RU

Ən çox tələbat olan ixtisaslar hansılardır? AÇIQLAMA

Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayıb. Bəs hazırda əmək bazarında ən çox tələbat olan ixtisaslar hansılardır?

Təhsil eksperti Məzahir Məmədli Metbuat.az-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrinə qəbul başlayanda artıq valideynlərin və abituriyentlərin xüsusi gərginliyi artır.

O deyib ki, bu mərhələdə demək olar ki, heç kim əmək bazarını nəzərə almır, hər kəs qruplar üzrə hansı bal toplanıbsa və hansı ixtisasa çatacaqsa, ona üstünlük verir:

“Bu, Azərbaycan qəbul sisteminin əsas qüsurlarından biridir. Dünyanın heç bir yerində olmayan qaydalar tətbiq olunur: abituriyentlər yeni ixtisasa görə deyil, qruplara görə seçim edirlər. Məsələn, gələcəyin hüquqşünası olmaq istəyən bir abituriyent tarix müəllimi, gələcəyin həkimi olmaq istəyən isə biologiya müəllimi olur. Biz bundan xilas olub, arzuladığımız peşəyə görə ixtisas seçmək imkanına malik olmalıyıq. Bu şans verilmədiyi üçün ixtisas seçənlər əmək bazarını düzgün hesablaya bilmirlər. Halbuki bu gün əmək bazarı üçün vacib olan sahələr — kompüter mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi və s. əsasən qruplar üzrə məhdudlaşdırılır. Məsələn, birinci qrupa sənəd verən və ya dördüncü qrupa sənəd verən abituriyent bu ixtisasları seçə bilmir. Bunun üçün mütləq həmin ixtisasın aid olduğu qrupa sənəd verməlidirlər. Daha məqsədəuyğun olardı ki, bal toplayandan sonra istənilən ixtisası seçmək mümkün olsun”.

M.Məmmədli qeyd edib ki, müəllimlik həmişə vacib sahələrdən hesab olunur və bu il üçüncü qrup üzrə vəziyyət xüsusilə gərgindir:

“Üçüncü qrupa müraciət edənlərin sayı mövcud yerlərlə adekvat deyil. Ötən illə müqayisədə bu il plan yerləri 6050 nəfərə çatdırılıb. Bu, abituriyentlərin tələbə adını qazanmaq şansını artsa da, ümumilikdə rəqabət hələ də yüksəkdir. Bu il 60 min yerə qarşı 130 min abituriyent müraciət edib. Bu rəqəm böyük görünməsə də, nəticədə təxminən 65 min abituriyent qəbuldan kənarda qalacaq. Onlar da, təbii ki, attestatla xarici ölkələrdə təhsil almağa üz tutacaqlar. Bu isə Azərbaycanın ümumi rifahı ilə uyğunlaşmayan bir məsələdir. Valideynlər də övladlarına görə narahat həyat tərzi yaşayırlar”.

Ekspertin fikrincə, növbəti illərdə Azərbaycanda həm peşəyönümlü, həm də ixtisas yönümlü qəbul sistemi tətbiq edilməli, bu mövcud qrup məhdudiyyətlərindən xilas olunmalıdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
23
metbuat.az

10Источники