RU

MQİMO, YOXSA HEYDƏR ƏLİYEV AKADEMİYASI?... Azərbaycan Prezidentinin “Rossiya 1” telekanalında master klass dərsi

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Sübhan İSMAYILOV

Vaşiqntonda Azərbaycanın növbəti diplomatik uğurundan sonra Rusiya KİV-lərində ölkəmizə, ölkə Prezidentinə qarşı aparılan kampaniya daha da aqressivləşib. Bütün bunların fonunda bir neçə il öncə “Rossiya 1” telekanalında baş verənləri xatırlamamaq olmur.

Vətən müharibəsinin üçüncü günündə “Rossiya 1” telekanalının ermənilərin və ermənipərəst kütlənin ruporuna çevirilmiş “60 dəqiqə” verilişində Qarabağda hərbi əməliyyatlarla bağlı qızğın müzakirələr gedirdi. Verilişin aparıcıları - Marqarita Simonyan və Tiqran Keosayan cütlüyünün ailə dostları olan, efirlərdə belə ermənilərə sevgilərini açıq nümayiş etdirməkdən çəkinməyən Olqa Skabayeva və Yevgeni Popovun ssenarilərinə görə, əvvəlcədən təlimatlandırılmış ekspertlər yenə erməniləri yazıq, miskin, əzilən bir xalq, Azərbaycanı isə günahkar, aqressor kimi təqdim etməli, veriliş də, ruslar demiş, “na ura” bitməli idi. Amma və lakin...

Aparıcılar canlı yayımda əvvəlcə Ermənistanın Baş nazirinin, ardınca isə Azərbaycan Prezidentinin baş verənlərə münasibətini öyənmək üçün suallar ünvanladılar. Panika içində, çıxılmaz durumda olduğu aşkar sezilən Paşinyanın ermənilərin Qarabağ mövzusunda illərlə formalaşmış sabit leksikonundan ibarət rabitəsiz cümlələrindən, xaotik çıxışından özünün və ölkəsinin hansı aqibət gözlədiyi aydın olurdu.

İlham Əliyev isə... sadəcə mükəmməl idi!

Azərbaycan Prezidentinin son dərəcə təmkinli, lakin torpaqları 30 ildən çox işğal altında qalan bir xalqın iztirablarını, qəzəbini, istəyini ifadə edən sərt səs tonu, bədən dili və sərrast, bütün hərbi-siyasi mənzərini ehtiva edən, beynəlxalq hüquqa söykənən cavabları studiyadakı hərbi-siyasi ekspertlərin, o cümlədən aparıcıların, veriliş boyu təxribatçı sualları ilə canfəşanlıq edən Skabayevanın açıqca hiss olunan rəğbəti ilə müşayiət olunurdu. İlham Əliyevin cavabları təkzibedilməz faktlar göstərilməklə o qədər dəqiq, məntiqli idi ki, ermənipərəst ekspertlər belə heyranlıqlarını gizlədə bilmirdilər. Baş verənləri məmnunluqla izləyən və Azərbaycan – Ermənistan münaqişəsində hər zaman obyektiv mövqe sərgiləyən hərbi ekspert İqor Korotçenko hələ də İlham Əliyevin çıxışının təsiri altında olan veriliş iştirakçılarının təəssüratlarını belə ifadə etdi: “Bax, budur, MQİMO məktəbi! Həqiqətən nəhəng kadrlar hazırlayır!”

Bu sözlərdən sonra kameralar belə bir virtioz siyasətçinin yetişməsində Moskva ali məktəbinin payı olmasından qürurlanaraq sifətini xoş təbəssüm bürümüş aparıcı Popova fokuslandı.

Şübhəsiz, aparıcının qürurlanmağa, Korotçenkonun isə fikirlərini bü cür ifadə etməyə əsasları var idi. Ancaq ekran qarşısında əyləşən milyonlar bu sözlərə əlavə olaraq “Cənablar, İlham Əliyev təkcə MQİMO (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) məktəbinin məzunu deyil, daha çox Heydər Əliyev akademiyasının yetirməsidir!” demək istəyirdi...

Gerisini bütün dünya gördü. 44 günlük hərbi əməliyyatlar zamanı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi, tək hərbi əməliyyatlarda deyil, həm də diplomatiya və informasiya qarşıdurmasında inanılmaz məharət, yüksək siyasi performans nümayiş etdirirdi. Azərbaycan Prezidenti erməni lobbisinin, Ermənistan havadarlarının on illərlə formalaşdırdığı ideoloji mifləri dağıdır, dezinformasiya nəhənglərini bir-bir zərərsizləşdirir, ən titullu ermənipərəst jurnalistləri sərrast cavabları ilə susdururdu. Dünya, Prezidentin dilindən əsl Qarabağ həqiqətlərini qəbul edirdi.

Bütün bunlar, obrazlı desək, nəhəng aysberqin görünən tərəfləridi. Zaman gələcək, müharibəyədək və müharibə zamanı baş verənlərin kulisarxası, ehtimal ki, dövlət sirri kimi saxlanılması zəruri olan bir çox məqamları üzə çıxacaq. Hər kəs Azərbaycan Prezidentinin hansı çoxvektorlu, mürəkkəb siyasi gedişlərlə, saysız-hesabsız görüşlərlə, yüksək diplomatik məharət tələb edən danışıqlarla dövlətimizi addım-addım, minalanmış sahələrdən keçirirmiş kimi, necə əzmlə qələbəyə daşıdığını biləcək.

Müharibənin gedişi zamanı ərazilərimizin işğalında birbaşa iştirak edən Rusiyanın, digər böyük dövlətlərin neytrallığını təmin etmək üçün hansı diplomatik priyomlardan istifadə edildiyi məlum olacaq...

Bu möhəşəm qələbənin memarı isə, şübhəsiz, zəmanəmizin ən nəhəng siyasi xadimlərindən biri Prezident Heydər Əliyev idi.

...Müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra Heydər Əliyev ölkədəki ağır iqtisadi, hərbi-siyasi böhran içində olan ölkəmizə hava-su kimi vacib olan pauza əldə etmək üçün atəşkəsə getmək qərarı verdi. Obsolyut praqmatizmi və yaranmış ən mürrəkkəb vəziyyətlərdən uduşla çıxmaq məharəti ilə hər kəsi təəccübləndirən Heydər Əliyev bu dəfə də uğura aparan yol seçdi. Neft kontraktları ilə bağlı partnyorlarla danışıqlarda əhəmiyyətsiz detallara görə inadkarlıq göstərilməsi müqavilənin imzalanmasını, iqtisadiyyatımız üçün həyati əhəmiyyət daşıyan xarici sərmayələrin ölkəmizə gətirilməsini ləngidirdi. O zamankı şərtlərlə ölkəyə gətirilən hər bir dolların çox böyük sərmayə yükü, iqtisadi potensialı və əhəmiyyəti var idi. Beləliklə, neft kontraktları - Əsrin müqaviləsi imzalandı. ABŞ, Böyük Britaniya, İtaliya, Norveç və digər dövlətlərin sərmayələri ölkəmizə axmağa başladı. İqtisadiyyatı böyük sıçrayışla inkişaf edən Azərbaycan bir neçə ildə regionun lider dövlətinə çevrildi. Paralel olaraq, bu gün Şuşaya, Xankəndinə bayraq sancan qalib ordumuz quruldu.

Şuşa zəfərindən sonra Ali Baş Komandanın Fəxri Xiyabanda qələbə raportunu da məhz Ümummilli Liderə verməsi, onun prezidentliyi dönəmindən başladılan bütün siyasi-hərbi əməliyyatların məntiqi sonluğu demək idi.

Bu günlər isə İlham Əliyev beynəlxalq gündəmi zəbt edən daha bir möhtəşəm, tarixi zəfərə imza atdı. ABŞ Prezidentinin iştirakı ilə Vaşinqtonda Zəngəzur dəhlizinin açılmasını da özündə ehtiva edən sülh sazişi paraflandı. Görüşün atmosferi, Donald Trampın yüksək əhval-ruhiyyəsi, olduqca səmimi davranışları, öz-özlüyündə çox mətləblərdən xəbər verirdi. Aydın olurdu ki, yenə də saysız-hesabsız diplomatik səylər, siyasi manevrlər, gərgin keçən, yetərincə əzmkarlıq və təmkin tələb edən mürəkkəb görüşlərin nəticəsində baş tutan bu razılaşmanın arxasında həm də peşəkar bir komanda işi var. Görüş boyu Azərbaycan Prezidentinin siyasi zəkasına, bacarığına rəğbətini açıqca ifadə edən ABŞ Prezidenti, bu məsələdə də səxavətini əsirgəmədi: Sizin möhtəşəm komandanız var!

Bu komandada müasir Azərbaycan diplomatiyasının ən uğurlu simaları - Xarici İşlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi - PA-nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və digərləri növbəti zəfər yürüşündə dövlət başçısın ən yaxın silahdaşları olaraq yer alırdılar.

Və son olaraq, bəlkə də kimlərinsə diqqətindən yayınan, mütləq qeyd ediləsi bir məqam! Azərbaycan Qafqazlarda öz maraqları naminə gərginliyin qalmasına çalışan güclərə qarşı Ermənistanı iş birliyinə, yaxud müttəfiqliyə sövq edə bilib!?

Düşmən dövləti isə hər hansı məsələdə müttəfiq münasibətlərinə cəlb etmək üçün nadir strateq, mahir diplomat, praqmatik lider olmaq lazımdır.

Azərbaycan Prezidenti isə bu keyfiyyətləri, şübhəsiz, Heydər Əliyev akademiyasında mənimsəyib.

Nəzərə almağınız xahiş olunur, xanımlar və cənablar!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
azpolitika.info

2Источники