RU

İsti havada bunları etməyin -

İsti hava şəraiti yalnız ürək zəifliyindən əziyyət çəkənlərə deyil, həm də sağlam insanlara təsir edir. Bəs bu cür qızmar havalarda özümüzü necə qorumalıyıq? Kardioloq Günay Rəhimova Metbuat.az-a açıqlamasında bildirib ki, isti havalarda ürək-damar sistemi ən çox təsirlənən orqanlardan biridir. O qeyd edib ki, ürəyin üzərindən damarlar keçir və bədəndə olduğu kimi, həmin damarların da istiliyin təsirindən sıxılması nəticəsində ürək döyüntüsü sürətlənir, təzyiq isə enə bilir. Bu zaman bir sıra digər proseslər də baş verir ki, nəticədə xəstələr özlərini çox pis hiss edə bilirlər: “Ürəyində heç bir problemi olmayan insanlar da istinin təsirindən narahatlıq hiss edə bilirlər. Amma ürək xəstələri daha çox təsirlənirlər. Bu səbəbdən isti havada, xüsusən günün altında çox gəzməmək tövsiyə olunur. Günün ən isti saatlarında - saat 12:00-dək və gün batdıqdan sonra, təxminən saat 17:00–22:00 arası çöldə olmaq daha məqsədəuyğundur. İsti havada çox yemək yedikdən dərhal sonra sürətli yerimək təhlükəli ola bilər. Mədə dolu olduqda həzm prosesi üçün ürək döyüntüləri sürətlənir, bu isə bəzi hallarda hətta huş itirməyə səbəb ola bilər. Ona görə də yay aylarında yüngül qidalara üstünlük vermək, ağır yeməklərdən və bir oturuşda çox miqdarda yeməkdən çəkinmək məsləhətdir”. G.Rəhimova isti havada spirtli içkiləri, xüsusən pivə içməməyi tövsiyə edib: “Günün ən isti çağında pivə qəbul etmək mədəni yükləyir və orqanizmə əlavə yük salır. İsti havalarda çoxlu su içmək lazımdır, çünki günəşin təsiri ilə bədəndən tər vasitəsilə çoxlu miqdarda maye çıxır. Bu zaman elektrolitlər də itirildiyi üçün su ilə bədənə yenidən maye balansı təmin edilməlidir. Ancaq su qəbulu da ifrata varmamalıdır. Sağlam insanlar öz çəkilərinə əsasən gündə 2 litrdən bir qədər artıq su içməlidirlər. Böyrək xəstələri isə maye qəbulunu yalnız həkimlərinin məsləhəti ilə, böyrəklərinin vəziyyətinə uyğun tənzimləməlidirlər”. Həkim qeyd edib ki, yay mövsümündə dəniz kənarına gedərək günəş vannası qəbul etmək də çox dəbdədir. Lakin bu da yalnız səhərin erkən saatlarında və ya günəş batmağa yaxın vaxtlarda edilməlidir. Uzun müddət birbaşa günəş şüalarının təsiri altında qalmaq ciddi fəsadlara, hətta ürək dayanmasına belə səbəb ola bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
11
1
metbuat.az

2Источники