Türkiyə yaxın həftələrdə Suriyaya elektrik enerjisi tədarükünü 360 MVta çatdırmağı planlaşdırır.
“Report” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
“Hazırda Suriyaya səkkiz fərqli qoşulma nöqtəsi ilə ümumilikdə 281 meqavatt elektrik enerjisi ixrac edilir. Önümüzdəki həftələrdə bu həcmi 360 MVt-a çatdırmağı planlaşdırırıq. Əsas məqsədimiz yaxın bir neçə ayda Birecikdən (Türkiyənin Şanlıurfa vilayətinin qərbindəki şəhər və rayon) Hələbə (Suriya) gedən xəttin ötürücülük qabiliyyətini artıraraq əlavə 500 meqavatt elektrik enerjisi ixrac etməkdir”, - o deyib.
A.Bayraktar qeyd edib ki, bu qoşulma Suriya ərazisində müəyyən işlərin aparılmasını tələb edir.
“Gələn ilin birinci rübündə biz birbaşa Suriyaya təxminən 900 meqavat elektrik enerjisi ixrac edə biləcəyik”, - o vurğulayıb.
Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya tədarükü məsələsinə toxunan nazir xatırladıb ki, hazırda bu ölkəyə gündəlik 3,4 milyon kubmetr “mavi” yanacaq verilir.
“Boru kəmərinin ötürücülük qabiliyyəti sutkada təxminən 6 milyon kubmetrdir. Hazırda tədarük həcmini bu rəqəmə çatdırmaq üçün çalışırıq ki, bu da Hələb və Homsda təxminən 1200 meqavat elektrik enerjisi istehsal etməyə və Suriyada təxminən 5 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan verəcək”, - deyən Bayraktar Türkiyənin Suriyada təbii qaz hasilatını etibarlı və uzunmüddətli təmin etməyə çalışdığını vurğulayıb.
Energetika naziri həmçinin Suriyanın neft infrastrukturunun modernləşdirilməsi və investisiya qoyuluşunun zəruriliyini qeyd edib: “Biz öz iştirakımız və beynəlxalq neft şirkətlərinin töhfəsi ilə buna nail olacağımıza inanırıq. Bu yolla Suriya xalqının elektrik enerjisi və əsas infrastruktura olan davamlı ehtiyaclarını ödəyə biləcəyik”.
Xəbər verdiyimiz kimi, Azərbaycan qazının Kilis-Hələb qaz kəməri ilə Suriyaya tədarükünə 2025-ci il avqustun 2-dən başlanılıb. Qaz Türkiyə ilə sərhəddə yerləşən Kilis şəhərindən keçərək Suriyanın Hələb və Homs şəhərlərindəki elektrik stansiyalarına daxil olur və orada elektrik enerjisi istehsalında istifadə olunur.