RU

Deputat: Solovyovun Azərbaycanı etnik problemlə hədələməsi gecikmiş xoruz banlamağına bənzəyir

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Rusiya hökumətinin ucuz muzdlusu olan Vladimir Solovyovun Azərbaycanı etnik problemlərlə hədələməsi gecikmiş xoruz banlamağına bənzəyir. Görünən odur ki, V.Solovyov və ona aidiyyəti tezisləri göndərən rəsmilər bilmədən özlərinin yarıtmaz təbliğatlarının təsiri altına düşüblər və regiondakı reallıqları dərk etmək qabiliyyətində deyillər".

Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, dünyanın ayrı-ayrı coğrafiyalarında etnik müxtəliflikləri qarşıdurma fəaliyyətinə çevirmək Rusiyanın ənənəvi dövlət siyasətidir:

"Sirr deyil ki, Moskva uzun illər ərzində Cənubi Qafqazda da analoji siyasi kursu yürüdərək etnik zəmində formalaşdırdığı münaqişə ocaqları hesabına bölgədə maraqlarını təmin edib. Lakin qlobal miqyasda geosiyasi şəraitin dəyişməsi şimal qonşumuzun ənənəvi "iş üslubuna" effektiv və əhəmiyyətli şəkildə təsir göstərib, xüsusən Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərindən sonra qazandığı hərbi-siyasi zəfərlərin fonunda Rusiya bu rıçaqlardan məhrum edilə bilər.

Əgər Şimaldan Cənubi Qafqaza aydın baxış mövcud olsa idi, Şimali Qafqazın qazan kimi qaynadığını və V.Solovyovun istinad etdiyi etnosların Rusiyanın mərkəzi hakimiyyətinə nifrətlə yanaşdıqlarını və ilk imkanda bu coğrafiyada Rusiyanın özü üçün ciddi etnik problemlər formalaşacağını proqrnozlaşdıra bilərdilər".

Deputatın sözlərinə görə, şovinist ab-havanın hökm sürdüyü Rusiyanın digər millətlərə, o cümlədən qafqazlılara qarşı nümayiş etdirdiyi qəbuledilməz münasibət fonunda bu gün Azərbaycanla tarixən qardaşlıq münasibətlərində yaşayan xalqlardan bizə qarşı istifadə etmək cəhdi, təbii ki, bəri başdan fiaskoya məhkumdur:

"Bu gün Dağıstanda hər kəs böyük ictimai-siyasi xadim akademik Əziz Əliyevə öz dövlətçilik tarixlərinin ən mühüm sütunlarından biri kimi yanaşır. Eləcə də Azərbaycanın şimal hissəsində çoxluq təşkil edən ləzgi etnosu bu ölkəyə özlərinin əzəli, əbədi vətənləri kimi yanaşır və istər Vətən müharibəsi, istər antiterror tədbirlərində azərbaycanlı kimliyi ilə ərazi bütövlüyümüz, suverenliyimiz naminə canlarını qurban verməyə hazır olduqlarını sübut ediblər. Belə bir məqamda V.Solovyovun bəyanatları ikrah və gülüş doğurmaqla bərabər, Rusiyanın özü üçün problemlərə yol aça bilər. Tabeliyindəki etnosların milli kimliyini tanımaq istəməyən bir dövlətin muzdlu təbliğatçısı başa düşməlidir ki, etnik kimliklərdən danışmaq indiki halda ən çox Rusiya Federasiyasına sərf etməyən mövzudur və bu mövzunu gündəmə gətirməklə V.Solovyov öz ölkəsinin "qırmızı xətləri"nə toxunur".

Xatırladaq ki, artıq uzun illərdir, ermənipərəst mövqe tutan bədnam rusiyalı təbliğatçı Vladimir Solovyov bu günlərdə bir qədər də irəli gedərək Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

O, Rusiyanın dövlət radiosu olan "Vesti FM"də apardığı "Polnıy kontakt" verilişində millətlərarası ədavəti qızışdıran, nifrət dolu fikirlərlə faktiki olaraq terrorizmə çağırış edib.

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
oxu.az

2Источники