RU

Məğlubiyyətdən doğan qalibiyyət: Gənc qızın uğur HEKAYƏSİ

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İlahə Həbib -  “Özün olmağı bacar” kitabının müəllifi

 Bəzən bir məğlubiyyət insanın içində elə bir güc oyadır ki, o güc bütün həyatı

dəyişdirə bilir. Mən məğlub oldum… Amma həmin məğlubiyyətin içində bir

qalib doğuldu – mən. Bu hekayə qaranlıqdan işığa, ümidsizlikdən inama uzanan

yolun, yəni mənim həqiqi həyat hekayəmdir.

Abituriyent vaxtı ilk il universitetə qəbul ola bilmədim. Bu, mənim üçün ciddi

sarsıntı idi. Yenidən hazırlaşmaq istəmirdim, çünki inandığım nəticəni əldə

etməmişdim və sanki bütün əziyyətim boşa getmişdi. Amma sonra fərqinə

vardım ki, əslində kifayət qədər səy göstərməmişəm. Bunu dərk etdikdən sonra

özümə bir söz verdim: nə olursa olsun, istədiyim hədəfə çatmaq üçün yenidən

hazırlaşacağam!

Hazırlıq mərhələsi yorucu və əziyyətli keçdi. Artıq üç deyil, beş dəfə çalışırdım.

Yol çətin olsa da, qaranlığın içində bir işıq görürdüm. İkinci il ilk hazırlıq

günündə statusumda şəklimi paylaşaraq belə yazdım: “Hər son yeni bir

başlanğıcdır.” Bu mesajı sadəcə yazmadım – qəlbimdə hiss edərək yazdım. Və

bu yazı gerçəkləşdi – mən universitetə qəbul oldum.

Qabiliyyət imtahanına getdiyim gün bizə üç esse mövzusu təqdim olundu və

istədiyimizi seçməyimiz istəndi. Mövzulardan biri dərhal diqqətimi çəkdi. Bu

hadisənin üzərindən illər keçsə də, həmin mövzu hələ də yadımdadır və həmişə

yaddaşımda qalacaq. Çünki o mövzu elə bil ki, mənim onu yazmağımı

gözləyirdi:

“Min kilometrlik yol, kiçik bir addımla başlayar.”

Bu mövzunu düşünmədən seçdim. Sadəcə kağız üzərində deyil, həyatda da bu

mövzunu yaşadım və həyata keçirdim. Bununlada dayanmadım. Qarşımda daha

böyük arzum – öz kitabımı yazmaq və nəşr etdirmək idi. Yazmağa 11 yaşımda

başlamışdım. Məktəbdə esse və şeirlər yazırdım. Amma səmimi deyirəm –

uşaqlıqda müəllif olmaq kimi bir xəyalım yox idi. Yəni bəziləri kimi süni

cümlələrlə “uşaqlıq arzum idi” deməyəcəyəm. Müəllif olmaq, yazdıqlarımın

oxunması və ən əsası – hiss olunması, mənim üçün məhz o məğlubiyyətdən

sonra yaranan bir arzuydu. Və böyük qürurla deyə bilərəm ki, artıq “Özün

olmağı bacar” kitabının müəllifiyəm. Bu kitab motivasiya janrında yazılıb və

oxucu ilə səmimi söhbət formasında qurulub. Kitabı oxuyanda sanki qarşınızda

bir insan dayanır və sizinlə danışır. Bu, bəzən şəfqətli, bəzən acı, amma hər

zaman dürüstlük üzərində qurulmuş bir kitabdır. Hədəfim oxucunun düşüncə və

hiss dünyasına toxunmaq, onu özünü dərk etməyə və potensialını kəşf etməyə

sövq etmək idi. Mesajım aydındır: Qaranlıqda da işıq tap, əgər tapmasan – onu

özün yarat.

Və unutma: öz dəyərini başqalarının sənə verdiyi dəyərlə ölçmə.

İnanın ki, hər kəsin yazıya çevrilə biləcək bir həyatı var. Şərt deyil ki, bu yazı

kitab olsun. Bəzən ürəyinizdə reallaşdırdığınız bir arzu da sizin “yazınız”dır.

Qoy o yazı sizin hərəkətə keçməyiniz və müvəffəqiyyətiniz olsun. Kitabımın

imza günləri keçirildi və çoxsaylı oxucu rəyləri aldım. O rəylər mənə göstərdi

ki, artıq arzuma doğru yolda ciddi bir addım atmışam. Bu yolda tənqid edənlər,

ruhdan salmaq istəyənlər də oldu. Amma mən artıq cəsarətlə kitab yazmış və

onu nəşr etdirmişdim. Təbii ki, hər kəs bu əziyyəti və cəsarəti qiymətləndirə

bilməz. Amma mən sağlam tənqidlərə açıq idim. Onları not dəftərimə qeyd

etdim – növbəti kitablarım üçün bu çox önəmlidir. Lakin sizi yalnız “sənin

yaxşılığın üçündür” deyə tənqid edən və əngəlləyən insanlar olacaq. Onları

görün və keçin. Ən gözəl cavab – növbəti uğurunuzdur. Unutmayın, uğurlu

insanları hər kəs sevmir. Çünki uğur qazanmaq çətindir və bu, bəzilərində

qısqanclıq yaradır. Başqalarının sizi bəyənməməsi sizin yox, onların

problemidir. Amma nə olursa olsun – səmimiyyətinizi itirməyin. Olduğunuz

kimi qalın. Başqalarının obrazına düşməyə və onlara bənzəməyə çalışmayın.

Özünüzü başqaları ilə yox, yalnız dünənki və sabahkı özünüzlə müqayisə edin.

Ən sağlam rəqabət budur.

Kitabımın arxa hissəsində belə bir cümlə yazdım:

“Ən böyük uğursuzluq – cəhd etməməkdir. Cəhdin özü bir uğurdur.”

Bu cümləni həyatımın əsas qayəsinə çevirmişəm. Hər müsahibədə “Niyə sən?”

sualına cavab olaraq məhz bu fikri deyirəm. Siz də cəhd edin. Qoy uğursuz

alınsın – amma təcrübə qazanın. Bəzən insana uğurdan çox uğursuzluq

öyrədir…

İlahə Həbib, Bakı Slavyan Universiteti

Sosial elmlər Fakültəsi, jurnalistika ixtisası 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
75
sherg.az

1Источники