RU

Alimlər Yerə yaxın ulduz sistemində nəhəng qaz planetinə dair yeni izlər aşkarlayıblar

London, 8 avqust, AZƏRTAC

Alimlər Yerə ən yaxın ulduz sistemlərindən biri olan Alfa Sentavrada nəhəng qaz planetinin mövcudluğuna dair güclü sübutlar aşkarlayıblar.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, təxminən dörd yarım işıq ili uzaqlıqda yerləşən bu planet həyat üçün əlverişli olmasa da, onun peykləri yaşama uyğun mühitə sahib ola bilər.

Kəşf, güclü “James Webb” kosmik teleskopu vasitəsilə aparılan müşahidələr nəticəsində baş tutub. Planet ötən il müşahidə olunmuş, lakin sonrakı araşdırmalarda görünməz olmuşdu. Alimlər indi onun həqiqətən mövcud olduğunu təsdiqləmək üçün yenidən müşahidələr aparmalı olacaqlar.

Tədqiqatçılar bu potensial planetin ulduzunun Günəşə bənzər xüsusiyyətlərə oxşar temperatur və parlaqlığa malik olmasını xüsusilə maraqlı hesab edirlər. Alimlər hesab edirlər ki, bu planet Saturn və Yupiter kimi qalın qaz təbəqəsi ilə əhatələnmiş nəhəng qaz planetidir. Özündə həyat üçün uyğun şərait olmasa da, onun ətrafında fırlanan peyklər yaşama əlverişli ola bilər.

Qeyd edək ki, Yupiterin və Günəş sistemindəki digər planetlərin bəzi buzla örtülü peykləri alimlər tərəfindən potensial həyat mənbəyi kimi öyrənilir. Bu istiqamətdə “Europa Clipper” və “Juice” adlı missiyalar çərçivəsində araşdırmalar davam edir.

Lakin həmin peyklər Günəşdən xeyli uzaqda yerləşir. Alfa Sentavr ulduz sistemindəki bu ehtimal edilən planet isə öz ulduzuna daha yaxın məsafədədir ki, bu da onun ətrafındakı peyklərin yaşama daha uyğun şəraitə sahib olması ehtimalını artırır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
84
azertag.az

1Источники