Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Ucsuz-bucaqsız ərazilərə malik olan Rusiyanın təbii ki, yeni ərazilərə ehtiyacı yoxdur. Xüsusilə də Rusiya regionlarının hər keçən gün daha da boşalması, əhali artımının azalması fonunda yeni ərazilər lazımsız görünür. Amma məsələ burasındadır ki, Rusiya yeni ərazilərə sahib olmağa özünün imperiya maraqlarını təmin etmək üçün imkan kimi baxır”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Yusif Bağırzadə danışıb. Politoloq qeyd edib ki, Çin kimi iqtisadi gücdən istifadə edib ayrı-ayrı ölkələri özünə bağlamaq kimi imkanı olmadığı üçün yalnız müharibə yolu ilə nəyəsə nail olmağa çalışır.
Konkret Ukrayna timsalında yeni ərazilərin işğalı ilə bağlı politoloq bildirib ki, bu yolla ərazilərin genişləndirilməsi faydasız bir işdir, çünki nə Ukrayna, nə də hər hansı bir digər ölkə və ya beynəlxalq qurum heç bir halda həmin əraziləri Rusiya ərazisi olaraq tanımayacaq.
“Hətta təmas xətti əsas götürülərək müharibə dayandırılsa belə, yəni Ukraynanın işğal altında olan əraziləri Rusiyanın nəzarətində qalacaqsa da bu, münaqişənin həlli sayılmayacaq. Bu yolla münaqişəni ancaq dondurmaq olar ki, bu da gələcəkdə yeni müharibə ehtimallarını artırır”-deyən politoloq vurğulayıb ki, ümumiyyətlə, Alyaskada keçirilməsi nəzərdə tutulan görüşdə müharibəni dayandırmaq faktiki olaraq mümkünsüz görünür, çünki Rusiyanın şərtləri o dərəcədə qəbuledilməzdir ki, bu şərtlərlə nəyəsə nail olmaq mümkün deyil.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.