RU

Gəncədə 500-ə yaxın ağac inventarlaşdırılır: Qurumuş və təhlükəli ağaclar yenilənəcək

BAKI, 15 avqust. TELEQRAF

Gəncə şəhərində qurumuş və qəzalı vəziyyətdə olan ağacların elektron şəkildə nömrələnməsi və nişanlanmasına başlanılıb. Bildirilir ki, prosesin məqsədi yaşıllıqları qorumaq, şəhərin ekoloji tarazlığını bərpa etmək və payız mövsümündə yeni ağacların əkilməsini təmin etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Teleqraf-a açıqlamasında vurğulayır ki, bu cür fəaliyyətlər müəyyən dövrlərdə müxtəlif şəhərlərdə həyata keçirilir.

“Gəncədə də məqsəd şəhərin estetik görünüşünə uyğun gəlməyən, qurumuş, bioloji inkişaf mərhələsini tamamlamış, yoluxucu xəstəliklərə və zərərvericilərə məruz qalmış ağacların müəyyənləşdirilməsidir. Çünki bu ağaclar həm ətrafdakı yaşıllıqlara, həm də insanların təhlükəsizliyinə təhlükə yarada bilər.

Əgər ağacın artıq inkişaf perspektivi yoxdursa, onun kəsilməsi və yerində mövsümə uyğun yeni ağacların əkilməsi nəzərdə tutulur. Bu, Gəncə şəhərinin turizm potensialı, həmçinin burada keçirilən yerli və beynəlxalq tədbirlərin miqyası baxımından da əhəmiyyətlidir. Həm yerli əhalinin yaşıllıq sahələrindən səmərəli istifadəsi, həm də şəhərin ümumi görünüşünün yaxşılaşdırılması əsas məqsədlərdəndir”.

A.Məmmədovun sözlərinə görə hazırda Gəncə şəhərində 500-ə yaxın ağac inventarlaşdırılır:

"Bu proses Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara uyğun olaraq aparılır. Yaşıllıqların köçürülməsi və inventarlaşdırılması Ekologiya Nazirliyinin Regional İdarəsi və yerli icra hakimiyyətinin birgə fəaliyyəti ilə həyata keçirilir. Onlara nömrə verilir, vəziyyəti qiymətləndirilir və hər biri ilə bağlı ayrıca qərar çıxarılır – hansının köçürülməsi, hansının yerində qalması və ya zərər törətmə riski varsa kəsilməsi nəzərdən keçirilir. Ola bilər ki, bu ağaclardan 200–300-ü köçürülsün. Bu yanaşma həm ətraf mühitin qorunması, həm də şəhər mühitinin düzgün idarə olunması baxımından təqdirəlayiqdir. Xüsusilə böyük şəhərlərdə belə yanaşmanın tətbiqi müsbət nəticələr verir”.

Избранный
5
teleqraf.com

1Источники