sonra partiyadan çıxıram və bütün həmvətənlərimi buna çağırıram", - deyib. 

Baş verən faciə şairi sarsıtmışdı. "İgidlərimizi qanına bələyən hökm sahibindən soruşmaq istərdim, lay divar oğullarımızın ömrünü oğurlamaq, qız-gəlinlərimizi, ana və bacılarımızı gözü yaşlı qoymaq, ocaqlarımızı söndürmək səlahiyyətini sənə kim vermişdi? Bu qədər vicdansızlıq olar?" Qəlbinin üsyan səsinə çevrilən bu sualları soydaşlarının faciəsinə səbəb olanlardan birinə verib: "Mən telestudiyanın həyətində dəyənəkli rütbə sahiblərindən birinə təsadüfən rastlaşıb bu sualı ona verdim. Cavab verə bilmədi. Üzünə tüpürüb keçdim. Sonra öz-özümə fikirləşdim: mən hansı vicdanı ondan soruşurdum? Olmayan bir şeyi adamdan necə ummaq olar?"

Yanvarın 21-də səhər bir qrup ziyalı akademiyaya toplaşır. Bəxtiyar Vahabzadə "Şənbə gecəsinə gedən yol" əsərində yazır: "Bu qərara gəldik ki, bu gün Ali Sovetin növbədənkənar sessiyasını çağırmalı, ordunun təcili olaraq Bakıdan çıxmasına dair qərar qəbul etməliyik. Bu məqsədlə mən dərhal radioteleviziya verilişləri komitəsinə gedib, radio ilə çıxış etməyə icazə aldım. Təxminən bir saatdan sonra mən efirdən respublika deputatlarına müraciət edib bu gün saat 6-da fövqəladə sessiya çağırıldığını elan etdim. Dediyimiz vaxtda deputatların üçdəiki hissəsi toplandı və sessiya başlandı".

Sessiyada xalqın xeyrinə qərarlar qəbul ediblər. Bu qərarlar sovet hökuməti rəhbərlərini təşvişə salıb.

1980-ci illərin sonlarında ermənilər Qarabağda soydaşlarımızın dincliyini pozmağa, onlara hücum etməyə, qan-qada salmağa başladıqları ilk günlərdən şairin qəlbini narahatlıqlar, təlatümlər bürüyüb. Özü bu barədə yazıb: "Qarabağ hadisələri başlanandan indiyə qədər əlimə qələm alanda bütün vücudum lərzəyə gəlir. Qələm içimdəki qəzəbi və etirazı istədiyim şəkildə yazıya çevirə bilmir. Hiddətim və qəzəbim fikrimi dəqiq ifadə etməyə imkan vermir. Çünki xalqıma edilən gözgörəsi zülm o qədər böyük, haqsızlıq o qədər dəhşətlidir ki, bunları insan ağlı dərk edə bilmir".

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək,

Onun da həyatı yanmağındadır.

- deyən və öz ömrünü şam kimi xalqının azadlığı yolunda mübarizədə yandıran şair 2009-cu il fevralın 13-də Ermənistanın işğalında qalmış Qarabağın, Şərqi Zəngəzurun azad edilməsini görmək arzusu, nisgili ilə bu dünyadan köçdü. 

Bu dünyada yaşaya-yaşaya yaşamayanlar var. Bəxtiyar Vabzadə isə bircə ömürdə yüz insan ömrü yaşayanlardan oldu. Bir şeirində dediyi kimi:

Bu dünya beş gündür", - deyib hər yerdə

Sağ ikən qəbirdə uzanan da var. 

Öz alın tərilə bircə ömürdə

Yüz insan ömrünü qazanan da var.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Избранный
93
20
azerbaijan-news.az

10Источники