RU

"4Sİ Akademiyası" çərçivəsində "Milli Proqram"ın növbəti mərhələsinə start verilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən "4Sİ Akademiyası" çərçivəsində "Milli Proqram"ın 4-cü mərhələsinə start verilib. 

Proqram çərçivəsində növbəti 7500 vətəndaş "Coursera" onlayn təhsil platformasındakı təlimlərdən 6 həftə ərzində ödənişsiz istifadə imkanı qazanıb.

Nazirlikdən verilən məlumata görə, aprel ayından başlayan "Milli Proqram"da ümumilikdə 22 min 500 nəfər onlayn təhsil platformasından ödənişsiz yararlanıb. Vətəndaşlar 120 minə yaxın təlimə qoşulub. Təlimləri uğurla başa çatdıranlar 41 mindən çox beynəlxalq sertifikat əldə ediblər. İstifadəçilər daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük veriblər. Bununla yanaşı, layihələrin idarə olunması, yumşaq bacarıqlar, kibertəhlükəsizlik, eləcə də biznes sahəsi üzrə təlimlərə böyük maraq qeydə alınıb.

"Milli Proqram" çərçivəsində istifadəçilər ən çox 10 təlimə müraciət ediblər. Bunlar "Süni intellekt hamı üçün", "Layihələrin idarə olunmasının əsasları"," Süni intellektə giriş", "Data elminin əsasları: Data hər yerdə", "Liderlik bacarıqları", "Süni intellekt, biznes və gələcəyin peşələri",  "Data elmi nədir?", "İngilis dilində peşəkar e-mail yazışmaları" və "Layihələrin idarə olunmasına giriş" adlı təlimlərdir. Avqust ayından etibarən "Milli Proqram" çərçivəsində "Coursera" platformasında daha 5 təlim Azərbaycan dilinə dublyaj olunub. Beləliklə, hazırda 15 ən çox tələb olunan təlim Azərbaycan dilində təqdim edilir. "Milli Proqram" çərçivəsində daha bir yenilik yerli təhsil müəssisələrinin və özəl şirkətlərin "Course Builder" aləti vasitəsilə öz təlim və kurslarını "Coursera" platformasına inteqrasiya etməyə başlamasıdır.

Qeyd edək ki, "Milli Proqram" istifadəçiləri üçün "Coursera" platformasında Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də "Microsoft", "Google", "Meta", IBM, "AWS", "Oracle", "Gitlab", "Intel", SAP, "Salesforce" kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətinin 12 mindən çox sahəvi kurs və təlimi əlçatandır.

"Milli Proqram"ın əsas məqsədi ölkəmizdə rəqəmsal transformasiyanı sürətləndirmək, vətəndaşların Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasına dəstək verməkdir. Proqram çərçivəsində bir il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan "Coursera"da təlimlərdən faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq, müəyyən edilmiş saytda qeydiyyatdan keçərək bu imkandan yararlana bilərlər.

Proqram SOCAR, "Paşa Holdinq", BP, ÆOCAP və "Azerconnect Group" kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

Ötən  il "4Sİ Akademiyası"nın pilot mərhələsində 10 min nəfər "Coursera"dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə "Coursera" şirkəti tərəfindən "Üstün Nailiyyət Mükafatı 2024" müsabiqəsinin "Süni İntellekt İnnovasiyası" kateqoriyası üzrə qalib olub. 

Onu da xatırladaq ki, İqtisadiyyat Nazirliyinin tabeliyində qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr sırasında yer almasının təmin edilməsi məqsədilə "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi Prezident  İlham Əliyevin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb.

Mərkəzin missiyası Dördüncü Sənaye İnqilabının yaratdığı imkanlardan maksimum istifadə edilməsi və ölkəmizin bu sahədə mövqeyinin gücləndirilməsi məqsədilə yerli və beynəlxalq qurumlarla əməkdaşlığı və əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə strategiyaların və layihələrin təhlilini, eləcə də koordinasiyasını həyata keçirməkdən ibarətdir. Hədəfləri isə  rəqəmsal iqtisadiyyatın inkişafına dəstək vermək və ölkəmizin Dördüncü Sənaye İnqilabı texnologiyalarının faydalarından bəhrələnməsini və bu sahədə qabaqcıl dövlətlər sırasında qərarlaşmasını təmin etməkdir.

Flora SADIQLI,

"Azərbaycan"

Избранный
28
4
azerbaijan-news.az

5Источники