Sülh diplomatiyası: Azərbaycan növbəti tarixi Zəfəri - ŞƏRH
Azərbaycan son illərdə qazandığı tarixi uğurlar sayəsində dünyada nüfuzlu və etibarlı dövlətə çevrilib. Ölkəmizin mövqeyi ilbəil güclənir və beynəlxalq proseslərdə önəmli rol oynayır. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtona işgüzar səfəri isə həmin strateji kursun yeni və əhəmiyyətli mərhələsi kimi yüksək dəyərləndirilir. Bu səfər dövlətimizin regional və beynəlxalq müstəvidə təsir gücünün artdığını, həmçinin dünya siyasətində fəal və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirir.
Səfərin ən mühüm və əhəmiyyətli nəticələrindən biri Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən tarixi Sammit olub. Bu görüş nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bu sənəd Azərbaycan tərəfindən illər boyu irəli sürülən və müzakirə edilən sülh gündəliyinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və qəbul edilməsinin mühüm göstəricisidir. Birgə Bəyannamə regional sülhün bərqərar olması üçün zəruri olan əsas prinsipləri və addımları müəyyənləşdirir. Eyni zamanda, sənəd Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, qarşılıqlı hörmət və təhlükəsizliyin təmin olunması üçün etibarlı baza yaradır.
Görüşün nəticələri regionda uzun illər davam edən gərginliyin aradan qaldırılması yolunda əhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirilir. Birgə Bəyannamənin imzalanması ilə Azərbaycan öz prinsipial mövqeyini beynəlxalq platformada daha da gücləndirmiş, sülh və əməkdaşlıq çağırışlarını reallığa çevirmək üçün beynəlxalq həmrəylik nümayiş etdirib. Sammit, həmçinin beynəlxalq ictimaiyyətə Azərbaycan Respublikasının qonşularla sülh və əməkdaşlıq siyasətinə ciddi töhfə verdiyini göstərir və ölkəmizin qlobal siyasətdə nüfuzunun artmasına xidmət edir. Beləliklə, Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın sülh diplomatiyasında əldə etdiyi yeni uğurun parlaq ifadəsidir və gələcəkdə Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün mühüm bir təməl daşıyır.
Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması olub. Bu faktor sülh prosesində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilib, gələcəkdə sülh sazişinin imzalanması və ratifikasiyası üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb.
Vaşinqton Sammitinin nəticələri arasında ən diqqətçəkən və strateji əhəmiyyət daşıyan addımlardan biri də ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinin rəsmi olaraq dayandırılması olub. Uzun illərdir sülh prosesində real nəticələr verməyən bu mexanizmin bağlanması barədə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanan birgə müraciət məktubu imzalanıb. Bu, Azərbaycan diplomatiyasının 2020-ci ildən bəri davamlı olaraq gündəlikdə saxladığı və sülh prosesində qarşıya çıxan əsas maneələrdən birinin aradan qaldırılması baxımından əhəmiyyətli bir qələbə kimi diqqət çəkir.
Birgə Bəyannamədə regionun nəqliyyat sahəsində inteqrasiyasına xidmət edən mühüm məsələlər də qeyd olunub. Belə ki, sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və fasiləsiz bağlantının təmin edilməsi strateji bir prioritet kimi önə çəkilib. Bu amillər həm də regional iqtisadiyyatın inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün vacibdir. Vaşinqton görüşündə bu istiqamətdə konkret addımların atılması və yeni kommunikasiyaların açılması üçün razılığın əldə olunması gələcəkdə Cənubi Qafqazın sabitliyi və rifahı üçün əsaslı zəmin yaradır.
Səfər çərçivəsində Azərbaycan və ABŞ arasında imzalanan sənədlər ikitərəfli əlaqələrin yeni mərhələdə inkişafına böyük töhfə verəcəkdir. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet sahələri əhatə edən geniş əməkdaşlıq perspektivlərini nəzərdə tutur. Bu addım ikitərəfli münasibətlərin sistemli şəkildə inkişafı və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır. Səfər, həmçinin iki ölkə Prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması ilə əlamətdar olub. Bu qərar ölkəmizin regional və beynəlxalq siyasətdə daha geniş dəstək qazanması üçün əlverişli zəmin yaradır və iki ölkə arasında etimadın artmasına xidmət edir.
Səfər zamanı, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanması enerji sektorunda, xüsusilə ənənəvi və qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan verəcəkdir. Bu da ölkəmizin enerji təhlükəsizliyi və iqtisadi inkişaf strategiyasının önəmli hissəsidir.
Nəticə etibarilə, Vaşinqton səfəri Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi kimi yadda qalacaqdır. Bu uğur regionun gələcəyi üçün ümidverici və konstruktiv yol xəritəsinin formalaşmasına mühüm töhfə verir. Azərbaycan artıq öz siyasi gündəliyini tam müstəqil şəkildə müəyyənləşdirən və onu qlobal diplomatiya səhnəsində uğurla reallaşdıran güclü dövlətə çevrilib. Ölkəmiz sülh və əməkdaşlıq siyasəti ilə dünya arenasında öz sözünü deyərək, gələcək nəsillər üçün dəyərli örnək yaradıb.