RU

Deputat: "8 avqust Azərbaycanın növbəti zəfər tarixi kimi yazıldı"

"8 avqusta Vaşinqtonda Azərbaycan adına bir tarix yazıldı. Ona görə Azərbaycan adına deyirəm ki, sözün həqiqi mənasında 8 avqust razılaşması Azərbaycanın öz gücünə reallıqları dəyişməsi sayəsində mümkün oldu. Məlumdur ki, torpaqlarımız 30 ilə yaxın müddət ərzində işğal altındaydı və həm işğalçı tərəf, həm də ona havadarlıq edənlər Azərbaycanı təzyiqlə razı salmağa çalışırdılar ki, mövcud reallıqlarla barışsın, ermənilərin nəzarətində olan ərazilərin onların xeyrinə rəsmiləşdirilməsinə razılıq versin. Amma biz heç bir halda buna razı olmayacağımızı bəyan etmişdik".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

O bildirib ki, sona qədər də xalq olaraq, dövlət olaraq, millət olaraq iradəmizi ortaya qoyduq və nəticə etibarilə 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə ilə özümüz yeni reallıqlar yaratdıq:

"Və məcbur etdik ki, Azərbaycanın yaratmış olduğu haqqa, ədalətə, beynəlxalq hüquqa söykənən reallıqları qəbul etsinlər.
Artıq bu reallıqlar Ermənistan və onun havadarları, eləcə də böyük güclər tərəfindən qəbul edilib. 8 avqusta imzalanmış Vaşinqton sənədləri də bunu təsdiq edir. Bu sənədlərlə Zəngəzur dəhlizi məsələsi faktiki olaraq öz həllini tapdı. Həmçinin sülh sazişinin paraflanması, 907-ci düzəlişin ləğvi, ATƏT-in Minsk Qrupunun ləğv olunması və Azərbaycanla ABŞ arasında strateji müttəfiqliyi əhatə edən razılaşmalar əldə olundu".

Deputat deyib ki, bütün bunlar Azərbaycanın gücü, ordumuzun qəhrəmanlığı, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Ali Baş Komandan Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün oldu: 

"Artıq diplomatik masada həmin uğurların davamını görürük.Azərbaycan Prezidentinin liderliyi ilə tarixi günlər yaşayırıq. 8 avqust Azərbaycanın növbəti zəfər tarixi kimi yazıldı. Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılmalı, digər tələblər də yerinə yetirilməlidir ki, sülh müqaviləsi imzalansın. Bu da uzaqda deyil. Regionda yeni reallıqlar yaranır. Sülh və sabitliyin əsas təminatçısı Azərbaycan və qardaş Türkiyə olacaq. Bunu tarixi zəfər kimi qiymətləndirmək tam yerinə düşür."

Əfsanə Kamal
Demokrat.az
Избранный
18
50
demokrat.az

10Источники