RU

Səhnəmizin Vəfası

Kənardan baxana asan görünə bilərdi. Axı çoxları sevib seçdiyi sənətin yoluna çıxmaq, ilk addımlarını atmaq üçün planlar qurur, əzab-əziyyətlərə qatlaşır. O isə teatr sənətinə bağlı olan bir ailədə dünyaya göz açdı, boya-başa çatdı. Valideynlərinin sayəsində teatr qapılarını, səhnə pərdəsini Vəfa Fətullayevaya hələ uşaq ikən açdı. Kiçik yaşlarında böyük səhnədə oynadığı rola görə tamaşaçı alqışları eşitdi. Səhnə onu da ecazkar aləminə çəkdi. Ancaq daha çox həyatı sevdi Vəfa. Ondan şöhrət deyil, sevgi umdu. Həyat isə ona nə verdisə, yarımçıq qoydu. İşlərini də, sevgisini də, ömrünü də... 

Sənətinin vurğunu

Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda dünyaya gəlib. Teatrla tanışlığı hələ körpə ikən başlayıb. Başqa necə ola bilərdi ki?! Vəfanın valideynləri Azərbaycan teatr sənətində istedadları və gördükləri işlərlə nüfuz qazanmış görkəmli sənətkarlar idi. Atası Nüsrət Fətullayev Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, anası Hökümə Qurbanova məşhur aktrisa idi. Valideynləri dövrünün yüksək mükafatlarına, fəxri adlarına layiq görülmüşdülər. Nüsrət Fətullayev Əməkdar incəsənət xadimi, Xalq artisti, Hökümə Qurbanova SSRİ Xalq artisti idi.

Vəfanın əmiləri də Azərbaycan incənənətinin inkişafında xidmətləri olan sənətkarlar kimi tanınırdılar. Bu günün tamaşaçılarının daha çox "Ögey ana" filmində İsmayılın atası kimi tanıdıqları Fateh Fətullayev teatr və kino aktyoru, digər iki əmisi - Şəmsəddin və Nurəddin bəstəkar idi. Nurəddin Fətullayevin oğlu  Hafiz Fətullayev isə sonralar kinorejissor, ssenarist, aktyor kimi fəaliyyət göstərdi.

Vəfa Fətullayeva atasının ilk övladı olub. Anasının isə birinci evliliyindən Nailə adlı qızı vardı. Nailə Vəfadan on bir yaş böyük idi. İki bacı bir-birlərini çox sevirdilər. 

Vəfanın valideynləri ayrılıb. Vəfa anasının yanında qalıb. Ancaq Nüsrət Fətullayev öz sevgisini və diqqətini gözünün ağı-qarası bircə övladından bir gün belə əsirgəməyib. 

Teatrı, səhnəni hələ kiçik yaşlarından özünə doğma bilib. Anası onu tez-tez teatra aparıb. Evdə də teatrla, səhnə ilə, tamaşalarla bağlı söhbətləri dinləyə-dinləyə böyüyüb. Vəfa böyük səhnəyə də hələ uşaq ikən çıxıb. 1953-cü ildə Ələsgər Şərifovun səhnələşdirdiyi Uilyam Şekspirin "Qış nağılı" pyesində kralın oğlu Mamili rolunu ifa edəndə Vəfa Fətullayevanın səkkiz yaşı vardı. Vəfa səhnədə anası ilə tərəfmüqabili olub. Onda artıq şagird idi. Bakıdakı 1 saylı orta məktəbdə təhsil alırdı. 1963-cü ildə orta məktəbi bitirib. Vəfa Fətullayeva 1963-cü ildə Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsinə qəbul olunub, 1968-ci ildə həmin fakültəni əla qiymətlərlə başa vurub.

Anasının Vəfanı aktrisa görmək arzusunda olduğunu, bu peşəni onun tələb və təkidlərinə görə seçdiyini söyləyənlər çox olub. O dövrdə Azərbaycan teatr sənətinin ən qüdrətli aktrisası sayılan Hökümə Qurbanova kiçik qızını özünün davamçısı kimi görmək istəyib. Vəfa Fətullayevanın əmisi oğlu Hafiz Fətullayev isə bunun əksini deyib: "Hökümə Qurbanova qızının aktrisa olmasının tərəfdarı deyildi. Yoxsa Vəfa elə əvvəldən Aktyorluq fakültəsinə girərdi. Amma qızının bu istəyini də xüsusi bir etirazla qarşılamadı". 

Vəfa Fətullayeva aktrisalıq fəaliyyətinə tələbəlik illərində başlayıb. O, Akademik Dram Teatrında "Məhv olmuş gündəliklər" tamaşasında Fəridə roluna dəvət olunub.

Sonralar sənət taleyini bu teatrla bağlayıb. Vəfa Fətullayeva 1970-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) fəaliyyət göstərib. "Mahnı dağlarda qaldı"da Gülgəz, "Məhəbbət əfsanəsi"ndə Şirin, "Sən yanmasan"da Tənzilə, "Müsyö Jordan və dərviş Məstəli şah"da Şərəfnisə, "Heç nədən hay-küy"də Beatriçe, "Kəndçi qızı"nda Bənövşə, "İnsan"da Səhər, "Sizi deyib gəlmişəm"də Zeynəb, "İblis"də Rəna, "Vaqif"də Xuraman, "Mirzə Şəfi Vazeh"də Pakizə, "Torpağa sancılan qılınc"da Burla Xatun, "Atabəylər"də İnanc Xatın, "Şöhrət və ya unudulan adam"da Doktorun qızı, "Kimdir haqlı?"da Arzu, "Karıxmış sultan"da Qadın, "Küləklər"də Alagöz rollarını səhnədə yüksək aktyorluq məharəti, bənzərsiz ifası ilə canlandırıb.

O, tammetrajlı televiziya tamaşalarında - "Alov"da Rəfiqə Rəhimli, "Atayevlər ailəsi"ndə Lətafət, "Firəngiz" filmində Firəngiz Tahirova, "Göz həkimi" film-tamaşasında İradə və başqa ekran əsərlərində də maraqlı rollar yaradıb.

Vəfanın anası Akademik Dram Teatrının hökmlü aktrisası sayılıb. Ancaq o, istedadlı qızına heç bir rejissordan rol istəməyib. Hafiz Fətullayev Vəfaya rol verilməsi üçün heç vaxt rejissorlara ağız açmadığını bildirib: "Hökümə xanım heç bir rejissora deməmişdi ki, Vəfaya rol versin. Rejissorlar özləri onu bəyənib rol veriblər. Hətta Əliheydər Ələkbərov "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz rolunu Vəfaya verəndə şübhələnirdi ki, o, bu rolu oynaya bilər, ya yox. Vəfa da bu rolu elə gözəl oynadı ki... Çoxları o tamaşadan sonra Dövlət mükafatı aldı, amma nədənsə Vəfaya vermədilər, bəlkə hələ gənc olduğuna görəydi, bilmirəm. Halbuki o almalı idi. Ancaq bir neçə il sonra "İblis" tamaşasındakı Rəna roluna görə Vəfa Dövlət mükafatına layiq görüldü".

Vəfa Fətullayeva Dövlət mükafatı laureatı adına 1984-cü ildə layiq görülüb. İki il qabaq, 1982-ci ildə isə ona Əməkdar artist fəxri adı verilmişdi. O, səhnənin vurğunu idi. Bu da Vəfanı öz sənətində şöhrətləndirirdi. 

Yarımçıq ailə, sevgi, ömür...

Onu bu gün ekranlarda müxtəlif rollarda görürük. Şıltaq, şən, qüssəli... Ancaq Vəfa Fətullayeva deyəndə gözlərimizin önündə mehriban, səmimi, güləriz siması canlanır. Əmisi oğlu Hafiz Fətullayev Vəfanın xarakterini belə təsvir edib: "Vəfa sözə qulaq asan qız idi. Çox mülayim xasiyyəti vardı. Onunla 5 dəqiqə oturub söhbət edəndən sonra bütün əhvalın dəyişirdi. Şaqqanaq çəkib gülürdü. Allah onu əsl ev xanımı kimi yaratmışdı. Hansısa bir evin xanımı olsaydı, xoşbəxt olardı..."

Ancaq evinin xanımı olmaq Vəfanın taleyinə yazılmamışdı. O, 1963-cü ildə idmançı Zaur Nağıyevlə tanış olub. Ailə qurublar. Bir-birlərini çox sevsələr də, evlilikləri bircə il çəkib. Zaur Vəfanın aktrisa olmasını istəməyib. Ancaq ayrılmalarının səbəbi bu olmayıb. Deyilənlərə görə, Vəfanın ailəsinin dağılmasının səbəbkarı da ana olmaq arzusunu gözündə qoyan anası - Hökümə Qurbanova olub.

Sonralar Vəfa öz həmkarını sevib. Onların böyük sevgisindən bu gün də danışırlar. Evlənmələrinə mane olublar. Hafiz Fətullayev bu məsələ barədə deyib: "Başa düşürdülər ki, nə qədər Hökümə Qurbanova var, onlar ailə qura bilməyəcəklər. Vəssalam..." Həmkarı həyatının sonunadək Vəfanı unuda bilməyib. 

Vəfaya ən böyük vəfasızlığı həyatın özü edib. O, ömrünün də, yaradıcılığının da gözəl çağlarında dərmansız dərdə düçar olub. Xərçəng xəstəliyi Əməkdar artist Vəfa Fətullayevanı 41 yaşında, 1987-ci il mayın 21-də həyatdan qoparıb. O vaxt Vəfa ilə eyni xəstəlikdən, eyni xəstəxananın ayrı palatasında müalicə alan Hökümə Qurbanova qızının vəfat etdiyini eşidəndə fəryadı bütün xəstəxananı bürüyüb.

Vəfa Fətullayeva Yasamal qəbiristanlığında dəfn olunub. Atası onun yoxluğuna dözməyib. Nüsrət Fətullayev yeganə övladının vəfatından iki ay sonra dünyasını dəyişib. Hökümə Qurbanova isə Vəfadan sonra bircə il yaşayıb. O da 1988-ci ildə vəfat edib.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Избранный
24
azerbaijan-news.az

1Источники