Kreml Azərbaycan və Ermənistan arasında ABŞ-nin iştirakı ilə Zəngəzur dəhlizi razılaşmasının əldə olunması perspektivindən olduqca narahatdır. Rusiya təbliğatı bu narahatçılığı və narazılığı, hətta hiddəti gizlətməkdə acizlik çəkir…
Moderator.az “AzPolitika”ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı və anti-Azərbaycan təbliğatının ən həyasız simalarından biri olan Konstantin Zatulin özünün “Telegram” kanalında Ermənistanın Vaşinqtonda danışıqlarda iştirakını kəskin tənqid edərək, bunun qarşıdan gələn sövdələşmənin “ən alçaq tərəfi” adlandırıb.
"Bütün dünyanın Putinin Trampla görüşünü təxmin etdiyi bir vaxtda Rusiyanın iki sadiq dostu - İlham Əliyev və Nikol Paşinyan ABŞ Prezidentinin nəzarəti altında saziş bağlamaq üçün Vaşinqtona tələsdilər. Onların sülh müqaviləsini imzalayacaqları, yoxsa müvəqqəti memorandumla məhdudlaşacaqları tam aydın deyil. Ancaq aydın görünür ki, bu, ABŞ-nin regiona gəlişi və Rusiya ilə İranın bununla barışmağa məcbur olması deməkdir… Türkiyə Paşinyandan istifadə edərək, Ermənistan vasitəsilə Azərbaycana, Xəzər dənizinə və Orta Asiyaya çıxacaq. ABŞ və NATO isə əlavə olaraq, bundan öz bonusunu alacaq. Ümumiyyətlə, Vaşinqtondakı görüşün görünməz iştirakçıları Türkiyə, Rusiya və İran, bəlkə də İsrail olacaq. Əgər Türkiyə və İsrail, eləcə də ABŞ və Azərbaycan üçün bu, istəklərin həyata keçirilməsi, milli maraqlar adlandırılan şeylərin həyata keçirilməsi olacaqsa, Rusiya və İran üçün təsir imkanlarını itirmək perspektividir.
Bütün bunlarda ən mənfur şey Ermənistanın iştirakıdır. Paşinyanı boynuna mindirməklə onun seçiciləri həm özlərinə, həm də Ermənistana hökm çıxarıblar. Burada Ermənistan üçün heç bir milli mənafe qoxusu yoxdur… Vaşinqton görüşü iştirakçılarının nümayişkəranə şəkildə mübahisə etdiyi Rusiya ilə nəyinsə razılaşdırılması zərurəti itib”.
Zatulin əlavə edib ki, Rusiyanın Qafqazdan göz görə-görə sıxışdırılması onun rəhbərliyinin bir sıra yanlış hesablamalarının, ən əsası isə Ukraynadakı müharibənin nəticəsidir. O qeyd edib ki, Rusiyanın daha böyük geosiyasi itkilərə məruz qalmaması üçün Ukraynadakı müharibəni mümkün qədər tez bitirmək və sülh bağlamaq lazımdır.
Əslində, Zatulinin bu dedikləri Kremlin öz qonşularına qarşı səhv aqressiv, yırtıcı siyasətinin Rusiyanın özünə baha başa gəldiyinin etirafıdır. Ancaq nə Kreml, nə də Zatulin kimilər bundan dərs çıxarmır. Əksinə, Zatulin bu açıqlaması ilə Kremli, Ukraynada savaşı bitirib, öz “enerjisini”, yəni, təxribat, təhdid və təzyiqlərini digər istiqamətlərə, o cümlədən Cənubi Qafqaza yönəltmək çağırışıdır.