RU

İxtisas seçimi edən abituriyentlərin nəzərinə

Xəbər verdiyimiz kimi, artıq ötən gündən ali məktəblərə ixtisas seçimi başlayıb. Bəs ixtisas seçimi edərkən abituriyentlər nələrə diqqət etməlidirlər? Təhsil eksperti Elçin Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, düzgün ixtisas və universitet seçimi gələcək karyera üçün əsas təməl sayılır."Əlbəttə, abituriyentin topladığı bal və uyğun universitet seçimi çox önəmlidir. İxtisas seçimi zamanı birinci, abituriyent hansı ixtisası oxumaq istədiyini dəqiqliklə müəyyən etməlidir. Sonra həmin ixtisası ən yaxşı hansı universitetdə oxuya biləcəyini seçməlidir. Daha sonra isə topladığı balın həmin ixtisasa qəbul üçün kifayət edib-etmədiyini yoxlamalıdır. Bununla bağlı abituriyentlər əvvəlki illərin keçid ballarına, universitetlərin statistik göstəricilərinə baxaraq daha doğru seçim edə bilərlər. Bəzi universitetlərdə qəbul balları süni intellekt əsasında sistemləşdirilərək təqdim olunur. Abituriyentlər balını daxil etməklə hansı ixtisaslara qəbul ola biləcəyini asanlıqla görə bilirlər".Ekspert qeyd edib ki, keçən ilə nisbətən xüsusilə 600 baldan çox toplayanların sayı bir qədər azalıb:"Xüsusilə ikinci qrup üzrə ballar əvvəlki ilə nisbətən aşağı düşəcək. Üçüncü qrupda vəziyyət fərqlidir, burada keçid balını toplayanların sayı daha çox, boş yerlər isə bir qədər azdır. Dördüncü qrupda da keçid balları əvvəlki ilə nisbətən bir qədər aşağıdır. Bu il yenilik olaraq dördüncü qrupda ilk dəfə Qarabağ Universitetində xarici dillər üzrə qəbul aparılır ki, bu da abituriyentlər üçün əlavə imkan deməkdir. Ümumilikdə əvvəlki illə müqayisədə nəticələrdə bir az geriləmə olsa da, dövlət sifarişi yerlərinin sayı artıb, xüsusilə birinci və ikinci qruplarda bu artım müşahidə olunur. Bu artım nəticəsində dövlət sifarişinə daha çox qəbul həyata keçiriləcək. Üçüncü və digər ixtisas qruplarında isə abituriyentlərin balları əvvəlki illə müqayisədə bir qədər aşağıdır, buna görə də qəbul balı da aşağı düşə bilər". Ekspert abituriyentlərə seçim zamanı diqqətli və yaxşı düşünülmüş qərar verməyi tövsiyə edib.

Ülkər Cəlilzadə / Metbuat.az

Избранный
90
50
metbuat.az

10Источники