RU

"Muğanın səsi”-ni  dinlədim... - MÜSAHİBƏ

Bu il “Muğanın səsi” qəzetinin 95  yaşı  tamam olur.Bu münasibətlə  95 yaşlı  qəzetin 67 yaşlı baş redaktoru Elçin Nəsiblə həmsöhbət  oldum

Qısa tanıtma:

Elçin Xəlil oğlu Nəsibov (Elçin Nəsib) 1958-ci il aprelin 16-da Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1975-ci ildə kitabxana müdiri kimi başlayan E.Nəsib öz taleyini jurnalistika ilə bağlayıb.

 1976-cı ilin fevralından Sabirabad rayonunda çıxan “Muğan”qəzetində (indiki “Muğanın səsi”) müxbir, yerli radionun redaktoru, həmin qəzetdə sənaye, tikinti və nəqliyyat, kənd təsərrüfatı, aqrar-sənaye, iqtisadiyyat şöbələrinin müdiri, baş redaktorun müvini  vəzifələrində çalışıb.

Bir sıra respublika mətbuatının bölgə müxbiri,“Yeni Muğan” qəzeti baş redaktorunun I müavini, “Respublikaçılar” qəzetinin baş redaktoru olub. Xarici ölkələrin mətbuatında bir sıra maraqlı yazılarla çıxış edib. Eyni zamanda onun haqqında xarici ölkələrinin mətbu orqanlarında maraqlı yazılar dərc olunub. Bir sıra video-çarxlara ssenarilər yazıb. 2022-ci ilin oktyabrından “Muğanın səsi” qəzetində baş redaktor olmaqla bərabər, ”Muğan-Şirvan” qəzetinin təsisçisi və baş redaktorudur. E.Nəsib ailəlidir, 2 övlad atasıdır.

E.Nəsib Sabirabadda ədəbi mühitin formalaşmasında mühüm rol oynayır. 25 ildir ki, “Suqovuşan” Ədəbi Məclisinin rəhbəridir. Ədəbi məclisin kitab-almanaxlarını çapdan buraxır. O, Azərbaycan Yazıçılar Birliyi Aran Bölməsinin orqanı “Aran” jurnalı baş redaktorunun müavinidir. “İllər aparır bizi”, “Əkinçi”də maarifçilik ideyalarının təbliği”, “Sabirabad mətbuatı tarixi”, “Ədəbi düşüncələr”, “Xatirələrdə yaşayanlar”, “İgidlər yenilməz, şəhidlər ölməz”, “Sabirabad qarpızı”, “Musahibə”, “Sabirabad teatrı” kitablarının müəllifidir. Onlarla kitabın tərtibçisi, ön söz yazanı, redaktoru olan E.Nəsibin  “Sabirabad futbolu” kitabı da çap olunmaq üzrədir. Bir sıra mükafatlara layiq görülüb. 

-Gəlin söhbətə  həyat yolundan  başlayaq...

- Orta məkəb illərimdə   məni  divar qəzetinin redaktoru seçdilər. Bu o vaxt idi ki, artıq qələm təcrübələrim respublika qəzetlərində çap olunurdu. 50 il bundan əvvəl  Dövlət Universitetinin jurnalistika fakültəsinə qiyabi qəbul edilməklə ( onu da deyim ki, mən qəbul olan il ilk dəfə üç turdan ibarət yaradıcılıq müsabiqəsi keçirilməyə başlamışdı. Jurnalistika fakültəsinə sənəd vermək istəyənlər hökmən qəzet və jurnallarda çıxış etmiş olmalıydı. Həmin yazılar əsasında rəy verilirdi ki, bu gəncdən jurnalist olar, ya olmaz) 1976-cı ilin fevralından Sabirabadda çıxan “Muğan” qəzetində (indiki “Muğanın səsi”) müxbir kimi əmək fəaliyyətinə başladım...Və  bu  günə  qədər  də  seçdiyim  yoldayam...

-Sizcə, əsl jurnalist necə olmalıdır?

-Bizim ən mühüm vəzifəmiz adamların nə iş gördükləri, hansı hisslər keçirdikləri və nələr üzərində düşündükləri barədə məlumat verməkdir. Zənnimcə, o adam öz peşəsinin əsl ustası ola bilər ki, özünü bütünlüklə o işə həsr etsin. Hətta yatanda yuxusunda belə həmin peşə haqqında fikirləşsin. Ona görə də bir halda ki, özünü jurnalistikaya bağlamısan, sevib-seçdiyin peşəyə özünü gərək yüz faiz həsr edəsən. Bu, çox vacibdir. Mənim fikrimcə, bu sənətdə sözlə ifadəsi mümkün olmayan bir fəhm var. Bunu peşəkar, jurnalist olmayanlara başa salmaq çox çətindir. Bəzən bu sənətə mövsümi iş kimi baxanlara da rast gəlirik. Bir də görürsən ki, müxtəlif sənət adamları jurnalistikadan tramplin kimi istifadə edirlər. Üfüqü qızaran gələcəyə əlləri çatan kimi onu tərk edirlər. Muzdlu qəzetçilər həmişə olub, indi də vardır. Belələri  kimi desən ləkələməyə hazırdırlar.
Əsl jurnalıst olmaq üçün istedad və peşəkarlıq əsas şərtdir. Jurnalist yazılarına müxtəlif zövqlü, müxtəlif dünyagörüşlü, müxtəlif intellekt səviyyəli oxucuların gözü ilə baxmalıdır. Fikirləşməlidir ki, hazırladığı yazının ictimai-siyasi əks-sədası görəsən necə olacaq? Həm də gərək həyatla ayaqlaşmağa can atasan, yenilik ruhu ilə yaşayasan. Jurnalist  hadisələri sadəcə təsvir və qeyd etməklə kifayətlənməli  deyil,  oxucunu həm də böyük ideyalara doğru istiqamətləndirməlidir. Odur ki, özünü bu sənətə həsr edənlər yüksək intellektə, maksimum geniş biliyə, təcrübəyə, zəngin müşahidə qabiliyyətinə malik olmalıdırlar. Şübhəsiz, jurnalistikada ən düzgün meyar istedad və zəhmətdi. Biri  olmasa ikincisi  heç nədir. . Jurnalist müxtəlif janrlara müraciət edərkən seçdiyi mövzunu dərindən öyrənməli, hadisələri r. Hansısa filosofun fikridir: həqiqəti demək nazir olmaqdan yaxşıdır.  Mən hər dəfə yazmağa başlamazdan əvvəl özümə belə bir sual verirəm; nə məqsədlə, nə üçün, kimin üçün yazıram və hansı nəticəni gözləyirəm?

-Biz  iki  dönəmin mətbuat  təmsilçisiyik... Bu  mənada    müstəqillik dövrünün jurnalistikasını  keçmişlə    necə müqayisə etmək olar?

-Sovet dövrü ilə indiki dövrün jurnalistikasını müqayisə etsək, həm müsbət, həm də mənfi cəhətlərin olduğunu görərik. Sovet dövrü partiyalı sistem idi, istədiyin başqa mətləbi yaza bilməzdin. Kommunist partiyası nəyi diqtə edirdisə onu yazmalıydıq. Sovet dövrü jurnalistikasını xarakterizə etmək üçün bircə misal çəkmək istəyirəm. Yazılarımın birində Mirzə Fətəli Axundovu dahi sənətkar kimi göstərmişdim. Mənə irad tutmuşdular ki, “dahi” sözü ancaq Lenin haqqında işlənə bilər. Bir sözə görə belə baş ağrıdırdılar, nahaq yerə incidirdilər. O dövrün mətbuatını xarakterizə etmək üçün düşünürəm ki, elə bu misal yetərlidir. Amma o dövrdə qəzet alıcılığı yüksək idi. O vaxt bütün xərci dövlət çəkirdi. Çünki mətbuat onun ideologiyasına xidmət edirdi. Müstəqillik dövründən sonra isə qəzetlər tiplərə, qruplara bölünməyə başladı: iqtidar və müxalifətyönümlü mətbuat, azad mətbuat, ayrı-ayrı şəxslərin buraxdığı özəl mətbuat və sair. Ona görə də istər-istəməz burada artıq fərqlər meydana gəldi...

 -Gördüyünüz  işdən  nə zaman   ləzət  alıb  sevinirsiniz?

-Hiss edəndə ki, bağlı olduğum sənət, gördüyüm iş qiymətləndirilir, cəmiyyətin inkişafında, dövrün ictimai mühitində müəyyən rol oynaya bilirəm, onda mənim üçün yaşamaq, fəaliyyət göstərmək ikiqat dəyərli olur. Yaxşı yadımdadır, Sverdlovskidə (Yekaterinburq) hərbi xidmətdə olarkən “Krasnaya zvezda” qəzetində tənqidi yazım dərc olunmuşdu. Bununla əlaqədar bir neçə gün sonra Moskvadan nümüyəndələr gəlib həmin yazıdakı problemləri yerindəcə həll etdilər. Hərbi hissənin əsgərlərinin köməyinə çatdığım üçün çox sevindim. Buna bənzər hadisələr çox olmuşdur.

-Jurnalist əxlaqı, etikası ilə əlaqədar sözünüz...

-Jurnalistlər siyahısında adamların çoxluğu, əsl qələm sahiblərinin, yaxşı yazanların azlığı məni daim narahat edir. Kimi görürsən, qoltuğunda qovluq deyir: “jurnalistəm”. İndi sosial media da meydana gəlib. Operativliyinə görə ənənəvi media ondan geridə qalır. Lakin bu o demək deyildir ki, sosial mediada verilən məlumatların hamısı doğrudur...Buna görə də mətbuatımızı təsadüfi adamlardan qorumaq lazımdır. Əks halda zərbə istedadlı adamlara dəyir.
Jurnalist davranışı, ətrafa münasibəti ilə mənfi emosiya doğurmamalıdır. Bütün mövqelərdə vicdadının səsinə qulaq asmalı, qərəzkarlıqdan uzaq olmalıdır. Demokratik təsisatlara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına hörmət etməlidir.

-Bölgə mətbuatının hazırkı durumu Sizi qane edirmi? Yerli oxucuların qəzetə marağı necədir?

-“Muğanın səsi” bu gün də özünün ən yaxşı ənənələrini qoruyub saxlamağa çalışır, hüquqi, demokratik və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanımıza xidmət edir. Lakin bu gün qəzet həlli son dərəcə müşkül olan problemlər məngənəsində qalmışdır. Maliyyə vəziyyətinin ağırlaşması ucbatından yaradıcı qüvvələr zəifləmiş, qəzeti çıxarmaq çətinləşmişdir.

Xatırlatma

Qəzetin 95 illiyi xalq yanında alnıaçıq, nurani bir ağsaqqalın yaşıdır. “Muğanın səsi” Sabirabadın 95 illik ömrünün tarixi salnaməsidir. 1930-cu ildən bu yazı hazırlanadək qəzetin 7693 nömrəsi çap edilmişdir. Qəzetin fəaliyyəti neçə-neçə jurnalist nəslinin gərgin əməyi, minlərlə fəal oxucunun diqqət və qayğısı ilə əlamətdar olmuşdur. Ötən dövr ərzində qəzetdə çalışmış jurnalistlər öz vəzifələrini vicdanla yerinə yetirməyə səy göstərmişlər. Onlar Azərbaycan dövlətçiliyi, sosial ədalət prinsiplərinin müdafiəsinə, ictimai-siyasi proseslərin obyektiv şərhinə çalışmışlar.

Unutmamalıyıq ki, gələcək nəsillər öz keçmişlərini, babalarının tərcümeyi-hallarını məhz mətbuatımızdan öyrənəcəklər. Keçmiş dövrlərdə olduğu kimi, elə indinin özündə də mətbuata kömək, el yardımı olmadan qəzet yaşaya bilməz. Buna görə də biz bu gün mətbuatımızı yaşatmağa borcluyuq.

İnanırıq ki, Azərbaycanda qurulmaqda olan azad, sivilizasiyalı, demokratik cəmiyyətdə məsuliyyətini dərindən dərk edən mətbuatımız da yeni inkişaf yoluna çıxacaqdır. Əminik ki, şanlı keçmişi olan qəzetimiz üzümüzə gələn hələ neçə-neçə illərə də öz layiqli töhfəsini verəcək, cəmiyyətin demokratikləşməsi, azad vətəndaş cəmiyyəti yaradılması işində təsirli rol oynayacaqdır.

-Jurnalist dostlara arzularınız...

-Mətbuatımızın şərəfli, şox şərəfli keçmişi var. Jurnalist dostlarıma arzum budur ki, “Əkinçi”lərin, “Molla Nəsrəddin”çilərin ucalığına tapınıb Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, Mirzə Cəlilin, Üzeyir Hacıbəylinin, Ömər Faiqin çırağını daha gur yandırsınlar. Oxucuların gözündən düşməsinlər, yalan yazmasınlar, ədalətli olsunlar. Çünki oxucu sevgisi qazanmaq çətin, itirmək asandır. Həmişə azadlığın, müstəqilliyin carçısı kimi çıxış etsinlər. Xalqın sözü, milli ruh onların yazılarından heç vaxt əskik olmasın. Yazan əlləri var olsun! Yaşasın Azərbaycan mətbuatı!

-Həyat deviziniz...

-Qədim Çin filosofu Konfutsinin bu sözləri mənim həyat devizimdir: “Şöhrət qazanacaqsan və ya ömrün yoxsulluqda keçəcək, fərqi yoxdur, nə keçmişin, nə də gələcəyin səndən asılı olmadığını dərk etsən də, heç nəyin sənin fikirlərini təlatümə gətirməsinə imkan vermədən öz-özünü daim təkmilləşdir”.


Qeyd: - İlk  nüsxəsi 1930-cu il avqustun 8-də  işıq  üzü  görən  və iki səhifəlik olan bu qəzet Pambıq cəbhəsində” adlanırdı Əslində rayon qəzetini zaman özü yaratmışdır.Rayonlararası istehsalat birlikləri yaradılması ilə əlaqədar 1962-ci ildə rayon qəzetlərinin buraxılmasında dəyişiklik edilmişdir. Həmin il mayın 28-də “Pambıq cəbhəsində” qəzeti öz işini dayandırmışdır. 1962-ci il iyunun 1-dən qəzet “Muğan” adı ilə çıxmağa başlamışdır. “Muğan” rayonlararası qəzet kimi Sabirabad mətbəəsində buraxılmış, Sabirabad, Saatlı, və Əlibayramlı (indiki Şirvan) rayonlarının siyasi, iqtisadi və mədəni həyatını işıqlandırmışdır.1965-ci ilin dekabr ayından  isə  “Muğan” Sabirabad rayon Partiya Komitəsinin və zəhmətkeş deputatları Sovetinin orqanı kimi fəaliyyətə başlamışdır.

Oxucuların çoxsaylı müraciətlərini nəzərə alaraq qəzetin adı da dəyişdirilərək rayonumuzda Kür və Araz çaylarının qovuşmasının rəmzi kimi “Suqovuşan” adlandırılmışdır. 1992-ci il iyulun 22-dən qəzet “Suqovuşan” adı ilə çıxmağa başlamışdır.  .28 sentyabr 2020-ci il tarixli sərəncamı ilə “Suqovuşan” qəzetinin adı dəyişdirilərək “Muğanın səsi” adlandırılıb.

 

Söhbətləşdi: Əbülfət  Mədətoğlu

Избранный
14
adalet.az

1Источники