RU

Bahalaşan tibb təhsili minimum əmək haqqıya uyğundurmu?

Azərbaycan Tibb Universitetində illik təhsil haqqının 6500 manat müəyyən edilməsi minimum əmək haqqının 400 manat, orta aylıq əmək haqqının isə təxminən 1100 manat olduğu şəraitdə ciddi və haqlı suallara səbəb olur.

Sadə hesablamaya görə, minimum əmək haqqı miqdarında maaş alan ailə bütün illik gəlirini təhsil haqqına yönəltsə belə tələb olunan məbləğə çatmır. Orta əmək haqqı alan ailələr isə gündəlik zəruri xərclərini qarşıladıqdan sonra bu məbləği toplamaq üçün böyük məhrumiyyətlər hesabına qənaət etməlidir.

Bu isə ali tibbi təhsilin əhalinin böyük bir hissəsi üçün real əlçatanlığını məhdudlaşdırır və ölkənin intellektual potensialının formalaşmasına mane olur.

Unutmaq olmaz ki, universitetin əsas xərclərinin böyük hissəsi dövlət tərəfindən maliyyələşdirilir – infrastruktur, laboratoriyalar, akademik heyətin maaşları və digər əsas xərclər dövlət büdcəsindən qarşılanır. Belə olan halda qalan maliyyə yükünün tam şəkildə tələbələrin üzərinə qoyulması doğru yanaşma deyil.

Dünyada ali təhsil müəssisələrinin uğurlu maliyyələşmə modeli yalnız təhsil haqlarına söykənmir. Tədqiqat qrantları, beynəlxalq layihələr və universitetin elmi-texnoloji məhsullarının kommersiyalaşdırılması əsas gəlir mənbələrini təşkil edir.

Избранный
2
1
aznews.az

2Источники