RU

Coğrafiya İnstitutunun əməkdaşları Xəzəryanı ərazilərdə tədqiqat aparıblar

Bakı, 11 avqust, AZƏRTAC

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı olaraq, Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən Xəzər dənizində su səviyyəsinə iqlim dəyişmələrinin uzunmüddətli təsirinin qiymətləndirilməsi və sahilboyu ərazilərin landşaft-ekoloji şəraitində baş verən dəyişikliklərin tədqiqi məqsədilə ekspedisiya təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Landşafşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov, aparıcı elmi işçi Səidə Zeynalova və elmi işçi Emil Cəbrayılov Masallı, Neftçala, Lənkəran və Astara rayonlarının dənizsahili ərazilərini tədqiq ediblər.

Tədqiqatın əsas məqsədi iqlim dəyişmələri şəraitində təbii və antropogen ekosistemlərin inkişaf tendensiyalarında yaranan meyillərin və bu sistemlərin struktur-funksional xüsusiyyətlərindəki dəyişikliklərin, həmçinin ekogeokimyəvi şəraitin kompleks şəkildə öyrənilməsi, eləcə də böyük miqyaslı (1:100.000) landşaft-ekoloji rəqəmsal xəritələşdirmənin aparılması olub.

Tədqiqatların ilkin nəticələrinin təhlili göstərib ki, sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə baş verir. Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri çəkilməsi daha zəif olub və 40-50 metrdən 200-300 metrə qədər dəyişib.

Ən güclü sahil geriləməsi Qızılağac körfəzi rayonunda müşahidə edilib. Burada sahillər ildə orta hesabla 250–300 metr geri çəkilib və geniş ərazilərdə ekosistemlər kontinental rejimə keçib. Bu ərazilərdə dəniz sahilindən qurunun içərilərinə doğru ətli-şorangəli və şoranotlu yarımsəhralar tədricən lığvərli və yulğunlu ekosistemlərlə əvəz olunmağa başlayıb.

Sara adası şərqə doğru 2,5 kilometr genişlənib, Bala Qızılağac körfəzinin isə səthinin yarıdan çoxu yosunlarla örtülüb, nəticədə suyun keyfiyyəti dəniz canlılarının inkişafı üçün yararsız hala düşüb və akval ekosistem pozulub. Neftçala–Ələt sahillərində isə ən kəskin landşaft-ekoloji dəyişikliklər Qoltuq körfəzində müşahidə olunub və dəniz burada 1,5-2 kilometr geri çəkilib.

Ekogeokimyəvi şəraitin qiymətləndirilməsi məqsədilə götürülmüş bitki, süxur və torpaq nümunələrinin kameral analizləri hazırda davam etdirilir.

Dənizin geri çəkilməsi nəticəsində kontinental rejimə keçmiş ekosistemlərin dinamikasında müşahidə olunan meyillərin cənubdan şimala və sahilə paralel olaraq quruya doğru dəyişməsi qanunauyğun xarakter daşıyır. Həmçinin səviyyənin düşməsinin antropogen ekosistemlərə təsiri qiymətləndirilib.

Diogenez özünəməxsus kimyəvi, fiziki, bioloji şəraitdə əmələ gələn, az tapılan süxur nümunəsidir və Azərbaycanda ilk dəfə həmin ərazidə qeydə alınıb.

Избранный
42
50
azertag.az

10Источники