RU

Abşeronda 42 yaşlı kişi pul üstündə qonşusunu bıçaqladı

Abşeron rayonunda 42 yaşlı kişi pul üstündə yaranan mübahisə zamanı tanışını bıçaqlayıb. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin mayın 31-də rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rüfət adlı şəxs həmin gün gecə saat 02:30-da Elşəngilə gəlib və onu bıçaqlayıb. 

Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllərdə törətdiyi cinayət əməllərinə görə məhkumluq həyatı yaşayıb: “Lakin heç kimlə düşmənçiliyim və ya ədavətim yoxdur. Zərərçəkmiş şəxsi təxminən 15 ildən artıqdır ki, tanıyıram, onunla münasibətim yaxşı olub. Mayın 30-da, saat təxminən 20 radələrində yaşadığım evdə olarkən yemək yedim, təxminən yarım litr spirtli içki qəbul etdim. Həmin gün saat təxminən 24 radələrində yaşadığım evdən çıxanda böyük qardaşım Məcnun məni arxadan çağırdı və dedi ki, içkilisən, heç yerə getmə. Həmin vaxt həyətdə oturdum və bir müddətdən sonra qardaşımın evə girdiyini gördüm, həyətdən çıxdım”.

Təqsirləndirilən şəxs bildirib ki, həmin vaxt evində usta işləmiş Elşad adlı şəxsin ona 120 manat pul borclu olmasını xatırlayıb: “Bu səbəbdən pulumu geri almaq qərarına gəldim. Elşad adlı ustanın Elşən adlı şəxsin yaşadığı ünvanda işlədiyini eşitdiyimdən ora getdim. Evin həyətindən Elşəni çağırdım. O, bayıra çıxan zaman isə Elşadı soruşdum. Elşən əsəbi formada “ burda yoxdur” dedi. Həmin vaxt Elşən tərəfindən itələnərək həyətdən bayıra çıxardıldım. Bu zaman o, “gecə vaxtı niyə mənim həyətimə gəlmisən” deməklə ünvanına kobud ifadələr işlətdi. Həmin vaxt ünvanıma kobud sözlər deməsindən əsəbləşdim və özümdən cib bıçağını çıxarıdım. Həmin bıçaqla Elşənin qarın nahiyyəsindən bir dəfə vurdum. Elşən qarın nahiyyəsini əliylə tutdu və “nə etdin, niyə məni vurdun” deyərək bir yerdə bayıra çıxdıq. Həmin vaxt Elşənin qarın nahiyyəsindən az miqdarda qan gəldiyini gördüm. Yəqin yarasının yüngül olduğunu düşündüm. Həmin vaxt ayıldım və hətta Elşəndən üzr istədim. Elşənin yarasının ciddi olmadığını düşündüm, həmdə onun bacısının ev tərəfdən gəldiyini görərək oradan uzaqlaşdım. Sonra evə getdim. Həmçin həmin vaxt qorxumdan bıçağı hara tulladığımı xatırlamıram. Hadisə barədə evdə heç kimə heç nə deməmişəm və yatmışam. Həmin gün məni heç kim narahat etmədi. Amma axşam vaxtı yaşadığım evdə olarkən Elşənin bacısı Vüsalə gəldi, qardaşı Elşəni vurduğuma görə iradını  bildirdi. Qardaşını vurma səbəbini soruşdu və ona təsadüfdən olduğunu dedim”. 

Rüfət deyib ki, səhəri gün saat təxminən 12 radələrində polis əməkdaşları yaşadığı evə gəlib: “Polis əməkdaşları dedilər ki, Elşənlə dava etmisən, ona görə də birlikdə Saray Polis Bölməsinə getməlisən. Mən də etiraz etmədim və polis əməkdaşları ilə birlikdə bölməyə getdim. Saray polis bölməsində məndən hadisə ilə əlaqədar şifahi qaydada soruşdular. Mən sərxoş olduğumdan hadisəni xatırlamadığımı bildirdim”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüfət 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. 

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. O, təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib. 

Məhkumun vəkili tərəfindən apellyasiya şikayəti yazılıb. Vəkil müvəkkilinin barəsində olan cəzanın daha yüngül cəza ilə əvəz olunmasını xahiş edib.

Hər iki şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Hakim Elçin Məmmədovun sədrliyi ilə şikayət araşdırılıb və sonda qərar elan olunub. Qərara görə, dövlət ittihamçısının protesti təmin olunub və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. 

Yuxarı instansiya məhkəməsinin hakimlər heyəti məhkumun cəzasını 6 ilə qədər artırılması barədə qərar qəbul ediblər. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilib. 

Fariz Məlikli
Demokrat.az
Избранный
19
50
demokrat.az

10Источники