6-8 avqust 2025-ci il tarixlərində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev və institutun Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının elmi işçisi, t.ü.f.d. Rüstəm Əzimov Özbəkistan Respublikasının Rəqəmsal Texnologiyalar Nazirliyinin və Nazirliyin Rəqəmsal Texnologiyalar və Süni İntellektin İnkişafı Tədqiqat İnstitutunun dəvəti ilə Səmərqənd şəhərində keçirilən “Müstəqil Dövlətlər Birliyi ölkələrində süni intellekt texnologiyalarının inkişafı” forumunda (AI FORUM CIS 2025) iştirak ediblər.
"Unikal" xəbər verir ki, forumun açılış tədbirində çıxış edən akademik Əli Abbasov iştirakçıları salamlayaraq aktual mövzulara həsr olunan tədbirin önəmindən bəhs edib. Azərbaycanda milli Süni İntellekt (Sİ) strategiyası və ekosisteminin arxitekturası, həyata keçirilməsi yolları barədə məlumat verən alim Sİ həllərinin tətbiqi üçün dövlət, özəl və akademik sektorun əməkdaşlığının vacibliyini qeyd edib.
Akademik, həmçinin Beynəlxalq Sİ Alyansı tərəfindən təşkil edilmiş “AI HORIZONS Форсайт-сессия” proqnozlaşdırma sessiyasında dəvət olunmuş məruzəçi qismində “İnklüziv Sİ-nin gələcəyi: LLM, Dil Müxtəlifliyi və Davamlı Tətbiqlərin Yaradılması Çətinlikləri” mövzusunda təqdimatla çıxış edib. Çıxışında Azərbaycanda Sİ-nin əsas tətbiqi istiqamətləri və İSİ-də sözügedən istiqamətdə həyata keçirilən elmi tədqiqat işlərindən bəhs edib. MDB dövlətlərinin Sİ sahəsində əməkdaşlığının genişləndirilməsi, konsorsiumların yaradılması və birgə elmi tədqiqatların aparılması barədə fikirlərini səsləndirib.
Sessiyada, həmçinin Beynəlxalq Sİ Alyansının Baş katibinin müavini Elvira Çaçe, Yandex-in Sİ Texnologiyalarının İnkişafı Direktoru Aleksandr Kraynov, AIRI İnstitutunun Çoxalma və Sintez Sektorunun şöbə müdiri Eqor Erşov, AIRI İnstitutunun Təhlükəsiz Sİ laboratoriyasının direktoru, Etibarlı və Təhlükəsiz Ağıllı Sistemlər tədqiqat qrupunun rəhbəri Oleq Roqov, “Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri” Milli Tədqiqat İnstitutunun professoru, kvant hesablama texnologiyaları üzrə mütəxəssis Dilnoz Muxamediyeva, Əl-Farabi Qazax Milli Universitetinin Süni İntellekt və Big Data Kafedrasının müdiri, professor Mədinə Mansurova və Milli Belarus Elmlər Akademiyasının İnformatika Problemləri Birgə İnstitutunun baş direktor müavini Sergey Kasanin iştirak ediblər. Beynəlxalq Süni İntellekt Alyansı tərəfindən aparılan AI HORIZONS süni intellektdə ən perspektivli sahələrin və tədqiqat mövzularının müəyyən edilməsinə yönəlmişdir. Tədqiqatın məqsədi qabaqcıl texnologiyaların, elmi-tədqiqatlara tələbatın və prioritet elmi istiqamətlərin müəyyən edilməsidir.
Forum çərçivəsində Ə.Abbasov və T.Babayev dünya elmi ictimaiyyətinin müxtəlif nümayəndələri ilə keçirilən müzakirələrdə iştirak ediblər. Müzakirələrdə Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru, Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının sədri Vladimir Norov, Yuqor İnformasiya Texnologiyaları elmi-tədqiqat institutunun direktor müavini, Sİ üzrə 164-cü Texniki Komitənin sədri Sergey Qarbuk və digər iştirakçılarla əməkdaşlıq perspektivləri barədə danışıqlar aparılıb. Həmçinin, Özbəkistan Respublikasının Rəqəmsal Texnologiyalar Nazirliyinin Rəqəmsal Texnologiyalar və Süni İntellektin İnkişafı Tədqiqat İnstitutunun (RTSİ Tİ) direktoru A.Kadırovla İSİ ilə RTSİ Tİ arasında birgə fəaliyyət imkanları və anlaşma memorandumunun imzalanması barədə fikir mübadiləsi aparılıb.
Forumda tərtibatçılar, dizaynerlər və sahibkarlar üçün 3 günlük intensiv “AI Hackathon” təşkil edilib. Mühazirə, seminar və proqram təminatının yaradılmasından ibarət olan intensiv xakatonda “OnConnect” beynəlxalq komandasının tərkibində İSİ-nin əməkdaşı Rüstəm Əzimov fəal iştirak edib.
Qeyd edək ki, forumun əsas məqsədi süni intellekt sahəsində MDB ölkələrinin təcrübə mübadiləsi, milli strategiya və təşəbbüslərin formalaşdırılması, süni intellektin iqtisadiyyat və təhsil sahələrində tətbiqi, süni intellekt məhsulları bazarının formalaşması və digər mövzular ətrafında müzakirələrin aparılması olmuşdur. Forumun nəticələri 2025-ci ilin noyabr-dekabr aylarında Moskvada Beynəlxalq Süni İntellekt Səfəri (AIJ) platformasının bir hissəsi kimi təqdim olunacaq.