RU

Ağdərənin Kolatağ kəndində 26 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Ağdərə, 15 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu gün köç karvanı ilə Ağdərə rayonunun Kolatağ kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 26 ailə olmaqla, 89 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Kolatağ kəndinə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli sakinləri təbrik edib, onlara doğma yurdlarında firavan həyat arzulayıb. T.Kərimli bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dövlətin prioritet istiqamətlərindən biridir və bu, bütün keçmiş məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasına xidmət edir. “Bu gün biz tarix yazırıq. Burada atılan hər addım, yandırılan hər ocaq gələcəyin möhkəm təməlidir,”, - deyən T.Kərimli kəndlərdə içməli su, elektrik və qaz təchizatının, rabitə xəttinin tam bərpa olunduğunu da bildirib. Bundan başqa küçələr abadlaşdırılıb, yol infrastrukturu yenilənib.

Doğma yurda qayıdan kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 50 mindən çox insan yaşayır.

14:50

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Avqustun 15-də Ağdərə rayonunun Kolatağ kəndinə yola salınan ilk köç karvanı ünvanına çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdərə rayonunun Kolatağ kəndinə ilk mərhələdə 26 ailə olmaqla, 89 nəfər keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır.

Избранный
45
10
azertag.az

10Источники