RU

Gənclərin 3 yanlış vərdişi bu xəstəliyə səbəb olur - DİQQƏT!

Adətən 50 yaşdan sonra müşahidə olunan beyin qanaması (insult) son illərdə gənclərdə daha çox müşahidə olunur.

Azreform.info xəbər verir ki, bunu türkiyəli beyin və neyrocərrahiyyə üzrə dosent Dr. Ali İhsan Ökten deyib. O bildirib ki, bu daha çox arteriovenoz malformasiyalar və anevrizmalardan qaynaqlanır:

“Anevrizma, yəni qan damarlarının divarında yaranan patoloji genişlənmələrdən qaynaqlanan beyin qanamalarına hər 100 min nəfərdən 10-15-də rast gəlinir. Gənclər arasında bu nisbət get-gedə artır”.

Mütəxəssisin sözlərinə görə, sürətli yaşayış tərzi, stress və pis qidalanma vərdişləri bu vəziyyəti tətikləyir:

“Gənclərin qidalanma vərdişlərinin dəyişməsi, geni dəyişdirilmiş qidaların qəbulu, ətraf mühit faktorları, iqlim dəyişikliyi səbəbindən qan təzyiqində ciddi artım müşahidə olunur. Yüksək qan təzyiqi gənclərdə əvvəlkindən daha çox müşahidə olunur. Bu zaman keçdikcə damarları zəiflədir. Dolayısı ilə insulta daha çox rast gəlinir”.

Ali İhsan Ökten beyin qanaması əlamətlərini və atılacaq addımları da açıqlayıb:

“Əvvəlcə çox şiddətli başağrısı, sonra ürəkbulanma, qusma, şüurda dəyişikliklər baş verir. Şüurdakı dəyişikliklər yüngül qarışıqlıqdan ağır komaya qədər dəyişə bilər. Bədənin bir tərəfində iflic və gözlərin qıyılması baş verə bilər. Həmin vaxt insan epileptik tutma keçirə bilər. Bunların hamısını bir anda və ya bir neçəsini yaşaya bilərik. 

Bunun qarşısını almaq üçün xüsusilə gənclərə stresli mühitlərdən uzaq durmağı tövsiyə edirəm. Piylənmə günümüzün ciddi problemidir. Piylənmə ilə əlaqəli hipertoniya dərəcəsi çox yüksəkdir. Piylənmədən əziyyət çəkən insanlar mütləq müalicəyə ən qısa zamanda başlamalıdırlar. Əgər onlar yüksək qan təzyiqi ilə qarşılaşırlarsa, tez-tez həkimə müraciət etməyi məsləhət görürəm. Mümkün qədər geni dəyişdirilmiş qidalardan uzaq durmaq və daha sağlam qidalanmaq çox vacibdir”.

Billurə Yunus

Избранный
10
2
azreform.info

3Источники