RU

Azərbaycan gəncləri həyatın bütün sahələrində örnəkdirlər

Azərbaycan gəncləri milli dövlətçiliyin, ölkəmizin ərazi bütövlüyünün qorunmasında, xüsusən də 30 ildən artıq işğal altında olan torpaqlarımızın erməni silahlı birləşmələrindən azad edilməsində böyük fəallıq göstəriblər. İndi bu gəncliyin səsi-sorağı erməni vandalizmi nəticəsində xarabazarlığa çevrilmiş Qarabağdan və Şərqi Zəngəzurdan gəlir, onlar geniş vüsət alan tikinti-quruculuq işlərində fəal çalışırlar. 

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində milli dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilən və böyüyən gənc nəsil xalqımızın rifah halının yaxşılaşmasında, həyatın bütün sahələrində ölkənin iqtisadi qüdrətinin inkişafında əlindən gələni edir. Ümummilli Lider Heydər Əliyev hesab edirdi ki, gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. 

Müasir dövrdə gənclər elm, təhsil, səhiyyə və idman sahəsində olduğu kimi, dövlətin iqtisadi potensialının artırılmasında, habelə quruculuq və ictimai-siyasi proseslərdə də örnəkdir. Ölkəmizdə əhalinin 60 faizdən çoxunu gənclər təşkil edir. Onlara diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi bu təbəqəyə yüksək etimaddan irəli gəlirlər. Belə bir uğurlu siyasətin bariz nümunəsi, dövlətin gənclərə, gənclərin isə dövlət başçısına olan inam və etimadı 2020-ci il İkinci Qarabağ savaşında özünü daha qabarıq büruzə verdi. Minlərlə Azərbaycan gənci qorxmadan, çəkinmədən ən çətin döyüşlərə atıldı, yüzlərlə yeniyetmə könüllü olaraq cəbhəyə yollandı. Milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclərin şücaəti hamını heyran etdi. Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"unun Zəfərində, 30 ilə yaxın erməni əsarəti altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsində vətənpərvər gənclərin birliyinin şahidi olduq. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən qələbə ilə çıxdılar. 

Azərbaycan gəncliyi bu gün daha qürurlu və məğrurdur. Çünki Vətənə sevgi, məhəbbət, düşmənə nifrət hissi ilə böyüyən gənc nəsil Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı işğalçılardan azad edərək Azərbaycanın hərb tarixinə yeni səhifələr yazmış, xalqımıza əvəzsiz sevinc bəxş etmişdir. 

İndi vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri, minlərlə şəhid və qazinin qanı axıdılmış müqəddəs torpaqlarda tikinti-quruculuq işlərində əvəzsiz xidmətlər göstərirlər. Qürurverici haldır ki, işğaldan azad edilmiş bəzi yaşayış məntəqələrinə, o sıradan Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə, Füzuliyə, Şuşaya, Xocalıya, Ağdərəyə, Suqovuşana, Cəbrayıla, Ağdamın Xıdırlı kəndinə və digər ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı daha da kütləviləşib. Bu ilin sonunadək Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı, Ağdam və Şuşa şəhərlərinə təxminən 20 min nəfərin qayıtması nəzərdə tutulub.

Məmnunluq doğuran odur ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan İcmasının həyatında da fəallıq göstərir. İctimai-siyasi fəaliyyəti ilə gündəmdə olan Qərbi Azərbaycan İcması, o cümlədən icmanın Gənclər Birliyi vaxtilə erməni vandalizmilə üzləşən, dədə-baba yurdlarından zorla qovulan qaçqınların, köçkünlərin, deportasiyalara məruz qalan insanların beynəlxalq qanunlar çərçivəsində pozulmuş hüquqlarının bərpasına çalışır. Soydaşlarımızın öz yurdlarına geri qayıtması uğrunda apardığı haqq mübarizəsində gənclərin daha yaxından iştirak etməsi çox böyük önəm daşıyır. Azərbaycan gəncliyi istər ölkə daxilində, istərsə də xaricdə bu mübarizəyə dəstək verəcək kifayət qədər gücə və əzmə malikdir. 

Qərbi Azərbaycanəsilli gənclər inanırlar ki, ölkəmizin rəhbərinin qətiyyəti sayəsində günlərin birində onlar da əzəli ata-baba yurdlarına qayıdacaqlar. Bunu həm də soydaşlarımızı Qərbi Azərbaycana addım-addım yaxınlaşdıran hadisələr, keçirilən tədbirlər, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına ünvanlanan bəyanatlar, müraciətlər deməyə əsas verir.

Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, onların sağlam və vətənpərvərlik ruhunda böyüməsini təmin etmək, müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək, habelə gənclərin dövlət idarəçiliyində rolunu artırmaq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətindədir. Şəhid ailələrinə və qazilərə xüsusi qayğı göstərilməsi, respublikamızın idman şərəfini qoruyan gənclərin mükafatlandırılması, yeniyetmə oğlan və qızlara müxtəlif ixtisaslara və peşələrə yiyələnmək üçün zəruri şəraitin yaradılması, ümumiyyətlə, gənclərin təhsil və sosial həyat şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür. Bu mənada Azərbaycan Prezidentinin iyulun 24-də "Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması" və "Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında", habelə "Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikası ali məktəbləri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" sərəncamları dediklərimizə bariz nümunədir. 

Milli Məclisin deputatı Tamam Cəfərova mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış iki mühüm sənəd - "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" 2019-cu il 14 fevral tarixli 961 nömrəli sərəncama edilən dəyişiklik və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmana edilən əlavə və dəyişikliklər Azərbaycan dövlətinin təhsilin bütün pillə və səviyyələrində oxuyan tələbələrə göstərdiyi sistemli və ardıcıl qayğının bariz nümunəsidir. Sözügedən sənədlərlə 2025-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Prezident təqaüdünün məbləği 270 manatdan 350 manata yüksəldilib. Bununla yanaşı, doktorantlara, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən digər dövlət təqaüdləri də artırılıb. Bütün bunlar təhsil alan gənclərin sosial rifahının yaxşılaşdırılması, onların maddi təminatının gücləndirilməsi və təhsilə maraqlarının artırılması istiqamətində atılmış əhəmiyyətli addım kimi dəyərləndirilməlidir. 

Gənclər dövlət siyasətində strateji hədəf qrupu kimi müəyyən olunur və onların inkişafı, təhsili və cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan da təqaüdlərin artırılması ilə bağlı verilmiş qərarlar dövlətin gənclərə olan inamının, onların intellektual potensialına göstərilən siyasi və mənəvi dəstəyin real ifadəsidir. Bu istiqamətdə ardıcıl olaraq həyata keçirilən islahatlar, maddi stimullaşdırma mexanizmlərinin genişləndirilməsi və təhsil alan şəxslərin rifahının yüksəldilməsinə yönəlmiş qərarlar ölkənin gələcək inkişaf strategiyası ilə uzlaşdırılır. Təqaüdlərin artırılması da məhz bu strateji baxışın davamı və konkret təzahürüdür.

Qlobal miqyasda insan kapitalının gücləndirilməsi rəqabətqabiliyyətli dövlətlərin əsas inkişaf meyarına çevrilib. Bu kontekstdə təhsil alan gənclərə verilən maddi dəstəyin artırılması onların bilik və bacarıqlarının daha səmərəli inkişaf etdirilməsinə imkan yaradır. Məhz bu baxımdan təqaüdlərin məbləğinin artırılması təkcə sosial dəstək tədbiri deyil, eyni zamanda elmi, texnoloji və iqtisadi sahələrdə ixtisaslaşmış kadrların formalaşmasına yönəlmiş kompleks tədbirlər sisteminin bir hissəsidir. Təhsil sahəsində dövlətin həyata keçirdiyi təqaüd siyasəti həm də sosial ədalətin təmin olunmasına yönəlib. Aztəminatlı ailələrdən olan tələbələrin keyfiyyətli təhsilə əlçatanlığının artırılması, onların təhsil xərclərinin qismən kompensasiya olunması dövlətin sosial rifah siyasətinin mühüm komponentlərindən biridir. Təqaüd məbləğlərinin artırılması bu baxımdan da böyük əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı daha sonra deyib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil siyasəti milli inkişaf modelinin əsas dayaqlarından biri olaraq gələcək nəsillərin bilikli, vətənpərvər və yüksəkixtisaslı kadrlar kimi formalaşmasına xidmət edir". 

Görünən odur ki, dövlət səviyyəsində göstərilən diqqət və qayğıya rəğmən ölkəmizin gəncləri savadlı, sağlam və vətənpərvər ruhda böyüyür, onlara göstərilən etimadı layiqincə doğruldurlar. 

Rəhman SALMANLI, 

"Azərbaycan"

Избранный
80
50
azerbaijan-news.az

10Источники