Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
Bakues.az xəbər verir ki, bu barədə FHN-nin yaydığı məlumatda qeyd olunub.
“Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təxminən 50ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.
Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri davam etdirilir”, – deyə məlumatda bildirilib.