RU

Cənubi Qafqaz uğrunda böyük güclərin mübarizəsi başladı– Ukraynadan sonra...

Zəngəzur dəhlizi Cənubi Qafqazda strateji əhəmiyyətə malik olan və qlobal güclərin maraq dairəsində olan vacib nəqliyyat marşrutudur. Bu dəhlizin taleyi yalnız region ölkələrinin deyil, həm də böyük dövlətlərin geosiyasi maraqlarına təsir göstərir.
Bu barədə Moderator.az-a danışan politoloq  Azad Məsiyev deyib ki, Zəngəzur dəhlizi strateji bir dəhliz hesab olunur. Politoloq qeyd edib ki, Orta Dəhlizin bir qolu Zəngəzur dəhlizidir və Orta Dəhliz Gürcüstan üzərindən həyata keçirməkdədir. Gürcüstan üzərindən keçirilən bu layihə rentabelli deyil, yəni birbaşa Avropaya yüklərin aparılması bir qədər ləngiyir:
 
“Eyni zamanda,  Çin və Orta Asiya respublikaları Orta Dəhlizin alternativ qollarının olmasında maraqlıdırlar. Bir sözlə, Zəngəzur dəhlizi qlobal nəqliyyat infrastrukturunun tərkib hissəsidir. Bu dəhlizə kim nəzarət edəcəksə, dünyanın iqtisadi sisteminə təsir etmək gücünə malik olacaqdır. 10 noyabr razılaşmasının doqquzuncu maddəsinə əsasən, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsi nəzərdə tutulmuşdu. Rusiya üçün bu dəhliz strateji maraq daşıyır, çünki burada nəzarəti ələ keçirməklə dünya iqtisadi sisteminə təsir imkanlarını genişləndirir. Ermənistan isə Rusiyanın Zəngəzur dəhlizində nəzarət etməsinə  qarşı çıxır. Paşinyanı hakimiyyətə gətirən Amerika Birləşmiş Ştatları ona Rusiyanın Ermənistandakı təsirini zəiflətmək istiqamətində təlimat vermiş və Paşinyan bu öhdəliyi uğurla həyata keçirir. Bu səbəbdən, Zəngəzur dəhlizində Rusiyanın nəzarətinin qarşısı alındı. Ermənistan artıq Zəngəzur dəhlizini ABŞ-ın nəzarətinə verməkdə maraqlıdır və bu məsələ artıq razılaşdırılıb, “Yeni Tramp yolu” kimi səciyyələndirilir. Ümumilikdə, ABŞ yalnız Zəngəzur dəhlizində deyil, Cənubi Qafqaz regionunda da strateji maraqlara malikdir və bu maraqları zaman-zaman həyata keçirir”.
 
Politoloq Zəngəzur dəhlizinin Birləşmiş Ştatların nəzarətinə keçməsinin, ABŞ-ın bu regiona hərbi kontingent gətirməsinin  İranın maraqlarına zidd olduğuna diqqət çəkib:
 
 “Çünki İran bu dəhlizin açılmasında maraqlı deyil. İran Araz dəhlizinin açılmasında maraqlı idi, yəni Orta Dəhlizin bir qolunun İran üzərindən Türkiyəyə istiqamətlənməsində maraqlı idi. Bu da İranın iqtisadi və siyasi təsir imkanlarını artırırdı. Eyni zamanda, ABŞ-ın İran sərhədi yaxınlığında hərbi düşərgə salması İranın strateji maraqlarına ziddir. Bu baxımdan İran həm ABŞ-ın regiona gəlməsindən, yəni sərhədinə yaxınlaşmasından, həm də Araz dəhlizinin ikinci plana keçməsindən narahatdır. Unutmayaq ki, İran–Ermənistan sərhədini hazırda Rusiya hərbi kontingenti qoruyur. Burada ABŞ-ın hərbi kontingentinin yerləşməsi regionda yeni gərginlik ocağı yaradacaq.
Beləliklə, Ermənistan ABŞ-ı Cənubi Qafqaza gətirməklə bölgədə gərginlik yaratmış olur. Çünki ABŞ-ın Zəngəzur dəhlizində, ümumilikdə Ermənistanda hərbi mövcudluğu həm Rusiyanın, həm də İranın strateji maraqlarına uyğun deyil. Bu proses Cənubi Qafqazda yeni geosiyasi qarşıdurmanın başlanğıcını göstərir. Qlobal müstəvidə isə Rusiya ilə ABŞ arasında gedən qarşıdurmanın birinci episentri Ukrayna, ikinci episentri isə Cənubi Qafqazdır. Artıq Ermənistan bu proseslərə mövqeyini açıq şəkildə göstərib”. 
 
Azad Məsiyev vurğulayıb ki, Azərbaycan isə bu məsələlərdə balanslaşdırıcı siyasət yürüdür:
 
“Azərbaycan həm regionda, həm də qlobal səviyyədə iqtisadi və siyasi maraqlarını uzlaşdırır. Azərbaycan üçün fərqi yoxdur ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət etsin, ya Birləşmiş Ştatlar — əsas odur ki, Azərbaycandan Naxçıvana gedən yüklərin təhlükəsizliyinə zəmanət verilsin və heç bir problem yaranmasın. Təbii ki, bu zəmanəti və tələbi hansı tərəf öhdəsinə götürəcəksə, Azərbaycan həmin prosesdə əməkdaşlıq etməyə maraqlıdır.
Regionda vəziyyəti gərginləşdirən tərəf yenə də Ermənistandır. Ermənistan artıq qlobal güclərin və savaşın episentrinə çevrilib. Onun mövqeyi Rusiya və İranın maraqları ilə toqquşur. Bu proseslər regionda gərginliyi daha da artıracaq.
Avqustun –15-də ABŞ  Prezidenti ilə Rusiya Prezidenti Alyaskada görüşəcək. Hesab edirəm ki, bu görüşdə mövcud məsələlərə də aydınlıq gətiriləcək. Əgər ABŞ Ukraynadan geri çəkiləcəksə, Cənubi Qafqazda uğur qazanmaq üçün Rusiya ilə müəyyən sövdələşməyə getməlidir. Bu, siyasi alver predmetinə çevrilə bilər. Rusiyanın Zəngəzur dəhlizindən geri çəkilməsi, ABŞ-ın Ukraynadan geri çəkilməsi ilə bağlı razılaşma ola bilər. Zaman isə bu proseslərin necə inkişaf edəcəyini göstərəcək.
Biz siyasi proseslərin gedişini izləyərək bunun reallığını görəcəyik. Ümumilikdə, ABŞ-ın Cənubi Qafqaza gəlməsi artıq yeni bir geosiyasi situasiya yaradıb.
Çünki regionda İranın maraqları Birləşmiş Ştatların maraqları ilə, Birləşmiş Ştatların maraqları isə Rusiyanın maraqları ilə toqquşur. Bu baxımdan, əgər maraqlar uzlaşdırılmazsa, regionda qarşıdurma getdikcə daha da gərginləşəcək. Artıq Zəngəzur dəhlizi Ermənistan və Azərbaycan maraqlarından çıxaraq qlobal müstəviyə keçib və qlobal güclərin savaşının episentrinə çevrilməkdədir”.
 
Politoloq hesab edir ki,  bu məsələdə Azərbaycan yenə də neytral mövqeyini qoruyur:
 
"Azərbaycan balans siyasətinə üstünlük verir, qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürür və Ermənistanla sülh sazişinin əldə olunması üçün danışıqlarını davam etdirir. Azərbaycan Prezidentinin Birləşmiş Ştatlarda keçirdiyi görüşlər də bir daha göstərir ki, Azərbaycan regionda stabilliyin yaranmasında maraqlıdır və öz maraqlarını qlobal güclərin maraqları ilə uzlaşdırmağa çalışır”.
 
Mehin Mehmanqızı
 
Избранный
77
50
moderator.az

10Источники