“Vətənin üçün darıxmaq çox normal hissdir. Türkiyə yad məmləkət deyil, doğmadır. Amma bütün hallarda mənim doğulduğum yer Azərbaycandır, Bakıdır. Hər kəs öz kəndinin daşı-kəsəyi üçün darıxar. Mən də darıxıram – dostlarım üçün, evimiz üçün, doğulduğum ünvan – Cəfər Cabbarlı 8-dəki o həyət üçün darıxıram. Köhnə Bakı üçün, köhnə insanlar üçün, artıq itməkdə olan bəzi adətlərimiz üçün darıxıram. Xülasə, Bakıya gələndə də darıxıram, gəlməyəndə də”.
Tribunainfo.az-ın məlumatına görə, bunu rejissor, aktyor, pedaqoq Cahangir Novruzov APA-ya müsahibəsində deyib.
Sözügedən müsahibəni ixtisarla təqdim edirik:
– Cahangir müəllim, Bakı sürətlə gözəlləşir, müasirlər. Amma bir məsələ də var ki, bu müasirlik bəzi köhnə evlərin sökülməsi, məhəllələrin, küçələrin öz simalarını dəyişməsi hesabına başa gəlir.
– Sanki Bakının ruhunu redaktə ediblər. Hər dəfə Bakıya gələndə hansısa binanı haqsız olaraq yerində görməyəndə nə hisslər keçirdiyimi bir bilsəydiniz..
– Teatr məbəd olmalıdır?
– Təbii. Teatr – yalanın həqiqətə xidmət etdiyi müqəddəs bir məbəddir; səhnə isə yalanın qurban edildiyi qurbangahdır. Amma artıq bizdə, hətta dünyada belə teatrın məbəd vəzifəsi demək olar ki, unutdurulub. Çünki biz çoxluq olaraq hər şeyi yıpratmağa, alışmışıq. Rüşvət, riyakarlıq, tanışlıqla iş görmək, haram, yalan kimi naqisliklər bizim xislətimizdə yer tutub. Bir tür qurtara bilmirik bu bəlalardan. Heyf ki, indi teatrımız da həyatımıza bənzəməyə başlayıb. Amma bu çox çəkməz, çünki yalan yol tutub çox yürüməz.
Teatr sənəti cəmiyyətin həyatını yalnız əks etdirməklə kifayətlənməyən, həm də onu formalaşdıran ən mühüm sosial institutlardan biridir. O, mənsub olduğu xalqın mənəvi, əxlaqi, fəlsəfi və estetik dəyərlərinin təşəkkül və inkişafının özünəməxsus memarlığını öhdəsinə almış bir sənətdir.
– Cahangir müəllim, 71 yaşınız var. Vətənə birdəfəlik qayıtmağı düşünürsünüz?
– Mən Türkiyədə hal-hazırda aktiv yaradıcı və pedaqoji bir həyat sürürəm. Vətənə təqaüdə çıxmaq üçün gəlməm nə qədər doğru olur? Konkret təklif, dəvət hələ ki, yoxdur. Sanki qorxurlar, ehtiyat edirlər.
– Əgər belə bir dəvət olarsa…
– Əgər belə bir dəvət olarsa, 11 illik teatr savadımın, 70 ildir gördüyüm sənət əxlaqının mənə miras qoyduğu, öyrətdiyi şərtləri qəbul edərlərsə, gələrəm. Əks təqdirdə gəlib hər kəsin etdiyini etməm fərqli nəticə verməz. Teatrımızda olan xəstəliyi hamılıqla ortaya çıxarmaq onu gerçəkdən həyata qaytarmaq lazımdır.
Söhbətimizi Qarsia Lorkanın sözləri ilə bitirmək istəyirəm: “Teatr – göz yaşları və gülüş məktəbidir, insanların köhnəlmiş və ya yalançı əxlaqı ifşa edə bildiyi, canlı nümunələr üzərində insan qəlbinin və insan duyğusunun əbədi qanunlarını izah edə bildiyi azad tribunadır. Öz teatrını yaratmağa kömək etməyən xalq ya ölüdür, ya da ölüm ayağındadır. Lakin teatr göz yaşları və ya gülüş vasitəsilə cəmiyyətin, tarixin nəbzini, xalqının dramını, doğma mənzərənin və milli ruhun gerçək rənglərini tuta bilmirsə, onun teatra adlanmaq haqqı yoxdur. Onu ya qumarxana, ya da iyrənc bir işlə – ‘vaxt öldürməklə’ məşğul olun bir müəssisə adlandırmaq lazımdır”.
Qeyd edək ki, bir neçə ay əvvəl deputat Səyyad Salahlı Milli Məclisin iclasında əlaqədar qurumlara səslənərək Cahangir Novruzovu vətənə qaytarmağa çağırmışdı.