RU

Ekspert: 907-ci düzəlişin dayandırılması sülhə xidmət edəcək - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin hazırda Vaşinqtonda gerçəkləşən səfəri, ölkənin xarici siyasət gündəliyində mühüm əhəmiyyət daşıyan iki əsas məsələ ilə diqqət çəkir. Birincisi, Azərbaycan–ABŞ münasibətlərinin strateji səviyyəyə yüksəldilməsini nəzərdə tutan razılaşmanın imzalanmasıdır. İkincisi isə ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçiriləcək görüşdə iki ölkə arasında sülh yolunda mühüm addım hesab ediləcək birgə bəyannamənin imzalanması planlaşdırılır.

Bunu APA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov deyib.

Trampın 907-ci düzəlişi dayandırması: ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə

Onun sözlərinə görə, bugünkü görüşdə ABŞ Prezidenti Donald Trampın 1992-ci ildə qəbul edilmiş Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması ilə bağlı sənədi imzalaması gözlənilir:

“Qeyd etmək lazımdır ki, Azadlığa Dəstək Aktı 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilib və bu qanuna görə ABŞ-ın postsovet məkanında yeni yaranmış müstəqil ölkələrə iqtisadi, maddi və hərbi yardımlar göstərilməsi nəzərdə tutulurdu. Həmin ölkələrdə demokratiyanın inkişafı üçün nəzərdə tutulmuş bu planın arxasında, aydın məsələ idi ki, geosiyasi səbəblər dayanırdı. ABŞ postsovet məkanında öz nüfuzunu və təsir dairəsini artırmağa çalışırdı. Amma burada bir məqam vurğulanmalıdır ki, daha sonra ABŞ-lı senatorların, erməni diasporasının və ABŞ-dakı erməni icmasının lobbiçiliyi nəticəsində bəzi senatorlar, o cümlədən həmin vaxt senator olan Co Bayden, eyni zamanda, senator Con Kerrinin təşəbbüsü ilə Azadlığa Dəstək Aktına 907-ci düzəlişlə bağlı qanun layihəsi təklif olundu və qəbul edildi. 907-ci düzəlişə görə, ABŞ yeni yaranmış postsovet məkanındakı bütün dövlətlərə dəstək göstərirdi, yalnız Azərbaycan istisna olmaqla. Yəni, ABŞ dövləti tərəfindən Azərbaycana maddi və iqtisadi dəstək təmin olunmurdu. Bu isə sözsüz ki, qərəzli yanaşma idi. Həqiqətən də ABŞ-ın Cənubi Qafqaz kimi strateji əhəmiyyətli bir regionun ən mühüm ölkəsi olan Azərbaycana qarşı belə bir addım atması həmin dönəmdə iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdi”.

907-ci düzəliş ABŞ-in əvvəlki administrasiyalarının Azərbaycana qarşı qərəzli siyasətinin nəticəsi idi

Sultan Zahidov 907-ci düzəlişin qəbul edilməsinin səbəbi kimi guya Azərbaycanın Ermənistanı blokadada saxlamasının göstərildiyini xatırladıb: “Halbuki bunun tam əksi baş vermişdi. Aydın məsələ idi ki, həmin vaxt müharibə gedirdi, Ermənistan Azərbaycan ərazilərini işğal edirdi və bütün bunların müqabilində Azərbaycan təbii ki, Ermənistanla sərhədləri bağlamışdı. Bunu bəhanə edərək ABŞ-ın belə bir düzəliş qəbul etməsi, digər bütün ölkələrə yardım göstərib Azərbaycanı bu yardımdan məhrum etməsi həmin dövrdə Vaşinqtonun qərəzli siyasətinin tərkib hissəsi idi. Sonradan, 2001-ci ildə ABŞ Senatının qəbul etdiyi qərarla 907-ci düzəlişi dayandırmaq səlahiyyəti ABŞ Prezidentinə verildi. Həmin vaxt ABŞ Əfqanıstanda müharibə aparırdı, antiterror əməliyyatı həyata keçirirdi və ABŞ-a Azərbaycanın yardımı lazım idi. Azərbaycan həmin dönəmdə terrorla mübarizədə ABŞ-la ciddi şəkildə əməkdaşlıq edirdi, öz hava məkanını və logistik imkanlarını ABŞ üçün açıq elan etmişdi. Məhz bu səbəbdən də ABŞ prezidentləri 2001-ci ildən etibarən hər il 907-ci düzəlişi dayandırdılar. Eyni zamanda, Azərbaycan Əfqanıstana sülhməramlı missiya göndərdi ki, bu da Azərbaycanın ABŞ-ın antiterror əməliyyatına dəstəyinin nümunəsi idi. Sonradan, xüsusilə də ABŞ qoşunları Əfqanıstandan çıxdıqdan sonra, Bayden hakimiyyəti dövründə 907-ci düzəliş yenidən gündəmə gətirildi. Həm Bayden, həm də dövlət katibi Blinken dövründə bu məsələ ədalətsiz və qərəzli şəkildə Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olundu. 2023-cü ildə ABŞ Senatı “Armenia Protection Act” qəbul etdi və eyni zamanda, 907-ci düzəlişin yenidən qüvvəyə minməsi barədə qərar qəbul etdi. Bu, Blinken rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyinin bariz nümunəsi idi və həmin siyasət onların erməni diasporu ilə yaxın əlaqələri ilə izah olunmalıdır. Çünki 1992-ci ildə 907-ci düzəlişin təşəbbüskarlarından biri də həmin vaxt senator olan Co Bayden idi. Əfsuslar olsun ki, ABŞ həmin dövrdə Qafqaz siyasətini düzgün qiymətləndirmədi, Azərbaycanın strateji rolunu dəyərləndirmədi və nəticədə Qafqazdakı təsir imkanlarını xeyli itirdi. Bu gün isə mənzərə tamamilə fərqlidir. Donald Trampın prezidentliyi dövründə ABŞ Cənubi Qafqaz və Azərbaycana yönəlik daha konstruktiv addımlar atmağa başladı. Dövlət başçısına təbrik məktubu göndərildi, ABŞ Prezidenti Donald Trampla Prezident İlham Əliyev arasında telefon danışıqları baş tutdu və Trampın nümayəndələri, o cümlədən Stiv Uitkoff başda olmaqla, Bakıya səfərlər etdilər. Bu, Trampın Qafqazda Azərbaycanın strateji rolunun əhəmiyyətini daha dərindən anladığını və Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini göstərirdi”.

Trampın 907-ci düzəlişi dayandırması Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq

Siyasi ekspert qeyd edib ki, bu gün bunun nəticəsində də Vaşinqtonda məhz Donald Trampın dəvəti ilə Prezident İlham Əliyev və Donald Tramp arasında əvvəlcə ikitərəfli, daha sonra Ermənistanın Baş nazirinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək və mühüm sənədlər imzalanacaq: “Eyni zamanda, Donald Trampın 907-ci düzəlişin dayandırılması ilə bağlı sənədi imzalaması da gözlənilir ki, bu, ABŞ–Azərbaycan münasibətlərində yeni bir mərhələnin əsasını qoyacaq. ABŞ-ın Donald Tramp dövründə daha konstruktiv, realpolitik və praqmatik siyasət yürüdəcəyinə işarə edən bu addımlar, həm də Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına böyük töhfə verəcək. Çünki hər şeydən əvvəl biz bilirik ki, Donald Trampın xarici siyasətində sülh yaratmaq prinsipi üstünlük təşkil edir. ABŞ artıq əvvəlki kimi müharibə yaradan deyil, sülh yaradan dövlət kimi təqdim olunmağa çalışır və bu baxımdan Qafqazda sülhün təmin olunması onun xarici siyasət strategiyasının əsas elementlərindən biridir. Ümumilikdə götürsək, 907-ci düzəliş ədalətsiz və qərəzli bir qərar idi. İşğala məruz qalan dövlətə yardım edilməməsi, əksinə, işğalçı dövlətə – Ermənistana yardım göstərilməsi, sözün əsl mənasında, ədalətsizliyin və qərəzin nümunəsidir. Məhz bunun nəticəsində ABŞ-ın 1990-cı illərdə və xüsusilə də Bayden–Blinken dövründə Qafqaz siyasətini və Azərbaycanın rolunu düzgün qiymətləndirməməsi səbəbindən bölgədə təsir imkanları xeyli zəifləmişdi. İndi isə Donald Tramp Bayden administrasiyasının səhvlərini düzəldərək Azərbaycan–ABŞ münasibətlərinə yeni nəfəs vermək niyyətindədir və bugünkü Vaşinqton görüşündə biz bunun şahidi olacağıq”.

Избранный
15
50
apa.az

10Источники