RU

Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətni yayılıb

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.

Qaziler.az XİN-ə istinadən xəbər verir ki, paraflanmış Sazişin ingilis dilində mətni ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür. Sazişin eyni dərəcədə autentik olan Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi ilə bu keçid vasitəsilə tanış olmaq olar.

Bundan əlavə, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar.

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında

SAZİŞ

Azərbaycan Respublikası və Ermənistan Respublikası (bundan sonra Tərəflər),

Bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təsis edilməsinə təcili zərurəti anlayaraq,

Bu məqsədə dövlətlərarası münasibətlərin təsis edilməsi yolu ilə töhfə verməyi arzulayaraq,

BMT Nizamnaməsini, BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq ilə bağlı beynəlxalq hüququn prinsipləri haqqında Bəyannaməni (1970),

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Helsinki Yekun Aktını (1975) və 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini rəhbər tutaraq, və orada əks olunmuş norma və prinsiplər əsasında əlaqələri inkişaf etdirmək məqsədi güdərək,

Öz aralarında mehriban qonşuluq münasibətləri təsis etməklə bağlı qarşılıqlı iradəni ifadə edərək,

Aşağıdakılar əsasında öz aralarında sülh və dövlətlərarası münasibətləri təsis etmək barədə razılığa gəlirlər:

Maddə I

Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər;

Maddə II

Tərəflər, I Maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər; Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər.

Maddə III

Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər.

Maddə IV

Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər.

Maddə V

Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra ______ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar.

Maddə VI

Tərəflər, hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar.

Maddə VII

Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.

Maddə VIII

Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.

Maddə IX

Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır.

Maddə X

Tərəflər, iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün qarşılıqlı maraq kəsb edən aidiyyəti istiqamətlər üzrə ayrıca razılaşmalar bağlaya bilərlər.

Maddə XI

Hazırkı Saziş Tərəflərin beynəlxaq hüquq və onların hər birinin digər BMT üzvdövlətləri ilə bağlanmış müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmir. Tərəflərdən hər biri onunla digər hər hansı üçüncü tərəf arasında hazırda qüvvədə olan beynəlxalq razılaşmaların onun bu Saziş üzrə götürdüyü öhdəliklərinə xələl gətirməməsini təmin edəcəklər.

Maddə XII

Tərəflər ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər tutacaqlar. Tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər; Tərəflər, Müqavilələr hüququ haqqında Vyana Konvensiyasına (1969) uyğun olaraq, bu Sazişin qüvvəyə minməsindən əvvəl onun obyekti və məqsədinə xələl gətirən fəaliyyətlərdən çəkinəcəklər.

Maddə XIII

Tərəflər bu Sazişin tam icrasına zəmanət verirlər və hazırkı Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəklər. Bu Komissiya Tərəflər arasında razılaşdırılacaq modallıqlar əsasında fəaliyyət göstərəcək.

Maddə XIV

Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədən, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisəni, XIII Maddədə istinad olunan Komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr yolu ilə həll etmək istiqamətində çalışacaqlar. Bu məsləhətləşmələr 6 ay ərzində Tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, Tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər.

Maddə XV

XIV Maddəyə xələl gətirmədən, Tərəflər hər hansı bir hüquqi müstəvidə onlar arasında bu Sazişin imzalanmasından əvvəl mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı bir formada həll edəcəklər və bir-birinə qarşı bu cür iddiaları, şikayətləri, etirazları, iradları və icraatları başlatmayacaq, və tərəflərdən hər hansı birinə qarşı hər hansı digər üçüncü tərəfin başlatdığı bu kimi iddia, şikayət, etiraz, irad və icraatlara hər hansı bir formada cəlb olunmayacaqlar; Tərəflər bu Sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmayacaq, bu addımları həvəsləndirməyəcək və ya hər hansı bir formada bu fəaliyyətlərə cəlb edilməyəcək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklər.

Maddə XVI

Bu Saziş Tərəflərin öz milli qanunvericiliklərinə uyğun olaraq daxili prosedurların bitməsi barədə bildiriş sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək. Bu Saziş BMT Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçiriləcək.

Maddə XVII

Hazırkı Saziş Azərbaycan, erməni və ingilis dillərində bağlanılmışdır, bütün üç mətn bərabər autentikdir. Hər hansı autentik mətnin müddəasının təfsirində fikir ayrılığı olduqda ingilis dilindəki mətn üstünlük təşkil edəcəkdir.

Избранный
109
50
qaziler.az

10Источники