RU

Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb

BAKI, TurkicWorld

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 28 iyul – 1 avqust tarixlərində Goranboy Olimpiya İdman Kompleksində “Gənclər Düşərgəsi” keçirilib.

TurkicWorld xəbər verir ki, beş gün davam edən bu düşərgə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən seçilmiş 50 aktiv gənc bir araya gələrək həm biliklərini artırmaq, həm də şəbəkələşmək imkanı əldə edib. Gənclər üçün müasir əmək bazarının tələblərinə uyğun, praktik bacarıqların inkişafına yönəlmiş bir sıra təlimlər təşkil olunub. Təlim mövzularına “Karyera planlaması”, “Layihələrin yazılması və idarə olunması”, “Mobiloqrafiya” və “Sosial Media Marketinqi və Şəxsi Brendinq” daxil olub. Təcrübəli mütəxəssislər və təlimçilər tərəfindən keçirilən sessiyalar gənclərin maraq və fəallığı ilə müşayiət olunub.

Düşərgə yalnız təlimlərlə məhdudlaşmayıb. İştirakçılar üçün əyləncəli və maarifləndirici tədbirlər, intellektual oyunlar və idman yarışları da təşkil edilib. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış böyük maraqla qarşılanıb və gənclər arasında ciddi rəqabətə səbəb olub. Eyni zamanda keçirilən şahmat turniri və futbol yarışları da düşərgənin ən həyəcanlı və yadda qalan anları sırasında yer alıb.

Düşərgənin əsas məqsədi gənclərin intellektual, sosial və şəxsi inkişafına töhfə vermək, onların bir-birilə qarşılıqlı təcrübə mübadiləsini təşviq etmək və komanda ruhunu gücləndirmək olub.

Избранный
5
turkic.world

1Источники