RU

2500 il buzda saxlanan xalı Maral türk mədəniyyətində nəyin simvolu idi?

Kulis.az saytına istinadən ain.az xəbər verir.

Kulis.az Betül Yasemin Kökbekin yazısını təqdim edir.

Altay dağlarının ətəklərindəki Pazırıq kurqanlarında tapılan 2500 illik xalça təkcə ilmələrdən ibarət deyil – o, inanc, simvol və türk mədəniyyətinin dərin izlərini daşıyan bir mirasdır.

Mütəxəssislərə görə, Pazırıq xalçası sadəcə bir xalça deyil, daha böyük bir hekayəni danışır. Bəs üzərindəki naxışlar hansı sirləri gizlədir? Bu sualı dosent, elmlər doktoru Esen Baydemir cavablandırıb.

Tarix boyu insan gördüklərini, yaşadıqlarını, inancını və aid olduğu torpağın izlərini sənət vasitəsilə ifadə etməyə ehtiyac duyub. Kimisi heykəllər yonub, kimisi sözlərdə axtardığını tapıb, kimisi isə əsrlər boyu heyranlıq doğuracaq memarlıq abidələri qoyub gedib. Bəziləri isə hislərini ilmə-ilmə parçalara, xalılara köçürüb.

Dünyanın məlum olan ən qədim xalısı olan Pazırıq xalısı bu sənətin ən təsirli nümunələrindən biri kimi minilliklər boyu buzların altında qorunaraq XX əsrdə üzə çıxarılıb. Bəs bu bənzərsiz xalının naxışları bizə nə deyir?

Dünyanın məlum olan ən qədim ilməli xalısı

1949-cu il idi. Altay dağlarında, Sibirin cənubundakı Pazırıq kurqanları adlanan abidə məzarlıqlarda aparılan arxeoloji qazıntılar zamanı sovet arxeoloqları mühüm bir kəşf etdilər. Arxeoloq Sergey Rudenko Sibirin donmuş torpaqlarının altından tarix çıxardı. Hun zadəganlarından birinə aid olduğu düşünülən məzarda uzunmüddətli qazıntılar nəticəsində saysız-hesabsız qiymətli əşyalar, taxta arabalar, heyvan fiqurları və toxuculuq məmulatları tapıldı.

Rudenko rəhbərliyindəki qazıntı zamanı üzə çıxarılan tapıntılar arasında isə xüsusi qorunmuş vəziyyətdə bir xalça da var idi. Ölçüləri 183×200 sm olan bu xalçanın analizlərdən sonra eramızdan əvvəl V əsrə aid olduğu müəyyənləşdirildi.

Tapıldığı yerin adı ilə "Pazırıq xalısı" adlandırılan bu sənət nümunəsi “dünyanın məlum olan ən qədim ilməli xalısı” kimi qəbul edildi.

Min illər boyu məzarın içində qorunub qalmış bu xalça yalnız tarixi ilə deyil, həm də bədii və mədəni dəyəri ilə bənzərsiz bir irs sayılır. 1949-cu ildə Rudenko rəhbərliyində aparılan qazıntılarda üzə çıxan Pazırık xalısı hazırda Rusiyada Dövlət Ermitaj Muzeyində sərgilənir.

Xalçada fermentləşdirilmiş yun parçaları də mövcud idi

Təxminən 30 il əvvəl, 1991-ci ildə Fridrix- Aleksandr Universitetinin Erlangen- Nürnberq Fiziologiya və Fiziopatologiya İnstitutundan Dr. Karl Messlinqer xalçanı araşdırmış və bu tarixi əsərdən bəzi lif nümunələri əldə etmişdi.

Mütəxəssislər SEM texnologiyasından istifadə edərək xalçadakı soyulmuş kütikül qatlarının altındakı liflərin en kəsiyi boyunca rəng piqmentlərinin paylanmasını və fermentləşdirilmiş yun parçalarını aşkar etdilər.

Lakin Pazırıq xalçasında kütikül qalmadığı üçün SEM analizi yun liflərinin ferment texnikası ilə boyandığını sübut etməyə yetmədi. Daha sonra xalça, yüksək həssaslığa malik rentgen floresan mikroskopu ilə yenidən araşdırıldı.

Bu tədqiqat Fridrix- Aleksandr Universitetindən rentgen mikroskopiyası üzrə mütəxəssislər Andrea Spaet və Reyner Fink tərəfindən aparıldı.

Tədqiqat zamanı Türk qırmızısı (alizarin) adlanan və Orta Asiyada əsrlər boyu istifadə olunan qırmızımtıl liflərə diqqət yetirildi. Bu liflərin içində alüminium hissəcikləri aşkar edildikdə Dr. Messlinger bildirdi:

“Fermentasiya prosesi metal komponentlərin yun liflərinin içinə nüfuz etməsini təmin edir. Bu incə məqam çox vacibdir. Beləliklə, xarici qatdakı liflər ayrılır və metal komponentlərin daxil olması mümkün olur. Bitki mənşəli boya özü də bu təsir nəticəsində xalçanın dərindən boyanmasını təmin edir.”

Araşdırma nəticəsində məlum oldu ki, Pazırıq xalçasının yun liflərində fermentasiya üsulu ilə hazırlanmış xüsusi bir boyama texnikası istifadə olunub.

Xalça türk cəmiyyətləri üçün əvəzolunmaz bir parçadır

Dünyanın məlum olan ən qədim ilməli xalçasının detallarını Memar Sinan Gözəl Sənətlər Universiteti, Gözəl Sənətlər Fakültəsi, Ənənəvi Türk Sənətləri Bölümündən Dr. Esen Baydemirdən soruşduq.

Dr. Baydemir izahına Türk mədəniyyətində xalçanın çoxfunksiyalı roluna diqqət çəkərək başladı. O bildirdi ki, köçəri türk cəmiyyətlərində toxunan çadırlarda xalçalar həm döşəmədə, həm də divarlarda geniş istifadə olunurdu. Xalçaların köç zamanı asan daşınması və iqlim şəraitinə uyğun istilik verməsi onları türk cəmiyyətləri üçün əvəzolunmaz bir parça halına gətirirdi.

Toxumalarda istifadə olunan materialların insanların yaşadığı ərazilərdə yetişdirilən heyvanların yunundan əldə edildiyini bildirən Dr. Esen Baydemir dedi:

“Xalçaların yalnız sənətkarlıq nümunəsi olmadığını, eyni zamanda, bədii ifadə vasitəsi olduğunu görürük. Xalçalar düzbucaqlı şəkildə toxunmur, üzərlərində müxtəlif naxış və motivlər olur.

Toxucular bəzən ətraflarında gördükləri təbiət obyektlərini, bəzən isə türk tayfalarına aid simvolları motiv kimi istifadə edirdilər. Xalçalardakı motivlər həmçinin xalçanın keyfiyyətini, materialını, ailənin statusunu və cəmiyyətin quruluşunu da əks etdirir.”

Baydemir açıqlamasında bildirdi ki, saraylar üçün toxunan xalçalar daha incə keyfiyyətdə, daha yaxşı materiallarla (məsələn, ipək) və daha sıx naxışlarla toxunurdu. Xalqın öz istifadəsi üçün hazırladığı xalçalar isə daha kobud, daha çox həndəsi naxışlara malik və əldəki mövcud materiallardan istifadə edilərək hazırlanırdı.

“Məlum mənbələr göstərir ki, XIII və XIV əsrlərdə Anadoludan Avropaya ixrac edilən Uşak xalçaları Avropalılar üçün bir status simvoluna çevrilmişdi. Yalnız aristokratlar və Avropalı zənginlər bu nadir və gözəl xalçaları sifariş verə bilirdilər" – Dr. Esen Baydemir.

Toxuma sahəsində böyük bir irəliləyiş əldə edilib

Pazırık xalçasının dövrün sənət anlayışı, texnoloji bilikləri və mədəni dünyası haqqında Dr. Esen Baydemir belə izah etdi:

“Sənət tarixçiləri və arxeoloqlar tərəfindən III və V əsrlərə aid olduğu hesab edilən Pazırıq xalçasının çox incə qoyun yunundan toxunduğunu bilirik. Xalçada türk düyünü olan "Gördes" düyünü istifadə olunub.

Pazırıq xalçasının zəminində süvarilər, maral və digər heyvan fiqurları son dərəcə realist şəkildə işlənib. Bu fiqurların açıq və aydın görünməsi üçün xalça 10 sm-də 36 min ilməyə hesablanaraq çox incə toxunub.

Bu ilmə sayı xalçanın yüksək keyfiyyətlə toxunduğunu göstərir və həmin dövrün şəraitini nəzərə alanda toxuma sahəsində böyük bir irəliləyişin əldə edildiyinin sübutudur.”

Pazırıq xalçasında istifadə olunan bu inkişaf etmiş texnika, toxuma təcrübəsinin və onun uzunmüddətli inkişaf tarixinin dərin olduğunu göstərir. Dr. Baydemir qeyd edir ki, xalça xüsusi olaraq eyər örtüsü formasında hazırlanıb. Onun detalı belədir:

Xalçanın tam orta zəmində 24 kvadrat içində səkkiz qollu bir çiçək var. Bu çiçək “Hun gülü” adlanır və Orta Asiya və Türk xalçalarında çox istifadə olunur. Xalçada olan 24 Hun gülü bəzi mütəxəssislərə görə Türk tayfalarının 24 boyunu simvollaşdırır.

Çiçək motivinin səkkiz qollu olması dörd əsas istiqamət və onların ara istiqamətlərini simvollaşdırır. Xalçada təsvir olunan maral fiqurları Orta Asiyada yaşayan maral ailəsinə aiddir.

Əsas keçiddə hər kənarda 7 süvarinin olduğu görünür. Süvarilərin atları üzərindəki əyər örtükləri və atların quyruq bağlama üsulları da türk mədəniyyətinə xas elementlərdir.

Heç biri təsadüfən yerləşdirilməyib, hər birinin mənası var

Xalçanın detalları haqqında danışdıqdan sonra, 2500 il əvvəl Hun tayfalarından birinə aid məzarda qalmış Pazırıq xalçasının məzara sahibi ilə birlikdə basdırılmasının səbəbini soruşduqda, Dr. Esen Baydemir qədim Türk və Hunlarda ölüm sonrası həyata inanca diqqət çəkdi.

Baydemir bildirdi ki, Pazırıq kurqanlarında tapılan bəzi mumiyalanmış insan cəsədləri bu inancı dəstəkləyir, kurganların bəzi yerlərində insanların atları və şəxsi əşyaları da yer alıb, yalnız Pazırıq xalçası deyil, bəzi keçə parçaları da mövcuddur. Bu tapıntılar ölüm sonrası həyata olan inancın mövcudluğunu göstərir.

Pazırıq xalçasının naxışları incələndikdə, bəlkə də, ən maraqlı detal maral fiqurunun daxili orqanları ilə birlikdə təsvir edilməsidir. Bu barədə Dr. Baydemir belə dedi:

“Bu maral fiqurlarının üzərində nöqtə, vergül və at nalı şəklində naxışlar var. Prof. Dr. Oktay Aslanapa bunu ‘Türk Xalçaları Sənətinin Min İli’ kitabında qeyd edir.

Bəzi mütəxəssislər bunun heyvanın daxili orqanları olduğunu da söyləyir. Əlbəttə, bu tam dəqiqliklə təsdiqlənmiş deyil; daxili orqanlar ola bilər, amma niyə xalçada təsvir edildiyi hələ də bir sirrdir.

Lakin bildiyimiz odur ki, türk mədəniyyətində maral müqəddəs heyvanlardan biri sayılır və məhsuldarlıq, dişilik, hikmətlə əlaqələndirilir.

Türk inanclarında maralın ruhları ölü dünyaya daşıdığı düşüncəsi də mövcuddur. Pazırıq xalçasında istifadə olunan heç bir naxış təsadüfi deyil və hamısının fərqli simvolik mənası var.”

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

Azərbaycan əsilli yazıçı vəfat etdi

Məşhur müğənni konsertini ləğv etdi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
kulis.az

2Источники