RU

Vaşinqtondakı razılaşmalar Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirənlərə növbəti zərbə idi - RƏY

Vaşinqtonda baş tutan Azərbaycan-Ermənistan görüşünün nəticəsində əldə olunan razılaşmalar vaxtilə Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirən şəxslərə növbəti zərbə idi.

Bunu "Report"a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində Azərbaycan qələbə qazandıqdan sonra regionda yeni geosiyasi reallıq formalaşdırıb. Bu da Azərbaycanın bir sıra dövlətlərin və beynəlxalq təşkilatların işğal dövründəkindən daha artıq dərəcədə hücumlarına məruz qalmasına səbəb olub:

"Əslində, biz geosiyasi inqilab etdik. Qələbəmiz regionda qüvvələr nisbətini dəyişməyə və birinci Qarabağ savaşından sonra formalaşan Minsk qrupu adı ilə siyasi inhisarı formalaşdıran Fransa, ABŞ-nin və Rusiyanın üçlü qaydada bölgəni Qarabağ münaqişəsi vasitəsilə idarə etməsinin həm də ortadan qalxması idi. Bu qələbə həm də bu gün qlobal dünyanı əhatə edən dövlətlərin öz mənafeləri uğrunda Cənubi Qafqazda apardıqları savaşların da durdurulması idi. Tariximizdə ilk dəfə Azərbaycanın özünün formalaşdırmağa çalışdığı qələbə geosiyasəti idi".

O əlavə edib ki, Qarabağı azad etmək üçün həyata keçirdiyi əməliyyatlar zamanı bağlı qapılar arxasında diplomatik siyasi vasitələrlə Azərbaycana hücumlar etməyə çalışan Makron Fransasından sonra Avropa Parlamenti, o cümlədən yeni hakimiyyətə gələn Co Bayden, Antoni Blinken, onların müşayiəti ilə Konqresdə Koksun üzvləri sistemli hibrid savaşına başladılar:

"Müharibə bitəndən cəmi 10 gün sonra Fransa senatı Qarabağın müstəqilliyini tanıyan qətnamə qəbul etdi. Ermənistan Azərbaycanla siyasi kontaktlara gedəndə isə onlar prosesə təsir etmək üçün Ermənistan hakimiyyətini manipulyasiya etməyə başladılar. Natali Luazo, Rafael Qluksman kimi erməni maliyyəsi ilə nəfəs alan Avropa parlamentariləri Fransadan idarə olunaraq Avropa qitəsinin media məkanını və təşkilatlarını bizim üzərimizə qaldırdılar. Məsələnin əsas hədəfi qələbəmizə görə bizə qarşı tədbirlər idi. Amma biz bununla belə prezident İlham Əliyevin Ağ Ev zirvəsinə gələn yolda növbəti qələbələrini gördük".

O əlavə edib ki, ABŞ-də baş tutan görüşlə vaxtilə Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirən Frank Peloniy, Adam Şif və bu kimi seriyada olan şəxslər növbəti zərbələrini aldılar:

"Azərbaycana təzyiq üçün 907-ci düzəlişi gündəmə gətirirdilər. İki gün əvvəl faktiki olaraq Ağ Ev zirvəsində 907-ci düzəliş ləğv olundu. 1992-ci ildə bu qərara müəlliflik edən şəxslərin övladları hazırda konqresdə müəyyən mövqe tuturlar. Lakin Donald Trampın mövqeyi o qədər güclüdür ki, həmin qüvvələr buna təsir edə bilmirlər".

Zahid Oruc vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında paraflanan sənədlər ictimaiyyətə açıqlanacaq.

"Bu, ətrafda spekulyasiyalara çalışan qüvvələrin mövqelərinə, şübhəsiz ki, zərbə vuracaq. 90-cı illərdə xalqımıza qarşı bu işğalı həyata keçirən Qorbaçov başda olmaqla, Rusiyanın o dövrdəki qüvvələri, o cümlədən Corc Buş səviyyəsində həyata keçirilirdi. Uzun illər ərzində bunun üçün çalışan dəstə məğlub olmuş durumdadır. Region əleyhinə olan təzyiqlər, Ermənistanı manipulyasiya etmək cəhdləri olsa, əgər kommunikasiyalar açılırsa, diplomatik münasibətlər bərqərar olursa, sözgedən o dairələr yalnız təxribatlar, terror və s. vasitəsilə bölgəyə təsir edə bilərlər. Yeni dünya düzəni, yeni beynəlxalq münasibətlər sistemi və dünya təhlükəsizliyi üçün başlanan proseslər məhz İlham Əliyevin imzasının liderliyindən start götürmüş oldu", - deyə o, əlavə edib.

Избранный
42
50
report.az

10Источники