RU

İran–İsrail müharibəsi yenidən qapıda -  Bu tarixdən toqquşmalar...

Yaxın Şərqdə gərginlik yeni mərhələyə qədəm qoyub. İsrailin İran əhalisini etirazlara səsləməsi, hədəf siyahısına daxil edilmiş bəzi hərbi-siyasi fiqurların adlarını açıqlaması regionda siyasi və hərbi atmosferi daha da kəskinləşdirib. Paralel olaraq, ABŞ-ın hərbi  təyyarələrinin regiona yönəldilməsi və Donald Trampın sərt bəyanatları, İsrail–ABŞ xəttində koordinasiyalı hərbi əməliyyat ehtimalını gündəmə gətirib. Bəs İsrailin İran əhalisini etiraza çağırması və müəyyən hərbi-siyasi fiqurları hədəf göstərməsi hansı strateji məqsədə xidmət edir? Bütün bu gərginlik fonunda yeni bir müharibənin başlama ehtimalı nə qədər realdır?
Moderator.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki,  dünyada baş verən proseslər göstərir ki, nə qədər atəşkəs razılaşmaları əldə olunsa da, bunlar əsasən müvəqqəti xarakter daşıyır. O qeyd edib ki, istər Pakistan–Hindistan, istər İran–İsrail, istərsə də Rusiya–Ukrayna münaqişəsi olsun, heç birində tam sülhdən danışmaq mümkün deyil. İsrail dəfələrlə bəyan edib ki, İranda hədəflərinə tam nail ola bilməyib və buna görə də yeni addımlar atmaq niyyətindədir:
 
Bu isə hazırlıq prosesinin davam etdiyini göstərir. Hətta toqquşmalar zamanı İsrail Baş naziri Benyamin Netanyahu İran əhalisini rejimə qarşı ayağa qalxmağa çağırmışdı. Hətta onun “fars rejiminə qarşı qalxın” ifadəsi isə tənqidə səbəb olub. İran yalnız farslardan ibarət deyil və bu cür bəyanatlar, əksinə, mövcud rejimin əlini gücləndirir. Çünki düşmən ölkədən gələn çağırışlar, adətən, əks reaksiya doğurur və cəmiyyəti hakimiyyət ətrafında birləşdirir. İran cəmiyyətində hazırda İsrailə qarşı daha radikal mövqe formalaşır, insanlar hakimiyyətin ətrafında sıx birləşirlər. Bu da göstərir ki, İranı daxildən parçalamaq və hakimiyyəti devirmək niyyəti hələ ki, reallaşmayıb. Ancaq bundan sonrakı mərhələdə İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsi ehtimalı son dərəcə yüksəkdir”.
 
Hərbi ekspert hesab edir ki,  oktyabr ayının 10-na – Nobel Sülh Mükafatının təqdimatına qədər bir çox münaqişələr, o cümlədən İran–İsrail toqquşması nisbətən sakit mərhələdə davam edəcək.
 
“Ondan sonrakı mərhələdə yenidən alovlanmalar başlayacaq. İsrail tərəfi də bu müddətdə bir çox məqamları gördü, zəif nöqtələrini anladı. Ona görə də indiki mərhələdə çalışacaqlar ki, İrandakı hazırkı rejimi devirsinlər. Amma bu, o qədər də asan məsələ deyil. Raket və aviazərbələrlə İrandakı rejimi devirmək mümkün deyil – bunu ötən 12 günlük toqquşma da göstərdi. Əksinə, toqquşma uzun müddət davam etsəydi, hansı ölkədə rejim dəyişikliyi olacağı sualı açıq qalardı. Çünki bu, hətta İsrailin özündə də dəyişikliklərə gətirib çıxara bilərdi. Ona görə də indiki mərhələdə tərəflər bir-birlərinə siyasi mesajlar verəcək, hədələyici bəyanatlar səsləndirəcəklər. Amma bu, müvəqqətidir. Bütün regionlardakı atəşkəs razılaşmaları müvəqqəti xarakter daşıyır. Sonrakı mərhələdə daha ağır toqquşmaların şahidi olacağıq. İran və İsrail arasında yenidən toqquşma baş versə, bu, mənim üçün təəccüblü olmayacaq”.
 
Mehin Mehmanqızı
 
Избранный
96
10
moderator.az

10Источники