RU

“Vaşinqton görüşü hərbi qələbənin diplomatik müstəvidə davamıdır”- ŞƏRH

Vaşinqton görüşündə əldə olunan nəticələr hərbi sahədə əldə edilən qələbənin diplomatik müstəvidə davamı kimi qiymətləndirilməlidir. İmza atılan sənədlər həm sülh gündəliyi ilə bağlı Azərbaycanın şərtlərinin qəbul edilməsi anlamına gəlir, eyni zamanda Birləşmiş Ştatlarla Azərbaycan arasında strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasını göstərir. Təbii ki, bu da dövlət başçısının apardığı siyasətin nəticəsi olaraq önə çıxır.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın sülh gündəliyi ilə bağlı bir sıra şərtləri var idi və xüsusilə konstitusiyanın dəyişilməsi, eyni zamanda Minsk qrupunun ləğvi ilə bağlı Ermənistan tərəfi manipulyasiya etməklə məşğul idi. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan çalışırdı ki, Azərbaycanın bu tələbi reallaşmasın və “sülh kəsişməsi” adlı qondarma layihə ilə buna qarşı çıxaraq manipulyativ addımlar atmaqla prosesi uzatsın.

Politoloq qeyd etdi ki, burada əsas məqsəd Fransa və müxtəlif təşkilatların, eyni zamanda Bayden administrasiyasının Ermənistan üzərindən atmaq istədiyi regional addımlarla bağlı problemlər yaratmaq idi. Ermənistan uzaq perspektivdə hədəflərinə nail olmaq üçün sülh gündəliyini yumşaltmağa, Fransa və Bayden administrasiyasının dəstəyini almağa çalışırdı. Bu səbəbdən də Azərbaycanın xüsusilə konstitusiya dəyişilməsi ilə bağlı şərtləri qəbul olunmurdu.

“Amma proseslər, xüsusilə Azərbaycanın uzaqgörən siyasət yürütməsi, hələ seçki ərəfəsində qeyri-müəyyən vəziyyətdə Prezident İlham Əliyevin Trampa verdiyi siyasi dəstək və Birləşmiş Ştatlarla uğurlu addımların atılması uzaq perspektivə hesablanmış effektiv nəticələr idi. Vətən müharibəsindən əvvəl yürüdülən siyasət, müharibədə əldə olunan qələbə, Ermənistanın kapitulyasiya aktına imza atması, 2023-cü ildə antiterror tədbirləri ilə separatizmin kökünün kəsilməsi və sülh prosesində Azərbaycanın şərtlərinin qəbul etdirilməsi tarixi hadisədir,” – deyə Əli Zülfüqaroğlu bildirib.

Siyasi şərhçi vurğulayıb ki, ABŞ-də Zəngəzur dəhlizi Azərbaycanın tələblərinə uyğun şəkildə açıldı. Zəngəzur dəhlizinin açılmasına qarşı başlıca maneə İran idi və Tehran bunu “qırmızı xətt” hesab edirdi. İran eyni zamanda Rusiyaya təzyiq edirdi ki, Ermənistan üzərində bu istiqamətdə heç bir təsir göstərməsin. Rusiyanın da loyal yanaşması və prosesi uzatmağa hesablanmış addımlar atması Azərbaycanı alternativ yollara əl atmağa vadar etdi.

''Azərbaycan dəfələrlə Rusiya tərəfinə mesaj verib ki, digər ərazilərdən Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmalıdır və bu, mütləq həyata keçiriləcək. ABŞ-da Azərbaycanın bu tələbi, Birləşmiş Ştatlar başda olmaqla Ermənistan tərəfindən də qəbul edildi. Beləliklə, Fransa və Biden administrasiyasının “sülh kəsişməsi” layihəsi də tarixə qovuşdu''.

Zülfüqaroğlunun sözlərinə görə, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı atılan addım və əldə edilən razılaşmalar bölgəyə üçüncü qüvvələrin müdaxiləsi üçün formalaşan “dırnaqarası əsasların” sıradan çıxmasına gətirib çıxardı. Bu, kifayət qədər önəmli hadisədir. Eyni zamanda Ermənistan konstitusiyasının dəyişiləcəyi ilə bağlı razılığın əldə olunması və digər addımlar Azərbaycanın şərtlərinin bütövlükdə qəbul edilməsinin göstəricisidir.

“Bu, diplomatik uğurdur və tarixi hadisədir. Bundan sonra bölgədə yeni geosiyasi şərait yaranır, yeni mərhələ başlayır. Azərbaycanla Birləşmiş Ştatlar arasında tarixi əlaqələrin yeni mərhələyə keçməsinin şahidi oluruq. Bu, çox ciddi nəticədir və böyük tarixi uğur kimi qiymətləndirilməlidir. Bundan sonra da Azərbaycan sülh sazişinin imzalanması üçün yaranan zəminin daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərəcək,” – deyə politoloq bildirib.

O əlavə edib ki, Ermənistanla Azərbaycan arasında sülh istiqamətində etimad mühitinin yaranması müşahidə olunur: “Bu, onu deməyə əsas verir ki, bundan sonra Ermənistanın hər hansı bir bəhanə ilə sülhə qarşı çıxmaq kartları tamamilə əlindən alınıb, neytrallaşdırılıb. Ona görə də Azərbaycan diplomatik müstəvidə də üstün tərəfdir və öz şərtlərini qəbul etdirən ölkə olaraq sülh gündəliyini diktə edəcək, sülh sazişinin həyata keçirilməsi ilə bağlı Ermənistan üzərində dominant siyasətini yürütməyə müvəffəq olacaq.”

Избранный
109
operativmm.az

1Источники