RU

İsti havalarda infarktla panik atakı qarışdırmayın - Mütəxəssislər xəbərdarlıq edir

Yay mövsümündə artan istilərlə birlikdə bədəndə baş verən dəyişikliklər infarkt və panik atak simptomlarını bir-birinə qarışdırmağa səbəb ola bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər bu hallarda simptomlara ciddi yanaşmağı tövsiyə edirlər.

Sinə ağrısı, nəfəs darlığı, ürək döyüntüsü kimi əlamətlər həm infarktın, həm də panik atakın göstəricisi ola bilər. Bu səbəbdən fərqi ayırd etmək, vaxtında tibbi yardım almaq həyati əhəmiyyət daşıyır.

"Yayda ürək xəstələri daha çox risk altındadır"

Kardioloq Prof. Dr. Telat Keleş bildirib ki, isti hava ürək-damar sistemi üzərində əlavə yük yaradır:

"Xüsusilə infarkt keçirmiş, hipertoniya və ürək çatışmazlığı olan şəxslər yay aylarında daha ehtiyatlı olmalıdır. Günorta saatlarında birbaşa günəş altında qalmaq təhlükəli ola bilər. Fiziki fəaliyyət və idman isə günün sərin saatlarına - səhər və axşama planlaşdırılmalıdır".

"Panik atak tez-tez infarktla səhv salınır"

Psixiatr Prof. Dr. Seda Kiraz isə qeyd edir ki, panik ataklar simptom baxımından infarkta bənzədiyi üçün çox zaman qarışdırılır:

"Panik atak zamanı nəfəs darlığı, ürək döyüntüsü, sinə ağrısı və güclü qorxu hissi yaşanır. Bu vəziyyət adətən 15-20 dəqiqə ərzində keçib gedir. Lakin əlamətlər uzun müddət davam edərsə və ya şəxsin əvvəlcədən ürək problemi varsa, dərhal həkimə müraciət olunmalıdır".

Kiraz əlavə edib ki, isti hava həmçinin psixoloji narahatlıq və gərginliyi artırır, bu da panik atakların tezliyini və intensivliyini artıra bilər.

Sağlam həyat tərzi əsas şərtdir

Mütəxəssislər isti aylarda həm infarkt, həm də panik atak riskinin qarşısını almaq üçün düzgün yuxu rejimi, balanslı qidalanma və fiziki aktivliyin vacib olduğunu vurğulayırlar.

Simptomlar baş verdikdə, fərqi özbaşına müəyyən etməyə çalışmaq əvəzinə tibbi yardım almaq ən doğru addımdır.

Kənan
Milli.Az

Избранный
12
35
milli.az

10Источники