RU

"Vaşinqton görüşü": Sadə vətəndaşların baxış bucağı...

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən Zirvə görüşü ilə bağlı müzakirələr nə dünya ictimaiyyəti, nə də Azərbaycan vətəndaşları arasında səngimir.


Dünyanın, regionun, Azərbaycanın siyasət adamları, politoloq və ekspertləri görüş haqqında kifayət qədər müzakirələr aparıb, fikirlər yüyüdüb, nəticələr və prosesin inkişafı ilə bağlı proqnozlar söyləyiblər.
Sadə vətəndaşlarımızın da fikirləri sizin üçün maraqlı olar deyə,   onların bir neçəsi ilə zəngləşib, söhbətləşmişik.

Adalet.az həmin söhbətləri sizə təqdim edir:


Şuşalı, uzun illərin pedaqoqu Sevda Səfərli xanım əvvəlcə bildirdi ki, 35 illik Qarabağ mövzusu biz adi vətəndaşları da az qala siyasətçi edib. Demək olar ki, bu mövzuda olan bütün baş verən hadisə, tədbir, görüş, sammit və sair olaylara, təşkilatların qərarı, dövlətlərin fikrinə ellikcə, bildiyimiz qədəri ilə, münasibət göstərməyə çalışmışıq. Bir məqam yadıma düşdü, onu deyim, sonra fikrimi tamamlayaram. Deməli, 2020-ci ilin noyabrı idi, Azərbaycan ordusunun zəfərini qeyd edirdik.

Amma bir az hüznlü idik. Əvvəla 3 min şəhidimizin varlığına üzüldük, sonrada Putinin hikkə ilə adı “sülhməramlı”olan qoşununu Qarabağa yerləşməsinə hüznləndik. bilirik ki, Rusiya 300 ildi caynağını batırıb Qafqaza, xüsusən Azərbaycana , əl çəkmir. Onun hər Azərbaycana gəlişi bir fəlakətin, faciənin başlanğıcı olub. Rusiya Azərbaycanda qan tökməklə məşğul olub. “Sülhməramlılar” Qarabağın böyük bir hissəsinə artıq sahiblik edirdi, eyni zamanda əzəli düşmənimiz olan erməniləri müdafiə edirdi. Ermənilərin də 70 faizi ərazilərimizdə oturub ağalıq edirdi, bax bu rusların hesabına. Yadıma gəlir, o ərəfədə bizim qohumlar Şuşaya getmişdilər rusiyalı qəsbikarlar onları İsa bulağına keçməyə imkan verməmişdilər. Bunu eşidəndə o qədər ağladım ki... Bir dəfə “bunun axırı necə olacaq” fikirləri ilə televiziyanın qarşısında oturmuşdum, xəbərlərə baxırdım. Birdən Ali Baş Komandan İlham Əliyevin çıxışı sanki evi doldurdu : “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Bu mesajı elə bil Allah həmin fikrimə cavab kimi göndərmişdi. Nəhayət gün gəldi, Qarabağda nə erməni qaldı, nə rus işğalçısı olan “sülhməramlı”. Artıq 35 il xalqımıza dərd üstündən dərd verən Qarabağ adlı problem yoxdur . İndi bu Vaşinqtondakı görüşlə bağlı erməni bir söz deyir, rus bir söz deyir, fars başqa bir söz deyir... Artıq onların nə deməsini umursamıram. Artıq gələcəkdə baş verəcək bütün olayların Azərbaycanın xeyrinə olacağına zərrə qədər şübhəm yoxdu! “Zəngəzur dəhlizi”nin (adı nə qoyulur qoyulsun ) fəaliyyətə başlaması elə Qarabağ qələbəsi boyda bir qələbədir!Xalqımızın, dövlətimizin gözü aydın olsun!

Ağdam rayon Çuxurməhlə kəndindən olan dosent, Texniki Elmlər Namizədi Şirinova Dürdanə xanım deyir ki, Qarabağ müharibəsi bitər-bitməz – 2021-ci ildə Soçi görüşündən sonra “Zəngəzur dəhlizi” təşəbbüsü Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən gündəmə gətirildi. Sonra məqsəd olaraq qarşıya qoyuldu və hazırda gerçəkləşmək üzrədir. Bu dəhlizin əhəmiyyəti haqqında bu 4 ildə çox deyilib, çox yazılıb. Ən mühüm tərəfi isə  Azərbaycanın dəhliz vasitəsilə Naxçıvanla birləşməsidir. Həm dəmiryolu, həm şosse yol! Xatırlayırsınızsa, “Zəngəzur Dəhlizi” təşəbbüsü ilə paralel olaraq cənab Əliyevin 300 min qaçqının dədə-baba torpaqlarına qayıtması təşəbbüsü də var. Zənnimcə, sülh sazişindən sonra qərbi azərbaycanlıların  yurdlarına dinc dönüşü də reallaşacaq. Çünki vaxtı ilə “qarabağlılar öz tarixi yurd-yuvalarına dönəcəklər” sözü verən Prezident İlham Əliyev verdiyi sözü tutdu və bu gün ruh yüksəkliyi ilə dövlətin “Yurda qayıdış” layihəsi baş tutur. Minlərlə köçkün öz doğma Qarabağına dönüb və proses davam edir. Ümidliyəm ki, “sülh sazişi”ndən sonra Qərbi Azərbaycanlılar da doğma ellərinə, yurdlarına dönəcəklər. Nüfuzlu Azərbaycan dövləti bu problemin də öhdəsindən gələcək.


Beyləqan rayonundan olan Asif Quliyevin sevinci isə əslində elə  hamımızın sevincidir, desəm yanılmaram. Asif müəllif söyləyir ki, 300 ildir çaynaqlarını Qafqaza keçirmiş, Qafqazı qan gölünə qərq etmiş Rusiyanın bu sazişdə iştirak etməməsi, söz sahibi olmaması Vaşinqton görüşünün ən önəmli detalıdır:" Bu detal onu göstərir ki, Gürcüstanda, Azərbaycanda olmayan Rusiya tezliklə Ermənistandan da çıxacaq. Çıxmaq məcburiyyətindədir. Çünki Ermənistan bu dəhlizlə bağlı ABŞ-la əməkdaşlığı 99 il müddətinə razılaşıb və gələcəkdə bu müddət uzadılacaq. ABŞ şirkətləri həmin əraziyə gedəcək, orada infrastruktur layihələri həyata keçirəcək.

Rusiyaya məxsus 102-ci bazanın Gümrüdə olması bir problem olsa da, ABŞ Ermənistanda oturuşduqca Rusiya ərazini tərk etmək məcburiyyətində qalacaq. Bir sözlə, ilk dəfədir ki, hansısa bir görüşdən bu qədər məmnun qalmışam. Rusiya Qafqazdan getməlidir, gedəcək!


I Qarabağ müharibəsinin qazisi Sərxan Mehdiyev daha önəmli bir məqamı dilə gətirdi. O bildirdi ki, 1992-ci il Qarabağ müharibəsinin ən qızğın dövrü idi:" Ermənilər və ruslar dişinə qədər silahlanıb kənd və şəhərlərimizə hücumlar edirdi. Yəqin ki, Şuşa, Laçın işğalında, Xocalı soyqırımında rusların fəaliyyəti haqqında faktlara az rast gəlməmisiniz. Həmin dövrdə ABŞ-dakı erməni lobbisinin təşəbbüsü və təbliğatı ilə Azərbaycana ABŞ hökumətindən birbaşa yardım göstərilməsini qadağan edən “907-ci düzəliş” qətnaməsi qəbul olundu. Bundan sonra Vaşinqton Bakı ilə həm iqtisadi, həm də təhlükəsizlik sahələrində əməkdaşlığı demək olarkı dayandırdı. Yəni, bizə silah sursat verməyi də dayandırdı. Məğlubiyyətimizin səbəblərindən biri idi silahımızın az olması.

ABŞ-la Azərbaycan arasındakı bu gərginlik düz 33 il davam etdi. Ermənilər istənilən yardımı ABŞ-dan ala bildi, Azərbaycan yox!

 Hazırda  qərara alınıb ki, həmin o qərəzli “907-ci düzəliş” dayandıran sənəd imzalanacaq. Bu tək ABŞ-dan yararlanmaq , yardım almaq deyil, məncə, bu erməni lobbisini “nakout”a salmaqdır. Bir sözlə, 33 ildən sonra Azərbaycan dövlət başçısı ədaləti bərpa etdi. Onun Azərbaycanın haqq işi uğrunda bütün mübarizələrdə qəti iradə sərgilədiyinin şahidi olduq. Ədaləti unutmuş dünyada ədaləti üzə çıxartmaq böyük siyasətçilərin işidir!


Ağdərə rayonu Baş Güney kəndindən olan, şəhidimiz Əvəz Novruzovun oğlu, şəhidimiz Ziya Novruzovun qardaşı Kərim müəllim tarixçidir. Vətənpər ailədə böyümüş Kərim müəllim deyir ki, “Vaşinqton görüşü” söhbəti başlayandan erməni mediasını diqqətlə izləyirəm:” Demək olar ki, ermənilər sanki ağır matəm günlərini yaşayır. Həm mediada, həm də sosial şəbəkələrdə ancaq ağlaşma qürub , giley-güzr edirlər, şivən salırlar. O günü onların ABŞ-da yaşayan bir politoloqlarının mövzu ilə bağlı açıqlamasını oxumuşam, yazır ki, Azərbaycanın məsələdən ən uğurlu tərəf kimi çıxacağına şübhəm yoxdur. Sonra da kədərlə əlavə edir ki, bu prosesdən ən çox faydalananlar Bakı və Ankaradır:” Onlar Ərdoğanın dəfələrlə elan etdiyi “Türk Dünyasına İnteqrasiya” proqramını həyata keçirən Azərbaycan və Naxçıvan vasitəsilə Türkiyəni Mərkəzi Asiya ilə birləşdirən Turan dəhlizini əldə edirlər.
Azərbaycan heç bir qarşılıqlı güzəşt olmadan strateji dəhliz alır, çünki bu, klassik marşrut deyil, beynəlxalq zəmanətli xüsusi statusa malik marşrut olacaq”.
Yəni, dünyanın bəzi ölkələri, eləcə də Ermənistan da istəməsə belə Turan qurulacaq.
Mənim üçün ən önəmli olan bir də odur ki, 34 ildir bizi təhdid edib Ermənistanı əzizləyən İran dəhlizin istifadəsindən kənarda qalır . Zəngəzur dəhlizinin çəkilməsinə qarşı çıxaraq, “ bu mənim qırmızı xəttim”deyən, bununla ABŞ-a, dolayısı ilə Azərbaycana qarşı çıxan İran hazırda mənasız bəyanatlar verir.
Ümumiyyətlə, Vaşinqton görüşündə qəbul edilən hər bir bənd, hər bir tələb əslində Qarabağdan əli çıxmış ermənilərə zərbə üstündən zərbədir!
Bu əslində ermənilərin xalqımıza yaşatdığı faciələrin qarşılığıdır! Hamımızın ürəyincə olan bir görüşdür! Davamı gəlsin!

Əntiqə Rəşid

Избранный
98
50
adalet.az

10Источники