RU

Füzulidə istifadəyə yararsız pestisidlər xüsusi poliqona daşındı - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində yararsız və qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu çərçivədə həyata keçirilən tədbirlərin davamı olaraq, AQTA tərəfindən cəlb edilmiş xüsusi lisenziyalı şirkət Füzuli rayonu ərazisində 50 tona qədər istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınmasını həyata keçirib.

Beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildə qablaşdırılan yüklər zərərsizləşdirilməsi üçün xüsusi nəqliyyat vasitəsi ilə “Cəngi pestisid poliqonu”na yola salınıb.

Növbəti mərhələdə pestisidlərin xüsusi lisenziyaya malik müəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi planlaşdırılır. Eyni zamanda, təmizlənmiş ərazilərdə çirklənməyə məruz qalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarından istifadə ediləcək və bu proses müvafiq dövlət qurumları ilə birgə həyata keçiriləcək.
 

Xatırladaq ki, bir neçə gün öncə Samux rayonu ərazisində 100 tona yaxın istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınması həyata keçirilib. İcra olunan tədbirlər növbəti mərhələdə İmişli rayonunda davam etdiriləcək, istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi üzrə ardıcıl addımlar atılacaq.


Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb edilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış Koordinasiya Komissiyası” tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilərək bir sıra dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müvafiq işlərin görülməsi həvalə olunub.

Agentlik tərəfindən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə həyata keçirilən fəaliyyətlər ölkə üçün strateji əhəmiyyət daşımaqla yanaşı, ekosistemin qorunmasına, insan sağlamlığı, heyvanlar və bitkilər üçün potensial risklərin qarşısının alınmasına xidmət edir.


Bizim.Media, Qarabağ bürosu

Избранный
21
13
bizim.media

10Источники