Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, görüşün Amerika torpağında keçirilməsi məxfi xidmətə bütün lazımi resursları məhdudiyyətsiz köçürməyə imkan versə də, Alyaskanın coğrafi mövqeyi özlüyündə problem yaradıb.
Yüzlərlə gizli xidmət agenti Ankoricə göndərilməli, nəqliyyat və mənzillə təmin edilməli olub. Ankoricdə kirayə verilən avtomobillərin sayı azdır, ona görə də agentlər ştatın digər yerlərindən və hətta ölkədən nəqliyyat vasitələrini şəhərə gətirməli olublar.
Bundan əlavə, Alyaskada təhlükəsizliyi təmin etməklə yanaşı, məxfi xidmət sentyabrda Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yüksək səviyyəli həftəsinə hazırlaşır.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp avqustun 15-də Alyaskanın Ankoric şəhərində görüşəcəklər. Bu, Putinin ABŞ-ın o zamankı prezidenti Co Baydenlə Cenevrədə görüşdüyü 2021-ci ilin iyunundan bəri iki dövlət başçısı arasında ilk təkbətək danışıqlar olacaq.
Putin 1867-ci ildə ABŞ-a 7,2 milyon dollara satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.
Son illərdə ABŞ Daxili Təhlükəsizlik Departamentinin nəzdində fəaliyyət göstərən Gizli Xidmət, ilk növbədə, Amerika torpaqlarında ölkənin ali rəhbərliyinin və xarici liderlərin təhlükəsizliyini təmin edir. 2003-cü ilə qədər federal hüquq-mühafizə orqanı statusuna malik olan bu xüsusi xidmət ABŞ Maliyyə Nazirliyinin tərkibində idi. Bu onunla izah edilirdi ki, o, 1865-ci ildə ABŞ milli valyutasının saxtalaşdırılmasına qarşı mübarizə məqsədilə yaradılıb, lakin sonradan onun funksiyaları xeyli genişlənib.