Moldovanın nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən görüşü və əldə olunan mühüm razılaşmaya geniş diqqət ayırıb.
AZƏRTAC xəbər verir ki, “Noi.md”, “Point.md”, “Newsmaker.md” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli ilə bağlı bəyannamənin əhəmiyyətinə xüsusi yer verilib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Birgə Bəyannaməni imzalamalarının çoxillik münaqişəyə son qoyduğu və regionda əməkdaşlıq üçün yeni imkanlar açdığı qeyd edilib.
Məqalələrdə, həmçinin Moldova Prezident Maya Sandunun X sosial şəbəkəsində razılaşmaya dəstək fikirləri də yer alıb. Sandu bildirib ki, Ermənistan və Azərbaycan arasında razılaşma onilliklər boyu davam edən düşmənçiliyə son qoymaq yolunda mühüm addımdır. Moldova Prezidenti Bakının və İrəvanın rəhbərlərini, eləcə də Prezident Donald Trampı bölgədə sülhə, barışığa və rifahın yüksəldilməsinə yol açmaqda xidmətlərinə görə təbrik edib.