RU

Dünyanın taleyini həll edəcək görüş: Üçüncü Dünya müharibəsi başlaya bilər

Bu gün Alyaska tarixi görüşə ev sahibliyi edəcək.

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin görüşəcək. Görüşdən gözləntilər olduqca böyükdür. Belə ki, Tramp görüşün nəticəsində Ukrayna müharibəsinin bitəcəyini deyir. O, bunun üçün torpaq mübadiləsini də gündəmə gətirir.

İlkin məlumatlara əsasən, ABŞ Krım, Donetsk və Luqanskın Rusiyaya verəcək, ruslar isə bunun qarşılığında işğal etdikləri digər ərazilərdən çıxacaq. Lakin Ukrayna bu ehtimalı qəti şəkildə rədd edir və ərazi bütövlüyünə qarşı planları qəbul etməyəcəyini açıqlayır.

Buna baxmayaraq, Moskva və Vaşinqton arasında “mülayim küləklər” əsməyə davam edir. Çünki artıq sanksiyalar da aradan götürülməyə başlayıb. Ötən gün ABŞ Maliyyə Nazirliyi Rusiyaya tətbiq edilən bir sıra məhdudiyyətlərin müvəqqəti olaraq götürüldüyünü açıqlayıb.

Maraqlıdır, bütün bunların fonunda Tramp-Putin görüşündən gözləntilər nələrdir? Görüşdə ABŞ ilə Rusiya arasında hansısa saziş imzalana və həqiqətən ərazi mübadiləsi baş verə bilərmi?

Referans xəbər verir ki, mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən politoloq Zəlimxan Məmmədli bildirib ki, tarixi Tramp-Putin görüşü dünyanın taleyinin müəyyən olunmasında əhəmiyyətli rol oynayacaq:

“Görünən odur ki, ortada daha çox iqtisadi maraqlar var. Həmçinin, ənənəvi qütblər anlaşmağa meyillidir. Bunun da əsas təşəbbüskarı daha çox ABŞ Prezidenti Donald Trampdır. Nəzərə almaq lazımdır ki, ABŞ heç bir şərt olmadan Rusiyaya embarqoları müvəqqəti də olsa, aradan qaldırır. Ancaq Rusiya Prezidenti Vladimir Putin Ukrayna savaşında haqsız və təcavüzkardır. Əslində, dünyanı hədələyən Putinə qarşı daha kəskin mövqe ortaya qoyulmalıdır”.

Ekspert görüşdən gözləntilər barədə danışıb:

“Trampın açıqlamaları hər gün fərqli olur, konkret bir mövqeyi yoxdur. Ona görə Trampın nələr edəcəyini proqnozlaşdırmaq çətindir. Ancaq indiki münasibətlər sistemində bu görüşün ciddi nəticə verəcəyini gözləmirəm. ABŞ, NATO və Avropa eyni mövqeyə gələrək kifayət qədər zəifləmiş Rusiyanı dirçəlməyə qoymamalıdır. Rusiyanı dünyanı təhdid edən imperiya xəttindən əl çəkməyə vadar etmək lazımdır. Bunun olacağı təqdirdə bütün dünya və bəşəriyyət qazanar”.

Onun sözlərinə görə, ABŞ ilə Rusiya arasında saziş imzalanmayacaq:

“Görüşdə Moskva ilə Vaşinqton arasında saziş imzalanacağını güman etmirəm. Liderlərin birbaşa danışıqları davamlı ola bilər. Hətta Ukrayna lideri Volodimir Zelenski ilə də üçlü formatda görüşlərin keçiriləcəyi niyyət olaraq bildirilə bilər. Amma bu danışıqlar prosesi uzun illər gedə bilər. Ümumiyyətlə, Rusiyanı geri çəkdirəcək bir qərarın olacağını zənn etmirəm”.

Zəlimxan Məmmədli ABŞ-nin bəzi Ukrayna ərazilərini Rusiyanın tərkib hissəsi kimi tanıyacağı iddiaları barədə isə bunları deyib:

“Əslində, Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır. Bunu bütün dünya alqışlayar. Hərçənd ki, sözügedən görüşdə bununla bağlı qərar veriləcəyi ehtimalı da çox aşağı görünür. Ümumiyyətlə, Ukraynanın ərazi bütövlüyü müzakirə predmeti ola bilməz. Əks halda, dünyada nizamsızlıq yaranar. ABŞ Krım, Luqansk və Donetski Rusiya ərazi kimi tanısa belə, başqa dövlətlər bu addımı atmayacaq. Bu, beynəlxalq hüququ və suverenliyi ayaqlar altına almaqdır. Dünya buna yol verməyəcək”.

Müsahibimizin fikrincə, bu addım Üçüncü Dünya müharibəsinə səbəb ola bilər:

“Tramp və Putin “böyük ağalar” deyillər ki, hansısa dövlətin suverenliyini pozsunlar. Beynəlxalq hüquq var, BMT tərəfindən tanınan Ukrayna ərazisi toxunulmazdır. Yəni hüquq, məntiq və mənəviyyat əsas vermir ki, Tramp ağa kimi, xan kimi Ukrayna ərazilərini Rusiyaya versin.

Bu mümkün deyil. Ukraynanın ərazi bütövlüyünün bölünməsi bütün dövlətlər üçün təhdid olar. Məncə, buna imkan verilməyəcək. Birtərəfli qaydada belə qərar qəbul olunsa, dünya çox sərt təpki göstərər. Hətta prosesin sonunda Üçüncü Dünya müharibəsi başlaya bilər”.

Politoloq ərazi mübadiləsinin müharibəni dayandırmayacağını da söyləyib:

“Ümumiyyətlə, bu addımın atılması Rusiya-Ukrayna müharibəsini dayandırmaz. Əksinə, müharibə daha ağır bir mərhələyə keçər. Belə qərarı ancaq Ukrayna dövləti verə bilər. Ukrayna xalqının və dövlətinin isə mövqeyi bəllidir. Ukrayna xalqı indiyə kimi təcavüzü dəf etmək üçün verdiyi canların bədəlini belə ödəməməlidir”.
Избранный
76
50
referans.az

10Источники