RU

Azərbaycan və Türkiyə mütəxəssisləri taxta qablaşdırma materiallarının işlənməsi sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin nümayəndələri arasında taxta qablaşdırma materiallarının beynəlxalq fitosanitar tələblərə uyğun işlənməsi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə onlayn formatda görüş təşkil edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə taxta qablaşdırma materiallarına dair Beynəlxalq Fitosanitar Tədbirlər Standartı – ISPM 15 tələblərinin tətbiqi və istiliklə işləmə təcrübəsinin öyrənilməsi müzakirə mövzusu olub.

Görüş zamanı tərəflər arasında istiliklə işləmə prosesinin texniki aspektləri, istifadə edilən avadanlıqlar, prosedurların izlənilməsi, uyğunluğun monitorinqi və sənədləşmə mexanizmləri barədə geniş fikir mübadiləsi aparılıb. Türkiyə tərəfindən bu sahədəki təcrübəyə dair ətraflı təqdimat nümayiş olunub.

Görüşdə ISPM 15 standartının ölkədə səmərəli tətbiqini təmin etmək məqsədilə texniki əməkdaşlığın davam etdirilməsi, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Yekunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

 

 

Избранный
8
11
azertag.az

10Источники