RU

Ermənistana verilən ev tapşırığı nədən ibarətdir? İrəvan üçün yeganə öhdəlik budur - MÜSAHİBƏ

BAKI, 11 avqust. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Tofiq müəllim, Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə əldə edilən nəticələri necə dəyərləndirirsiniz? Gözləntilər nədən ibarət idi və yekun razılaşmalar prosesi irəliyə aparmaqda nə dərəcədə effektiv olacaq?

- Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri, Prezident Donald Trampla görüşü bir çox məsələləri müzakirə etmək baxımından uğurlu olub. Sabiq prezident Cozef Bayden administrasiyası dövründəki Azərbaycan-ABŞ arasındakı böhrandan sonra indi münasibətlər irəliyə doğru davam edəcək. ABŞ ilə Azərbaycan arasında strateji əməkdaşlıqla bağlı işçi qrupu artıq öz işinə başlayacaq və bunun nəticəsində mühüm sənəd qəbul ediləcək. Guman edilir ki, ilin sonuna kimi belə bir sənəd qəbul olunacaq. Məhz bunun fonunda tərəflər daha geniş strateji tərəfdaşlığa və əməkdaşlığa nail olacaq. Bununla razılaşmayan erməni lobbisi indiki reallığa görə isterika vəziyyətindədir.

- Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair əldə edilən nəticələr haqqında yanaşmalar necədir?

- Bakı ilə İrəvan arasında Vaşinqtonda əldə edilən nəticələr olduqca önəmlidir. Azərbaycanın möqeyinə uyğun olan şərtlərin Ermənistan tərəfindən qəbul edilməsi tələb olunurdu. Bu tələb rəsmi olaraq, ABŞ-də təsdiq edildi. Amma hələlik tərəflər arasında yekun sülh sazişinə imza atılmayıb. Bu da Ermənistan konstitusiyasında ediləcək dəyişikliklərlə bağlıdır.

- ABŞ-də qəbul edilən üçtərəfli memorandumun əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan çərçivə sülh sazişində əsas prinsiplər üçtərəfli qaydada qəbul edilmiş memorandumda əksini tapıb. Bu ilk növbədə siyasi öhdəlikdir. Azərbaycan Prezidenti də bəyan etdi ki, bunlar siyasi öhdəliklərdir. Artıq dünyanın birinci paytaxtı olan Vaşinqtonda bu təsdiqlənib. Buna Paşinyan da heç bir əlavəsinin olmadığını açıqladı. O, öz növbəsində qəbul edilən prinsiplərə sadiq olmasını siyasi baxımdan da təsdiqləyib. Yekun sülh sazişi isə hüquqi baxımdan tərəflərin öhdəliklərini təsbit edən bir sənəddir. Ermənistan ev tapşırığını yəni, konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını aradan qaldırdıqdan sonra yekun sülh sazişinin imzalanması mümkün olacaq.

- Azərbaycanın Vaşinqtonda əldə etdiyi müsbət nəticələrin əsas elementləri nədən ibarət idi?

- Ağ Evdəki müzakirələrdə Qarabağ mövzusuna aid məsələlər tamamilə bağlandı. Vaşinqtondan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı verilən mesaj, atılan addım bunu bir daha təsdiq edir. Daima buna qarşı çıxan Fransa da bu prosesi dəstəklədiyini açıqladı. Avropa İttifaqının digər ölkələrinin də buna dair bəyanatları var. Bununla da keçmiş Qarabağ münaqişəsi adlanan mövzu birdəfəlik bağlandı.

- Vaşinqton prosesinə qarşı çıxanların məqsədi nədir?

- Ermənistanda və ondan kənarda olan erməni diasporu bu prosesə qarşı çıxır. Hətta Ağ Evdə erməni diasporunu təmsil edən jurnalistin sualına da liderlərin heç biri reaksiya vermədi. Bu da o deməkdir ki, diaspor dairələri bu mövzunu hələ də gündəmdə saxlamaq niyyətindədir. Görünür, bu istiqamətdə olan erməni təbliğatı bundan sonra da davam etdiriləcək. Amma Ermənistanın və onun əsas havadarı olan Fransanın bundan rəsmən imtina etməsi olduqca önəmli bir uğur idi.

- Zəngəzur dəhlizi ilə bağlı əsas mexanizm müəyyənləşir. Qaydalar və prosedurlarla bağlı hələlik tam təfərrüatlar məlum olmasa da, buna qarşı çıxanlar da az deyil. Regional kommunikasiya xəttlərinin açılmasından narahat olanların arqumenti nədən ibarətdir?

- Azərbaycanın digər bir hissəsi ilə, yəni Naxçıvanla bağlantı təmin edilir. Burada söhbət maneəsiz və təhlükəsiz keçiddən gedir. Bu böyük nailiyyətdir. Amma bu, o demək deyil ki, sülh təmin edilib və bütün problemlər həll olunub. Vaşinqtonda səslənən fikirlər və bəyanatlar onu göstərir ki, Azərbaycan-Ermənistanla öz aralarında sülhyönlü bir yola çıxıblar. Yekun sülh üçün isə uzun bir yol var. Ermənistanda referendum keçirilməli və Azərbaycana aid ərazi iddiaları aradan qaldırılmalıdır. Bundan sonra yekun sülh razılaşması imzalanacaq.

Избранный
17
50
teleqraf.com

10Источники