RU

Ölkəmizə qıcadılmış dişlər sındırıldı - ŞƏRH

ABŞ- Azərbaycan dostluğunun təntənəsi  ermənipərəst liderləri və beynəlxalq təşkilatları təşvişə salıb

Prezident İlham Əliyevin  ABŞ-a tarixi səfəri və burada əldə olunmuş möhtəşəm uğurlar uzun müddət anti-Azərbaycan mövqeyi tutmuş ABŞ-ın sabiq Prezidenti Co  Baydenin və komandasının, Fransa Prezidenti Emmanuel Makronun,  həmçinin  Avropa İttifaqının, Avropa Şurasının, Avropa Parlamentinin və bu kimi digər ermənipərəst təşkilatların  Azərbaycanı güzəştlərə məcbur etmək siyasətinin tam iflası oldu. Çünki ötən on illər ərzində  Prezident İlham Əliyev bu anti-Azərbaycan qüvvələrləmübarizəsində öz haqlı mövqeyindən nəinki dönmədi, hətta onların üzərinə qətiyyətli siyasi addımları ilə getdi. Bəli, dünən Azərbaycanla təzyiq dilində danışmağa çalışanlar bu gün artıq reallıqlarımızı qəbul etməyə məhkumdurlar. Məhz bu, möhtəşəmlik Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Görünən odur ki, ABŞ-ın sülhə və təhlükəsizliyə təminat verdiyi Cənubi Qafqazda bundan sonra Rusiya, Fransa, İran və hətta ermənipərəst Avropa İttifaqı belə, pozuculuq fəaliyyəti göstərə bilməyəcəklər.

Avqustun 8- də Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış sülhə, sabitliyə aparan sənədlər bir daha təsdiq etdi ki, Cənubi Qafqazda qaranlıq dövr qapandı və yeni, daha işıqlı mərhələ başlanır. Məlumdur ki, bu gün ABŞ Prezidenti cənab Donald Tramp Azərbaycanla Ermənistan arasında müzakirə olanan sülhün reallaşmasına dəstək verən dünya liderlərindədir. Bunu Azərbaycan xalqı görür və dəstəkləyir. Nəzərə alaq ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda məhz bu məqamları nəzərdə tutaraq demişdir: «Ermənistanla sülh sazişi üzərində işləməliyik. O zaman müharibə bitmişdi və bir boşluq var idi. Mən təklif etdim ki, bir proses başlansın. Ona görə də biz sülh sazişinin mətnini hazırladıq və onu Ermənistana göndərdik. Onların müxtəlif şərtləri var idi və iki il ərzində heç bir irəliləyiş yox idi. Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası «Dağlıq Qarabağ» məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, baxın, birincisi, «Dağlıq Qarabağ» sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan bir məsələ daxil edilə bilməz. Bu müzakirə iki il sürdü və heç bir irəliləyiş olmadı. Bu əraziləri sentyabrda biz azad edəndən sonra, yalnız o zaman Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi. Yəni, nəyin üzərində israr edəcəksiniz? Yəni, demək olar ki, 2024-cü ilin yanvarında real danışıqlar başlanıldı və bizim hazırladığımız layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı. Bundan sonra iki bəndi Ermənistan tərəfi əlavə etmək istəmirdi, ancaq Prezident Tramp qalib gələn kimi onlar o iki müddəanı əlavə elədilər. Mən cənab Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz ki, xanım Harris qalib gələcək və ağ at üzərində olacaqsınız. Ancaq bu, baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər. Bu gün artıq onlar həmin o iki bənd üzərində israr etmirlər».

Buradan aydın görünür ki, 2024-cü ildə ABŞ-da hakimiyyətə Tramp yox, Kamala Harris gəlsəydi  heç şübhəsiz ki,  sabiq Prezident Baydenin imzaladığı və qatı anti-Azərbaycan məzmunlu ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası indi tam işlək halda olacaqdı. Bu isə tamamilə Ermənistana dəstək aktı idi. İndi  belə nəticəyə gəlirik ki, haqqında söz açdığımız sülh prosesini ləngitmək və Trampın mövqelərini zəiflətmək ermənipərəstlərin əsas planlarının tərkib hissəsi imiş.

ABŞ- Azərbaycan əlaqələrinin son 30 illik  tarixinə nəzər yetirsək görərik ki, bizim bu ölkə ilə çoxşaxəli əlaqələrimiz var. Belə ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkəmiz ABŞ-ın beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Prezident İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan ABŞ və NATO ilə «Sülh naminə tərəfdaşlıq» və «Fərdi tərəfdaşlıq» proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, o cümlədən ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq, onunla birlikdə dünyanın ayrı-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib. Həmçinin iki ölkə arasında enerji sahəsində geniş əməkdaşlıq mövcuddur. Ancaq Bayden Administrasiyası zamanında münasibətlərdə ciddi problemlər yaşandı. İndi Tramp Adminstrasiyası özündən əvvəlki hakimiyyətin qərəzli səhvlərini aradan qaldırmaqla məşğulduo. Çünki Tramp hakimiyyətinin birinci dönəmində də ölkələrimiz arasında münasibətlər normal məcrada inkişaf edib. Beləliklə, Azərbaycanın sülh strategiyası qalib tərəfin konstruktiv təşəbbüslərinə əsaslanır və regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır.

ABŞ-ın əvvəlki administrasiyalarından fərqli siyasət yeridən Donald Trampın iradəsi özünü bir çox sahələrdə parlaq şəkildə göstərməkdədir. Azərbaycan-ABŞ prezidentlərinin görüşünün səmimi şəraitdə keçməsi isə dövlətimizin başçısının liderliyinə və Azərbaycana göstərilən böyük önəmin göstəricisi oldu. Gerçəkdən də prezidentlərin dialoqu, bir-birilə lütfkar davranışları elə bir qənaət yaradırdı ki, sanki onlar çoxdan tanışdırlar və aralarında köhnə dostluq var. Bir çoxları yəqin ki, Trampdan belə bir davranış gözləmirdi. Dünyanın ən qüdrətli dövlətinin başçısının, üstəlik, yaşca böyük Prezidentin bu sayaq rəftarı gerçəkdən də səmimiyyətin zirvəsi idi.  Məhz Donald Trampın ölkəmizin başçısı haqqında dediyi : « Mən İlham Əliyevlə qürur duyuram» ifadəsi  ona olan xoş münasibətin və heyranlığın təcəssümüdür.

«Azadlığa Dəstək Aktı»na 907-ci düzəlişin ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması da tarixi hadisədir. Azərbaycana qarşı haqsız olaraq tətbiq edilmiş bu sanksiyanı ləğv olunması çoxdan baş verməliydi, amma Trampdan əvvəlki administrasiyalar bunu ölkəmiz üçün bir təzyiq vasitəsi kimi  saxlayırdılar. Ona görə də indiki dönəmdə ədalətsiz 907-ci düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi tarixi və rəmzi xarakter daşımaqla, ABŞ-nin öz səhvlərini təftiş edib düzəldən ölkə olduğunu göstərdi.

Bəli, açıq şəkildə etiraf etmək lazımdır ki, ABŞ- Azərbaycan dostluğunun təntənəsi əvvəllər  ermənipərət liderlərin və beynəlxalq təşkilatların at oynatdığı Cənubi Qafqaza yeni düzən gətirdi. Eyni zamanda bu müsbət tendensiya ilə onların ölkəmizə qıcadılmış dişləri sındırıldı.

Elçin Zaman, "İki sahil"

Избранный
5
ikisahil.az

1Источники