RU

ABŞ Azərbaycanın neft-qaz sektorunda iştirakını təzələdi – SOCAR - “ExxonMobil” sazişi...


Məlum olduğu kimi, Prezident İlham Əliyev ABŞ-də işgüzar səfərdədir. Səfər zamanı Prezident İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Qeyd edək ki, sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıb.

“Əməkdaşlıq haqqında Memorandum”un nə kimi əhəmiyyəti var?

Vüqar Bayramov: “SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanması enerji sahəsində ölkələrarası münasibətlərin dərinləşməsinə imkan verəcək”

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri bir çox cəhətdən tarixi əhəmiyyət kəsb edir. Bu səfər çərçivəsində Azərbaycanla Amerika arasında iqtisadi əməkdaşlıq güclənib: “Bu əməkdaşlığın güclənməsi iqtisadi sferada daha qabarıq şəkildə görsənir. Son iki ildə ölkələr arasında ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb. Bu da həm iqtisadi, həm də ticari sahədə əməkdaşlığın güclənməsindən xəbər verir. Xüsusən 2025-ci il əməkdaşlıq baxımından vacib, yaddaqalan illərdən biridir”.

Millət vəkilinin sözlərinə görə, SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanması enerji sahəsində ölkələrarası münasibətlərin dərinləşməsinə imkan verəcək: “Bu saziş qarşılıqlı olaraq həm investisiya qoyuluşlarının həyata keçməsi, həm texnologiyanın transferi, həm də enerji sahəsində yeni layihələrin icra olunmasına imkan yaradacaq. Bu səbəbdən də məlum əməkdaşlıq hər iki ölkə üçün dövlət gəlirlərinin artırılması baxımından yeni imkanlar deməkdir. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir”.

İlham Şaban: “Bu layihə yaxın 3 ildə Azərbaycanın enerji sektoruna çox böyük töhfə verə bilər”

İqtisadçı-ekspert İlham Şaban “Bakı-Xəbər”ə şərhində bildirdi ki, SOCAR-la “ExxonMobil” arasında imzalanan “Əməkdaşlıq haqqında Memorandum” bu ilin iyun ayında Bakı Enerji Həftəsində SOCAR-la “ExxonMobil” arasında kəşfiyyat işlərinin aparılmasına dair imzalanmış sənədin davamıdır: “Amerikanın neft şirkəti Azərbaycanın qərb hissəsindən, Yevlaxdan başlayaraq qərb istiqamətində bir neçə sahə üzrə yerin dərin qatlarında neft laylarının aşkarlanması yönümündə kəşfiyyat işləri aparacaq. Bu isə yaxın 3 ildə Azərbaycanın enerji sektoruna çox böyük töhfə verə bilər. Bu, 2030-cu ildən sonra neftlə bağlı ehtiyatlara kifayət qədər təsir edə biləcək bir amil ola bilər. Hər şey bundan sonra praktik olaraq görülən işlərin nəticəsindən asılı olacaq”.

Günel CƏLİLOVA

Избранный
67
50
baki-xeber.com

10Источники